2026 Dünya Çempionatında Qızıl Buts Uğrunda Mübarizə
2026 dünya çempionatında qrup mərhələsi yekunlaşmağa yaxınlaşdıqca, qızıl buts yarışı klassiklərdən birinə çevrilir. Sanki son on ilin bütün hücum ulduzları eyni səhnədə toplaşıb və heç kim geri çəkilmək niyyətində deyil.
Bu an üçün önə çıxan ad isə yenə də eynidir: Lionel Messi.
Messi yenə səhnənin mərkəzində
Argentina ulduzu əvvəlcə Əlcəzairə qarşı het-trik, ardınca Avstriyaya qarşı dubl ilə turnirin bombardirlər cədvəlinin zirvəsinə təkbaşına yüksəlib. Penalti qaçırdığı an belə onu oyundan salmadı, əksinə, klassik Messi reaksiyası gəldi: daha aqressiv, daha tələbkar, daha həlledici.
Hazırda onun hesabında 5 qol var və qızıl buts üçün ilk sırada dayanır. Bu, sadəcə rəqəm deyil, 39 yaşına yaxınlaşan bir dahinin hələ də ən böyük səhnədə oyuna damğa vura bildiyinin sübutudur.
Mbappe və Haaland təqibə keçib
Messinin arxasında iki nəhəng addımlayır. Kylian Mbappe və Erling Haaland – hər ikisi 4 qolla ikinci pilləni bölüşür.
Fransa kapitanı üçün gün asan keçməyib. Güclü hava şəraiti səbəbindən oyunun startı təxminən iki saat ləngidi, ritm pozuldu, gərginlik artdı. Amma top dönüb onun ayağına gələn kimi fərqini göstərdi. Mbappe dublunu tamamladı və yarışa qayıtdığını açıq şəkildə elan etdi.
Erling Haaland da geri qalmadı. Norveçin bombardiri öz üslubunda – minimal toxunuş, maksimal effektivlik. Daha bir dubl və cədvəldə Mbappe ilə eyni səviyyədə. Norveçin turnirdə nə qədər irəli gedəcəyi bəlli deyil, amma Haaland meydanda olduğu müddətcə qızıl buts söhbətindən onu kənarda saxlamaq mümkün deyil.
Ronaldo tənqidlərə cavab verdi
Turnirin ilk oyunundan sonra Cristiano Ronaldo haqqında suallar çoxalmışdı. Bəziləri onun Portuqaliyanın hücum ritmini ləngitdiyini düşünürdü, bəziləri isə artıq bu səviyyə üçün yetərli olmadığını deyirdi.
Özbəkistana qarşı matç həmin səs-küyə bir cavab oldu. Ronaldo möhtəşəm dubl ilə geri döndü, yalnız qollarla yox, həm də ümumi oyuna təsiri ilə fərqləndi. Bununla da hesabını 2 qola və 1 məhsuldar ötürməyə çatdıraraq qızıl buts yarışında birdən-birə ön sıralara atıldı.
O, hazırda 2 qol və 1 assistlə sıralamada sıçrayış edib və bir daha göstərib ki, onu vaxtından əvvəl silmək təhlükəli vərdişdir.
Almaniyanın sürpriz adı: Deniz Undav
İlk üçlüyün arxasında gələn ən maraqlı ad Deniz Undavdır. Almaniyanın hücumçusu 3 qol və 2 assistlə yalnız rəqib qapılarını deyil, statistikanı da işğal edib. O, 3 qolu olan digər oyunçulardan məhz məhsuldar ötürmələri sayəsində irəlidədir.
Jonathan David də 3 qolla Kanadanın ümidini daşıyır və şimal təmsilçisinin bu turnirdə asan rəqib olmayacağını göstərir.
Geniş cəbhə: meydanda ulduz axını
Messi, Mbappe, Haaland, Ronaldo ön sıralarda olsa da, arxada gözləyənlərin sayı az deyil. Qızıl buts üçün mübarizə təkcə bir-iki adın dueli deyil, tam bir ulduz karvanıdır.
2 qol və 1 assistlə böyük bir qrup eyni sırada dayanır: Vinicius Jr, Cody Gakpo, Crysencio Summerville, Mikel Oyarzabal, Maximiliano Araujo, Ayase Ueda və Ronaldo ilə eyni göstəriciyə malik digər hücumçular.
Onların arxasınca isə daha bir dalğa gəlir – 2 qolla, amma hələ assistsiz olanlar: Harry Kane, Matheus Cunha, Yasin Ayari, Elijah Just, Kai Havertz, Johan Manzambi, Cyle Larin, Ismael Saibari, Folarin Balogun, Brian Brobbey, Daichi Kamada, Ismaila Sarr.
Xüsusən də Harry Kane adı bu siyahıda diqqət çəkir. İngiltərə kapitanı hələ ötürümsüz olsa da, qrupun son oyununda və daha sonra potensial pley-off matçlarında bu rəqəmləri partlada biləcək oyunçulardandır. Onun üçün bu, təkcə qızıl buts yarışı deyil, həm də öz nəslinin ən sabit bombardiri statusunu bir daha təsdiqləmək şansıdır.
Qaydanı incəliklər müəyyən edəcək
Bu yarışda sadəcə qol vurmaq kifayət deyil. Turnirin rəsmi qaydalarına görə, bərabərlik olarsa əvvəlcə assistlərin sayı nəzərə alınacaq. Burada artıq Undav kimi oyunçular üstünlük qazanır.
Əgər asistlər də bərabər olarsa, bu dəfə səhnəyə başqa detal çıxır – meydanda keçirilən dəqiqələr və qol-per-deqiqə nisbəti. Yəni az oynayıb çox vuran qazanacaq. Bu da xüsusilə rotasiya olunan ulduzlar üçün əhəmiyyətli faktordur.
Həlledici mərhələ yaxınlaşır
Qrup mərhələsinin son oyunları qarşıdadır. Kane, Undav, Vinicius Jr və digərləri üçün bu, həm öz komandalarını pley-offa daşımaq, həm də fərdi mükafat yarışına möhkəm daxil olmaq şansıdır.
Messi zirvədədir, Mbappe və Haaland nəfəsini onun ensəsində hiss etdirir, Ronaldo isə bir oyunda oyunu dəyişmək gücünə malik olduğunu yenidən sübut edib.
Qalan sual budur: bu dəfə tarix kimin ayağına yazılacaq?



