Caspian Sport

Achraf Hakimi barəsindəki təcavüz ittihamı: Məhkəmə prosesi başlayır

Fransız məhkəməsi Paris Saint-Germain müdafiəçisi Achraf Hakimi barəsində irəli sürülən təcavüz ittihamı üzrə onun məhkəmə qarşısına çıxacağını rəsmən təsdiqləyib. 27 yaşlı marokkolu futbolçu isə artıq açıq şəkildə bildirir: bu prosesi səbirsizliklə gözləyir.

Hakimi sosial şəbəkə hesabında ittihamları qəti şəkildə rədd edib və qarşıdakı məhkəmənin ona “danışmaq” imkanı verəcəyini vurğulayıb. Ulduz müdafiəçi uzun müddətdir susqunluq zəncirini qıracağı günə işarə edir.

Hadisənin kökləri 2023-cü ilin fevralına gedib çıxır. Val-de-Marne bölgəsində 24 yaşlı bir qadın polisə müraciət edərək Hakimini təcavüzdə günahlandırıb. O, ifadəsində bildirmişdi ki, oyunçu ilə həmin ilin yanvarında Instagram üzərindən tanış olub, daha sonra isə futbolçunun sifariş etdiyi taksi ilə onun evinə gedib.

Məhkəmə sənədlərinə və polis mənbələrinə görə, qadın Hakiminin onu öpməyə çalışdığını, iradəsi xaricində toxunduğunu və daha sonra zorla cinsi əlaqəyə məcbur etdiyini iddia edir. O, özünü çətinliklə də olsa ondan qopara bildiyini, dərhal bir dostuna mesaj yazdığını və həmin dostunun onu evdən götürdüyünü deyib.

Bu müddət ərzində Hakimi bütün ittihamları inkar edib. PSG-nin oyunçusu və eyni zamanda Mərakeş millisinin kapitanı olan futbolçu, milli komanda ilə hazırda dünya çempionatında mübarizə aparır, Şotlandiyaya qarşı ikinci oyuna hazırlaşdığı gün məhkəmə qərarı açıqlanır. İdman meydanındakı liderlik rolu, karyerasının ən həssas hüquqi sınağı ilə paralel gedir.

Məhkəmə prosesinin başlanma tarixi hələ müəyyən edilməyib. İş Hauts-de-Seine departamentinin cinayət məhkəməsində görüləcək. Yəni, qərar var, amma tarix hələ yoxdur. İndilikdə tərəflər yalnız bu qərarın yaratdığı psixoloji fonla yaşamalıdır.

Hakiminin vəkili Fanny Colin məhkəmənin qərarını gözlənilən addım kimi dəyərləndirib: “Bu təsdiq gözlənilən idi. Burada onun nədə isə təqsirli olduğunu deyən heç nə yoxdur, o, müdafiəsində qətiyyətli olaraq qalır”, – deyə vəkil bildirib. Müdafiə tərəfi mesajı aydındır: məhkəmə prosesi günahın deyil, sadəcə ittihamın mövcudluğunu təsdiqləyir.

Digər tərəfdə isə tam fərqli bir emosional yük var. İddiaçının vəkili Rachel-Flore Pardo bu qərarın müvəkkili üçün “rahatlıq və ümid” gətirdiyini deyib. Onun üçün bu, uzun və ağır bir mübarizənin növbəti, amma həlledici ola biləcək mərhələsidir.

İndiyə qədər mətbuatdan uzaq qalan qadın ilk dəfə bu həftə Mediapart nəşrinə danışıb. Təxəllüs kimi “Jeanne” adından istifadə edən iddiaçı, niyə susqunluğunu pozduğunu belə izah edib: o, məhkəmə istəyir – “özümü müdafiə etmək, eşidilmək” üçün.

“Özümü izah etmək istəyirəm. İnsanların mənə inanmasını istəyirəm”, – deyə o, əlavə edib. Bu cümlələr sadəcə hüquqi mübarizənin yox, şəxsi ədalət axtarışının da tonunu müəyyənləşdirir.

İndi iş məhkəmə zalına keçir. Bir tərəfdə dünya səhnəsində parlayan, PSG və Mərakeş millisinin simasına çevrilmiş ulduz müdafiəçi. Digər tərəfdə isə illərdir susduğunu deyən, indi isə sözünü yalnız hakim qarşısında demək istəyən bir qadın.

Futbol meydanında nəticə 90 dəqiqədən sonra tabloya yazılır. Bu dəfə isə yekun qərarı yalnız məhkəmə verəcək.