Afrika futbolu 2025-ci il Afrika Millətlər Kubokunun finalından sonra hələ də silkələnir. Səbəb meydanda vurulan qol deyil, “kağız üzərində” verilən titul qərarıdır. CAF-in kuboku final oynanmadan Mərakeşə verməsi Senegalda idman camiəsini ayağa qaldırıb, ədalətsizlik ittihamlarını alovlandırıb və siyasi səviyyəyə qədər yüksələn böhran yaradıb.
Senegal geri çəkilməsini əsaslandırır
Senegal Futbol Federasiyası geri addım atmaq niyyətində deyil. Rəsmi Dakar mövqeyini sərtləşdirib və dosyeni birbaşa CAS-a daşıyıb. Apellyasiya ərizəsində vurğulanır ki, yığmanın finaldan imtinası “qaçılmaz və məcburedici şərait” altında baş verib və bu amillər nəzərdən kənarda qala bilməz.
Bu qərar qitə futbolunu əvvəllər görünməmiş hüquqi və siyasi burulğana salıb. Tribunalar susmur, sosial şəbəkələr qaynayır, meydanda bitməli olan turnir indi məhkəmə zallarında davam edir.
CAF-in açıqlamaları gərginliyi azaltmaq üçün kifayət etməyib. Qurum balanslı ton tutmağa, hər iki tərəfə anlayış mesajları verməyə çalışsa da, Dakarda ictimai və siyasi təzyiq dalğası böyüyüb. Nəticədə, məsələ artıq sadəcə bir final oyununun taleyi deyil, Afrika futbolunun idarə olunmasına etimad məsələsinə çevrilib.
Motsepe səhnəyə çıxır
Bu fonunda CAF prezidenti Patrice Motsepe özü ön plana çıxmaq məcburiyyətində qalıb. Afrika mediasının məlumatına görə, o, yaxın saatlarda rəsmi səfərlə Dakarın yolunu tutur. Məqsəd açıqdır: alovlanan gərginliyi yumşaltmaq, dialoq kanallarını bərpa etmək və hüquqi mübarizə dərinləşməmiş, masada danışıq imkanlarını qorumaq.
Senegallı jurnalist Lassana Camaranın bildirdiyinə görə, səfərin proqramı kifayət qədər həssas görüşlərdən ibarətdir. Motsepe əvvəlcə Senegal Futbol Federasiyasının prezidenti Abdoulaye Fall ilə masa arxasına oturacaq, daha sonra isə ölkə prezidenti Bassey Diomaye Faye ilə qapalı qapılar arxasında görüş keçirəcək.
Bu təkcə protokol jesti deyil. CAF rəhbərinin birbaşa dövlət başçısı ilə görüşü, böhranın sırf idman çərçivəsini aşdığını, siyasi çəkisi olan məsələyə çevrildiyini açıq göstərir. Söhbət artıq kubokdan çox, qitə futbolunun idarəçiliyinə inamdan gedir.
“Teranga” qapıları açır
Bütün bu gərginliyə baxmayaraq, Dakar qapıları bağlamır. Əksinə, Senegal Futbol Federasiyasının prezidenti Abdoulaye Fall mesajını açıq şəkildə verib: ölkə CAF rəhbərini “açıq qollarla” qarşılayacaq.
O, Motsepeyə ünvanladığı video müraciətdə Senegalı yenə öz brend sözü ilə təqdim edib: “Senegal Teranga diyarıdır, Teranga isə xoş gəlmisiniz deməkdir. Biz burda bütün afrikalıları qarşılayırıq.”
Fall sözünə davam edib, tonunu həm barışdırıcı, həm də prinsipial saxlayaraq: “Prezident Motsepe Senegala gəlməyə qərar verib. O, qarşılanacaq. Hamımız afrikalıyıq və bu ölkə onun ölkəsidir də.”
Bu cümlələr təkcə nəzakət jesti deyil, həm də siyasi siqnaldır. Dakar dialoqa açıq olduğunu göstərir, amma eyni zamanda, öz mövqeyindən geri çəkilmədiyini, ədalət tələbini gündəmdə saxladığını da gizlətmir.
Afrika futbolunun sınaq anı
Motsepenin Dakar səfəri bu böhranda dönüş nöqtəsinə çevrilə bilər. Çünki indi sual təkcə Mərakeşin “kağız üzərində” çempionluğunun taleyi deyil. Söhbət CAF-in öz nüfuzunu necə qoruyacağından gedir.
Qitə futbolunun ali qurumu bu böhranı sakit, şəffaf və ədalətli şəkildə idarə edə bilsə, bir çox zədələnmiş körpünü yenidən bərpa etmək şansı var. Əks halda, Senegal–Mərakeş finalı illər boyu yalnız qaçırılmış oyun kimi deyil, Afrika futbolunun etibar böhranının simvolu kimi xatırlanacaq.
İndi baxışlar Dakarın üzərində cəmlənib. Masanın bir tərəfində özünü haqsızlığa uğramış sayan, CAS-a üz tutmuş Senegal; digər tərəfində isə mübahisəli qərarına görə tənqid olunan, amma qitə futbolunun sükanını əlində saxlayan CAF.
Motsepenin bu səfərdən sonra Afrikanın futbol ailəsini yenidən eyni masa arxasına toplayıb-toplaya bilməyəcəyi, qitənin oyuna olan inamını necə formalaşdıracağını müəyyən edəcək. Çünki bəzən bir finaldan çox şey asılı olur. Burada da elədir.





