Afrika qitəsi 77 gündür ki, rəsmi çempionsuzdur. Səbəb sadəcə bir oyun deyil, finala aparan yolda yığılan narazılıqlar, şübhələr və indi artıq açıq şəkildə səslənən ittihamlardır. İspaniyanın AS nəşrinin yazdıqları, bu qalmaqalın arxasındakı gərginliyi daha da açıq göstərir.
Seneqalı qızışdıran yol: otel, baza, bərabərsizlik hissi
Hekayə hələ finaldan əvvəl, Seneqalın Mərakeşə ayaq basdığı andan başlayıb. “Təranqanın şirlər”i əvvəlcə Tanjerdəki dəbdəbəli oteldə yerləşdirilməli idilər. Sonra plan dəyişdi. Komanda CAF-ın təsdiqlədiyi siyahıda belə yer almayan Al-Rihab kompleksinə köçürüldü.
Seneqal Futbol Federasiyası rəsmi etiraz etdi. Cavab kimi onlara Rabatın kənarındakı Amfitrit Hotel təklif olundu. Kağız üzərində “kompromis”, amma Seneqal tərəfi üçün bu, bərabər şərtlərdən daha bir uzaqlaşma idi.
Gərginlik bununla bitmədi. Komandanın məşqləri üçün onlara Mohammed VI İdman Kompleksi ayrıldı – Mərakeş yığmasının hazırlıq düşərgəsi kimi istifadə etdiyi eyni baza. Seneqallılar bunu bərabər imkanlar prinsipinin pozulması kimi gördülər. Düşüncələri açıq idi: məşqlər izlənilə, taktiki planlar sızdırıla bilərdi. Güvənsizlik toxumu artıq səpildi.
Təşkilati xaos və tribunada qığılcımlar
Rabatda qarşılanma da vəziyyəti sakitləşdirmədi. Seneqal nümayəndə heyəti təhlükəsizlik və biletlə bağlı ciddi narazılıqlar qaldırdı. Onlar zəif təşkilatçılıqdan, azarkeşlər üçün biletlərin “ədalətsiz bölgüsü”ndən şikayətləndilər. Finaldan cəmi bir neçə saat əvvəl Seneqal tərəfi ictimai şəkildə “qanun pozuntuları” barədə xəbərdarlıq edirdi.
Belə atmosferdə final gecəsinin partlayışa hazır olması təəccüblü deyildi.
Final gecəsi: ləğv olunan qol, penalti, meydanı tərk edən komanda
Moulay Abdallah stadionunda axşam başlayanda söhbət yalnız futboldan getməli idi. Amma meydanda baş verənlər qitənin ən nüfuzlu turnirlərindən birini idarəçilik böhranının mərkəzinə çevirdi.
Seneqalın mübahisəli qolu ləğv olundu. Az sonra Mərakeş penalti qazandı. Bu qərar sanki artıq yığılmış gərginliyi partlatdı. Seneqal oyunçuları və texniki heyət hakimə qarşı kəskin etiraz etdi, emosiyalar idarədən çıxdı və komanda kütləvi şəkildə meydanı tərk etdi. Onlar bunu “aşkar hakim ədalətsizliyinə” etiraz kimi təqdim etdilər.
Oyuna fasilədən sonra qayıdış isə dramatik idi. Ibrahim Diaz “Panenka” üslubunda penalti zərbəsi vurmağa cəhd etdi, amma top qapıdan yan keçdi. Bu epizod sanki oyunun taleyini dəyişdi. Seneqal əlavə vaxtda qol buraxmadan qalib gəldi və meydanı özünü çempion kimi tərk etdi.
Mərakeş isə hadisələri tam fərqli oxudu. Onların mövqeyi aydındır: meydanın tərk edilməsi rəsmi şəkildə oyundan imtina deməkdir və bu, rəqib üçün 3:0 texniki məğlubiyyətlə cəzalandırılmalıdır. CAF ilk qərarında məhz bu mövqeni qəbul etdi. Amma iş bununla bağlanmadı.
CAS səhnəyə çıxır, CAF içində sarsıntı
Seneqal qərarı Apellyasiya İdman Məhkəməsinə – CAS-a daşıdı və məhkəmə CAF-ın mövqeyini ləğv etdi. Qitə futbolunun mərkəzindəki qeyri-müəyyənlik daha da dərinləşdi.
AS nəşrinin ortaya çıxardığı məlumatlar isə bu dramın kulis arxasını işıqlandırdı. 13 fevralda Dar es Salaam şəhərində keçirilən CAF İcraiyyə Komitəsinin iclasında Hakimlər Komitəsinin rəhbəri Olivier Safary etiraf edib ki, final zamanı hakimə “institusional göstərişlər” verilib. Onun sözlərinə görə, oyunun dayandırıldığı anlarda seneqallı futbolçuları qırmızı vərəqə ilə meydandan qovmamaq tapşırığı olub – əsas məqsəd oyunun davam etməsini təmin etmək idi.
Bu cümlə CAF daxilində dalğalanma yaratdı. Hakimlik qərarlarına müdaxilə, oyunun gedişatına “yuxarıdan” təsir iddiaları, qitə futbolunun etibarlılığını zədələyən ən ağır ittihamlardandır.
Parisdə sərt ton: “fəlakətli” apellyasiya
26 martda Parisdə keçirilən mətbuat konfransında Seneqal Futbol Federasiyasının vəkilləri CAS-dakı apellyasiya dinləməsini “fəlakətli” adlandırdılar. Onların iddiasına görə, hakim artıq əvvəlcədən mövqeyini müəyyənləşdirmiş təsiri bağışlayıb.
Seneqal yalnız bununla kifayətlənmədi. Onlar Apellyasiya Komitəsinin tərkibi ilə bağlı da ciddi sual qaldırdılar. Söhbət vəkil Moez Nasridən gedir. O, həm də Tunis Futbol Federasiyasının prezidentidir. Seneqal tərəfi bunu “hakim rolu ilə yarışın tərəfi rolu arasında açıq ziddiyyət” kimi xarakterizə etdi. Maraq toqquşması iddiaları o qədər güclü oldu ki, hətta CAF prezidenti Patrice Motsepe də Nasrinin həmin komitədə yer almasına təəccübünü gizlətmədi.
Çempionsuz qitə və ikili həqiqət
Nəticə budur: final fitindən 77 gün keçir, Afrika hələ də rəsmi çempionunu tanımayıb. Seneqal deyir ki, titulu meydanda qazanıb. Mərakeş isə iddia edir ki, qanun ona haqq verir.
CAF isə ortada qalıb. Hər iki tərəf qurumu “idarəetmədə zəiflik” və “şəffaflığın olmaması”nda ittiham edir. Qitə futbolunun nüfuzu sarsılıb, azarkeşlər cavab gözləyir, amma sual yerində qalır: Afrika üçün bu final bir dərsə çevriləcək, yoxsa uzun illər xatırlanacaq bir yaraya?





