Alderweireld-dən çağırış: Osimhen-i Arsenal-dan alın
“Tottenham”ın sabiq müdafiəçisi Toby Alderweireld köhnə klubunu cəsarətli addıma səsləyib. O, Şimali London nəhənginə rəqib meydanında zərbə vurmağı, “Arsenal”ın Victor Osimhen üçün apardığı transfer planını pozmağı istəyir.
Belçikalı müdafiəçi hesab edir ki, “Galatasaray”ın hücumçusu Roberto De Zerbi-nin əlində çatışmayan son parça ola bilər. Onun fikrincə, Osimhen “Tottenham”ın hücum xəttini həm say, həm də keyfiyyət baxımından başqa səviyyəyə qaldırar.
Keçən mövsüm uçurumun kənarından qayıdan, ağır düşmə mübarizəsindən sağ çıxan “Spurs” yayda radikal şəkildə dəyişdi. Klub rəhbərliyi riskə getdi, böyük pullar xərclədi və heyəti yenidən qurdu. Şimali London təmsilçisi transfer rekordunu bir yox, iki dəfə qırdı – Mateus Fernandes və Sandro Tonali birlikdə 185 milyon funt sterlinqə başa gəldi.
Bununla da kifayətlənmədilər. Müdafiə xətti və qapı arxası artıq gücləndirilib: Jan Paul van Hecke, Marcos Senesi, Andy Robertson və Martin Dubravka heyətə qatılıb. Amma klub daxilində aydın bir fikir formalaşıb – pəncərə bağlanmamışdan əvvəl əsas prioritet hücumçudur. Sınaqdan çıxmış, qapı qarşısında soyuqqanlı mərkəz hücumçu.
Alderweireld-in Fikri
Alderweireld də məhz bu nöqtəyə toxunur. Onun üçün məsələ aydındır: cinah oyunçuları yox, “9 nömrə” lazımdır.
“Spurs”un adı son aylarda Savinho, Cody Gakpo və Pedro Neto kimi sürətli, kreativ cinah oyunçuları ilə yanaşı çəkilib. Ancaq Alderweireld bu istiqaməti kifayət hesab etmir, fikrini kəskin qoyur: klub bütün gücünü Victor Osimhen tipli saf mərkəz hücumçusuna yönəltməlidir.
O, “Hajper”ə verdiyi müsahibədə bunu açıq deyib: “Spurs Victor Osimhen kimi hücumçu istifadə edə bilər, ona ehtiyacları var, çünki keçən mövsüm çatışmayan da məhz qollar idi”.
Alderweireld həm də böyük klubların tərəddüd nöqtəsinə toxunur – yaş faktoru. “Arsenal”, “Chelsea”, “Liverpool” və “Manchester United” kimi klubların əsas tərəddüdünün də bu olduğunu düşünür: “Yəqin ki, onun yaşı bir az narahatlıq yaradır. Artıq ən gənc oyunçu deyil və hamı elə bil 23 yaşlı superulduz axtarır ki, növbəti yeddi-səkkiz il ərzində qol yağdırıb dursun. Bunu anlayıram, amma yaxşı qarışığa da ehtiyac var”.
Belçikalı müdafiəçi sözü öz karyerasına gətirir. Gənclərlə təcrübəlilərin bir komandada necə partlayış effekti yaratdığını ən yaxşı bilənlərdən biridir. O, Niderlanddakı günlərini xatırlayır, “Ajax” dövrünü örnək kimi göstərir.
“Buna görə bəzən artıq sübut olunmuş, nəyin necə getdiyini bilən oyunçuları almaq vacibdir. Onlar gənc, potensial superulduzları özləri ilə birlikdə irəli apara bilərlər, çünki ən yaxşı nümunəni məhz onlar göstərir”, – deyə izah edir.
Sonra həmin məşhur qarışığı yada salır: “Ajax-dakı vaxtımı düşünürəm. Qarışıq başqa səviyyədə idi. Dusan Tadic, Daley Blind kimi təcrübəlilər, onların yanında isə Frenkie de Jong və Matthijs de Ligt kimi gənclər gəlirdi. Sənə lazım olan budur”.
Bu fonun içində Osimhen məsələsi “Tottenham” üçün həm cəlbedici, həm də çətin görünür. Nigeriyalı hücumçu artıq “Arsenal”ın ciddi marağını cəlb edib. Xəbərlərə görə, “Galatasaray” yaxın günlərdə “Arsenal” rəhbərliyi ilə danışıqlarda olub, Gabriel Martinelli və Ethan Nwaneri ətrafında ehtimal edilən razılaşmaları müzakirə edərkən, qarşılığında Osimhen variantını da masaya qoyub. Hələlik konkret danışıqların olmadığı vurğulanır, amma maraq faktı ortadadır.
Bu səs-küylü şayiələr fonunda Osimhen özü isə sakit qalır. O, diqqətini hazırkı klubuna yönəldib və mövsümə kökləndiyini açıq şəkildə bildirib: “Mən öz işimə fokuslanacağam. Sonra görərik, nə olacaq, o zaman fikirləşərik”.
İndi sual budur: “Tottenham” bu fürsəti dəyərləndirib cəsarətli addım ata biləcək, yoxsa Osimhen də Şimali Londonda rəqib cərimə meydançasına yox, “Arsenal”ınkına gedəcək? Klubun yay inqilabının son parçası məhz bu qərarla müəyyənləşə bilər.




