Ally McCoist: Chelsea içdən çürüyür
Stamford Bridge yenə sarsılıb. 3-1 hesablı Nottingham Forest məğlubiyyəti təkcə xal itkisi deyildi, klubun vəziyyətinə illərdir kənardan baxanlar üçün daha dərin bir diaqnoz idi. O diaqnozu isə bu dəfə sabiq hücumçu Ally McCoist qoydu.
“Klub çox, çox pis idarə olunur”
McCoist-in sözləri yumşaq deyildi, heç pərdələnmiş də deyildi. Onun fikrincə, Chelsea sadəcə enişdə deyil, sürətlə uçuruma yuvarlanır:
“Klub çox, çox pis idarə olunur. Transfer siyasəti dəhşətdir. Uçurumdan düşüblər. Açığı desəm, klubun içində nəsə çürüyür. Meydanda da, meydandan kənarda da bu qədər geriləmə həqiqətən qeyri-adi haldır.”
Bu, təkcə emosional reaksiya deyil. Son dörd ildə yaşanan xaos, dəyişən menecerlər, saysız-hesabsız transferlər, amma yenə də kimliyini tapa bilməyən komanda – McCoist-in sərt tonuna fon yaradan budur.
O, bir cümlə ilə həm də klubun indiki paradoksunu vurğuladı: “Əlbəttə, Chelsea gedib FA Cup-ı uda bilər. Amma ümumi səviyyədə eniş, yenə deyirəm, heyrətamizdir.”
Kubok qazana biləcək komanda. Amma standartları, tələbatı, mədəniyyəti sürətlə aşağı düşən klub. Stamford Bridge tribunalarında bu ziddiyyət hər oyunda hiss olunur.
Dörd illik xaosun içində itib-batan nəhəng
Müəlliflər, azarkeşlər, ekspertlər – demək olar ki, hamı eyni fikirdədir: bu Chelsea əvvəlki Chelsea deyil. Sahibliyin dəyişdiyi gündən bəri klub sanki öz özünü axtarır, amma hər dəfə daha da uzaqlaşır.
Köməkləşməyən transfer planı. Bir-birini tamamlamayan futbolçular. Qısa müddətdə yenidən qurulan, sonra yenə dağıdılan heyət. Azarkeşlərlə bağ qopub, inam sarsılıb.
“Onlara böyük dəyişikliklər lazımdır. Azarkeşləri yenidən öz tərəflərinə çəkməlidirlər. Yenə heyəti yenidən qurmaq gərəkdir. Üstəlik, ən yüksək səviyyədə baş məşqçi tapmaq. Görüləsi iş çoxdur və hamısı mümkünsüz görünür.”
Stamford Bridge-də Nottingham Forest qarşısında yaşanan axşam da həmin ovqatı daha qaranlıq etdi. Skor tabloya yazılan 1-3-dən çox şey danışırdı: meydanda çaşqın komanda, kənarda isə çıxış yolunu tapa bilməyən struktur.
Erken qol, gecikən reaksiya
Oyun sonrası Joao Pedro məğlubiyyətin əsas səbəbi kimi erkən buraxılan qolu göstərdi. O, komandanın niyə bu qədər zəif başladığını izah edə bilmədi, sadəcə azarkeşlərə görə üzüldüyünü dedi.
Söhbət tək bir qoldan getmir. Problem başlanğıcdadır. Chelsea matçlara gec qoşulur, ritmi tapa bilmir, rəqib isə bu boşluqları cəzasız buraxmır. Forest-in erkən zərbəsi də məhz bu sistemsizliyin təzahürü idi.
Tribunadakı üzlər isə hər şeyi deyirdi. Klubun ən çox tənqid olunan, yüksək maaş alan, amma qərarları ilə bu böhranın mərkəzinə düşən dörd rəhbər fiqur oyun zamanı kameralara çox kədərli, bəlkə də çaşqın halda yaxalandı. Onların simasında həm məsuliyyət, həm də çıxış yolunu tapa bilməyən idarəetmənin portreti vardı.
FA Cup – xilas, yoxsa sadəcə pərdə?
McCoist-in toxunduğu əsas nöqtə də budur: FA Cup qazanılsa belə, Chelsea-nin indiki halını ört-basdır edə bilərmi? Bir gecəlik sevinc, yoxsa dərin problemlərin üstünə çəkilən nazik pərdə?
Çünki sual artıq təkcə titul qazanmaq deyil. Sual budur: klub kim olmaq istəyir? Özünün son 20 ildə qurduğu elit standartlara qayıtmaq, yoxsa təsadüfi qərarların, panik transferlərin əsiri kimi yaşamaq?
Hazırda cavab meydanda görünmür. İdarəetmə otaqlarında isə bu cavabı tapmaq məcburiyyətə çevrilib. Çünki McCoist-in sərt cümləsi artıq sadəcə bir ekspert rəyi deyil, Stamford Bridge tribunalarında dörd ildir dərinləşən hissin səsidir:
Chelsea ya bu çürüməni dayandıracaq, ya da FA Cup belə bu qaranlıq mənzərəni işıqlandıra bilməyəcək.




