Caspian Sport

Almaniyada qapıda seçim: Baumann yoxsa Neuer?

Almaniya millisinin düşərgəsində Ekvadora qarşı sabahkı oyundan əvvəl gözəgörünməz, amma kifayət qədər həssas mövzu qızışıb: qapıda kim dayanacaq?

Sky Germany-nin məlumatına görə, yığmanın bəzi futbolçuları start heyətində Oliver Baumann-ı görmək istəyir. Söhbət adi rotasiyadan getmir. Komanda daxilində bu, onun üçün bir növ “mükafat”, illərin zəhmətinə hörmət jesti kimi dəyərləndirilir.

Baumann bu statusu havadan qazanmayıb. Zədə böhranının ən ağır günlərində məhz o, Almaniyanın dünya çempionatının seçmə mərhələsində bütün altı oyunda çərçivədə dayanıb. Altı matç, dörd “quru” oyun – etibar ediləndə cavabını verən qapıçı obrazı tam da budur.

İndi isə həmin etimadı final turnirində rəsmi debütlə taclandırmaq ideyası komanda otağına qədər gəlib çıxıb. Sky Germany iddia edir ki, son saatlarda bu məsələ Almaniya millisinin soyunub-geyinmə otağında açıq şəkildə müzakirə olunub. Yəni söhbət yalnız mətbuatın yaratdığı ssenaridən getmir, futbolçular özləri də bu variantı ciddi şəkildə düşünür.

Amma qarşı tərəfdə başqa bir reallıq dayanır. Baş məşqçi Julian Nagelsmann və əlbəttə ki, bir nömrəli qapıçı Manuel Neuer.

Neuer illərdir bu komandanın simvoludur. Liderdir, soyunma otağında sözü keçən, meydanda isə hələ də səviyyəsini qoruyan təcrübə. Onu həm də komanda oyunçusu kimi tanıyırlar – şəxsi ambisiyalarını çox vaxt ümumi məqsədə qurban verən kapitan obrazı. Lakin bu dəfə vəziyyət fərqlidir: 40 yaşlı qapıçı üçün bu, yığma karyerasının son turniri olacaq. Son dünya səhnəsi, son mundial.

Belə anda qapını könüllü şəkildə başqasına buraxmaq hər ulduz üçün asan qərar deyil. Hətta ən böyük komanda oyunçuları üçün belə.

Daxildəki gərginlik də məhz buradan doğur: bir tərəfdə illərin xidmətinə görə Baumann-a minnətdarlıq göstərmək istəyən komanda yoldaşları, o biri tərəfdə isə öz son mundialını yaşayan, hələ də əsas qapıçı statusunu qoruyan Neuer və qərarı verməli olan Nagelsmann.

Bu an üçün heç nə qəti deyil. Nagelsmann-ın hansı yolu seçəcəyi, Neuer-in buna necə reaksiya verəcəyi hələ məlum deyil.

Almaniya millisinin qapısında sabah kimin dayanacağı sadəcə texniki seçim deyil. Bu, həm də soyunma otağının daxili iyerarxiyasını, hörmət sərhədlərini və komandanın öz veteranlarına necə vida etdiyini göstərəcək.

Sual indi budur: Almaniya Ekvadora qarşı oyunda keçmişə borcunu ödəməyi seçəcək, yoxsa sonadək öz simvoluna güvənəcək?