Anthony Gordon: Newcastle-dan Barcelona-ya transfer hekayəsi
Newcastle, Barcelona və Gordon: Eyni transfer, üç fərqli hekayə
Newcastle: Gecikmiş dərs və bahalı ayılma
Newcastle ötən yay Alexander Isak məsələsində özünü yandırmış klub idi. Ulduz hücumçu Liverpool-a getmək istədiyini açıq şəkildə göstərmişdi, amma rəhbərlik son ana qədər dirəndi, prosesi uzatdı, paltardəyişmə otağını zəhərlədi və sonda yenə də onu buraxdı. Nəticə? Komanda ritmini itirdi, Eddie Howe və futbolçular əlavə təzyiq altında qaldı, klub isə aldığı pulu cır-cındır kimi xərclədi.
Bu dəfə eyni səhvi təkrarlamadılar. Narazı hücumçu yenə var idi – bu dəfə Anthony Gordon. Newcastle isə tərəddüd etmədi. Oyundan düşmüş, gələcəyi barədə fikri aydın olan futbolçunu rekord səviyyəyə yaxın məbləğə satmaq üçün sürətlə hərəkət etdilər. Maliyyə baxımından bu, fantastik razılaşmadır.
Gordon əzmkar, çox yönlü, yüksək tempdə oynamağı sevən hücumçudur. Amma nə Newcastle, nə də İngiltərə millisində elə bir səviyyə göstərib ki, qiymət etiketində 69 milyon funt yazılsın. Bazarın şişməsi bir yana, bu rəqəm real performansla heç cür düz gəlmir.
İndi əsas məsələ odur ki, Newcastle bu pulu nəhayət ağılla xərcləyə biləcəkmi? Isak-dan gələn vəsait havaya sovruldu, komanda dərinləşmədi, keyfiyyət artmadı. Üstəlik, artıq Çempionlar Liqası da yoxdur. 12-ci yer, St James’ Park-dan ard-arda çıxan ulduzlar və getdikcə futboldan soyuyan Səudiyyə sahibləri – hamısı eyni həqiqəti göstərir: Newcastle yenidən elita üçün real təhlükə olmaqdan uzaq düşür.
Bu transfer klub üçün kağız üzərində məntiqli görünür, amma onun yanında ağır bir sual da dayanır: bu dəfə səhvlərdən həqiqətən dərs alınıbmı?
Barcelona: Pul geri qayıtdı, risk də
Barcelona uzun illərdir maliyyə qaydalarının cəngində çırpınırdı. La Liga-nın sərt limitləri, maaş tavanları, reyestr problemləri – klub sanki hər transfer pəncərəsində öz kölgəsi ilə mübarizə aparırdı. İndi nəhayət rəqəmlər nisbətən qaydaya düşən kimi ilk böyük hərəkət: Anthony Gordon-a 80 milyon avro.
Mesaj aydındır: Camp Nou yenə iri fiqurlarla oynamaq istəyir. Amma sual da elə bu nöqtədə doğulur – elə ilk addımda bu qədər riskə dəyərdimi?
Gordon-un oyun tipi Hansi Flick üçün cəlbedicidir. O, ön xəttin hər üç mövqeyində oynaya bilir, pressinqdə yorulmaq bilmir, topu itirəndə reaksiya verir, komandanın müdafiəyə keçidini sürətləndirir. Məhz bu xüsusiyyətlərinə görə Flick “bəli” deyib. Xüsusilə də Marcus Rashford-la müqayisədə daha çox qaçan, daha çox təzyiq edən, daha çox işləyən profil olduğu üçün.
Ancaq rəqəmlər soyuqdur. Çempionlar Liqasında bu mövsüm 10 qol – ilk baxışdan təsirli görünür. Amma altısı Qarabağ və Union Saint-Gilloise qarşısında, üstəlik qolların yarısı penaltilərdən. Premyer Liqada son 60 oyuna 12 qol isə daha real mənzərəni göstərir. Barcelona azarkeşləri də məhz buna hazır olmalıdır: partlayan bombardir yox, çox işləyən, amma rəqəmləri orta səviyyədə olan cinah oyunçusu.
Gordon-un Rashford-dan daha az maaş alacağı, Flick-in sisteminə daha uyğun görünməsi faktları var. Amma bazarda daha sərfəli, daha balanslı variantların olduğu da açıqdır. Buna rəğmən, Barcelona yenə “bəyənirsə, alırıq” modelinə qayıdır təsiri bağışlayır. Sanki pul yenə ağıldan bir addım öndə qaçır.
Gordon: Elanga-dan Yamal-a – xəyalın sərt tərəfi
Anthony Gordon-un hekayəsi isə bu transferdə ən romantik, eyni zamanda ən təhlükəli xəttdir. Premyer Liqada son iki ildə parlaq ardıcıllıq göstərə bilmədi, forması dalğalandı, tənqidlər artdı. Amma o, uzun müddətdir böyük klub hədəfləyirdi.
Öz etirafına görə, uşaqlıqdan dəstək verdiyi Liverpool-dan gələn maraq başını qatmışdı. Bu yay isə sanki yol onu Bayern Munich-ə aparacaqdı. Almanlar istəklidən çox maraqlı idilər, amma qiymət cədvəlini görəndə geri çəkildilər. Məhz burada Gordon-un qarşısında duran əsas çağırış başlayır: Barcelona onu “lay-lay” üçün yox, 80 milyon avroluq oyunçu kimi alıb.
Əgər Julian Alvarez də gələcəksə, diqqətin bir hissəsi bölünəcək, amma təzyiq Gordon-un çiyinlərindən çəkilməyəcək. Bu, artıq “rotasiya oyunçusu” statusu deyil. O, ulduzlarla dolu heyətdə start heyətinə iddia etməlidir. Bacarmasa, Camp Nou-da mərhəmət olmayacaq. Bunu Marcus Rashford çox tez hiss etdi: ilk mövsümdə 28 qol və məhsuldar ötürmə toplamış oyunçu indi artıq “artıq” hesab olunur.
Gordon üçün isə bu, yenə də nağıla bənzəyən bir sıçrayışdır. Dünən Anthony Elanga ilə eyni hücum xəttini paylaşırdı, sabah Lamine Yamal ilə yan-yana çıxacaq. Bu, hər gənc hücumçunun xəyalıdır. Amma Barcelona kimi klubda xəyalın davamı yalnız bir şərtlə yazılır: meydanda hər həftə sübutla.
İndi top Gordon-un ayağındadır. Bu dəfə onu nə qiymət etiketinə, nə də keçmişinə görə deyil, Camp Nou işıqları altında göstərəcəyi həqiqi səviyyəyə görə mühakimə edəcəklər.




