Caspian Sport

Anthony Gordon-un Newcastle-dan ayrılması: Transfer gözləntiləri

St James’ Park-da hamı anlayır ki, bu yay Newcastle United üçün yalnız yenidən qurulma deyil, həm də ayrılıqlar pəncərəsi olacaq. Və həmin qapıya ən yaxın addımlayan adlardan biri də Anthony Gordon-dur.

Rəsmi transfer istəyi yoxdur. Klub rəhbərliyi masanın üstünə qoyulmuş məktub görməyib. Amma daxildə hiss edilən hava başqadır: Gordon yayda çıxış yolunu axtaracaq, özü də tez. Futbolçunun məqsədi gələcəyini Dünya Çempionatından xeyli əvvəl həll etməkdir, Newcastle isə artıq həm İngiltərədən, həm də Avropadan marağın artdığını bilir.

Bayern-in qiyməti, Newcastle-ın cavabı

Son günlərdə Almaniyadan gələn xəbərlər Gordon-un adına daha da alov qatdı. Bayern Munich-in ona maraqlı olduğu barədə məlumatlar yayıldı, alman mediası 55-60 milyon funt aralığında rəqəmlərdən danışdı. Newcastle bu məbləğə demək olar ki, istehza ilə yanaşdı.

Klub daxilində hesab edilir ki, İngiltərə millisinin hücumçusu üçün istənilən real təklif 80 milyon funtdan yuxarı olmalıdır. 2023-cü ilin yanvarında Everton-dan 45 milyon funt qarşılığında gətirilən oyunçu üçün indi plan tam fərqlidir: əgər gedəcəksə, yalnız klubun şərtləri ilə.

Baş direktor David Hopkinson bunu açıq şəkildə bildirib: Newcastle-dan ayrılmaq istəyən hər bir futbolçu yalnız klubun maraqlarına uyğun şərtlərlə qapıdan çıxa bilər.

Arsenal-ın köhnə heyranlığı, Liverpool-un yarımçıq qalan planı

Gordon-a olan maraq yeni deyil. Arsenal uzun müddətdir onu izləyir, adı transfer planlaşdırma iclaslarında müzakirə olunur. London klubu üçün geniş zonalarda partlayıcı sürətə malik, presinqdə aqressiv və fərqli profilli hücumçu tapmaq asan deyil, Gordon isə bu profilə uyğun gələn az sayda oyunçulardandır.

Maraqlı sual isə budur: Liverpool yenidən hərəkətə keçəcəkmi?

Merseyside klubu 2024-cü ilin yayında Gordon-u imzalamağa çox yaxın idi. Telegraph Sport-un məlumatına görə, o vaxt futbolçunun özü də bu keçid üçün demək olar ki, yanırdı. Uşaq yaşlarından Liverpool azarkeşi olan Gordon üçün Anfield-ə qayıdış karyerasının emosional zirvəsi ola bilərdi. Transfer baş tutmadı və o gündən bəri Gordon-un Newcastle-dakı çıxışlarında eyni səviyyədə sabitlik görünmür.

İndi isə şərtlər yenidən dəyişə bilər. Hugo Ekitike-nin uzunmüddətli zədəsi Liverpool-u növbəti pəncərədə hücum xəttinə əlavə etmək məcburiyyətində qoya bilər. Gordon-un hücum üçlüyünün hər mövqeyində oynaya bilməsi, yüksək tempdə presinq etməsi onu yenidən cazibədar hədəfə çevirir. Əgər Anfield-dən real çağırış gəlsə, Gordon-un buna necə reaksiya verəcəyi sual doğurmur.

Çempionlar Liqasında parıltı, Premyer Liqada kölgə

Gordon-un mövsümü ziddiyyətlərlə doludur. Çempionlar Liqasında o, özünü başqa səviyyədə göstərdi. 25 yaşlı hücumçu Avropada 10 qol vurdu, Newcastle-ın qrup mərhələsində keçirdiyi bir neçə oyunda matçın ən yaxşısı seçildi. Böyük səhnə, böyük iştaha – o, bunu orada nümayiş etdirdi.

Amma daxildə bir sual da böyüyür: niyə eyni səviyyə Premyer Liqada görünmür?

Yanvar 2025-dən bəri liqada açıq oyundan cəmi üç qol. Xüsusilə səfər matçlarında zəif çıxışlar. Klub daxilində bu, az da olsa narazılıq yaradıb. Çempionlar Liqasında alovlanan oyunçu, liqada tez-tez sönük görünür.

Buna baxmayaraq, pərdəarxasında konflikt yoxdur. Gordon ötən həftəsonu Crystal Palace-a 1:2 hesabı ilə uduzulmuş oyunda yenə cinahda start heyətində idi. Məşqlərdə intizamlıdır, peşəkarlığı sual altına alınmayıb. Lakin hiss olunur ki, özü artıq başqa pilləyə keçdiyini düşünür – həm meydanda, həm də maaş cədvəlində.

Yeni çağırış, böyük maaş, uzun müqavilə

Gordon-un Newcastle ilə müqaviləsi 2030-cu ilə qədərdir. Bu, kluba ciddi güc verir. Eyni zamanda, oyunçu üçün də təzyiqdir: uzunmüddətli razılaşma fonunda “yeni çağırış” və “daha böyük maaş” arzusu yalnız ən yüksək səviyyəli klubların masaya böyük təkliflə gəlməsi ilə reallaşa bilər.

Gordon özünü müntəzəm şəkildə Çempionlar Liqasında oynayan komandada görmək istəyir. Newcastle isə bu mövsüm dalğalı performans, zədələr və qeyri-sabitlik fonunda həmin statusu sabitləşdirə bilməyib. Elə buna görə də yayda radikal dəyişikliklər qaçılmaz görünür.

Tonali, Livramento və böyük təmizlik

Gordon-un mümkün gedişi zəncirvari effekti də dəyişə bilər. Əgər Newcastle onu yüksək məbləğə sata bilsə, bu, Sandro Tonali-nin Tyneside-də qalma ehtimalını artırar. Klub yay transfer pəncərəsində yenidənqurma üçün başqa “tac daşını” satmaq məcburiyyətində qalmaz.

Digər tərəfdən, bəzi qərarlar artıq verilib. Tino Livramento üçün uyğun təklif gəlsə, Newcastle onu buraxmağa hazırdır. Yayda müqaviləsinin son iki ilinə daxil olacaq cinah müdafiəçisi klub üçün satışa açıq oyunçular siyahısındadır.

Kieran Trippier müqaviləsinin sonunda ayrılır, Joe Willock üçün də təkliflər dinləniləcək. Hücum xəttində isə ən azı bir mərkəz hücumçusunun alınması planlaşdırılır, bu da o deməkdir ki, Nick Woltemade və Yoane Wissa ikilisindən azı biri yola salınacaq.

Bu tabloya Gordon-un adı da əlavə olunanda, Newcastle-ın qarşıdakı yayda nə qədər kəskin şəkildə dəyişə biləcəyi daha aydın görünür.

İndi sual təkcə budur: Anthony Gordon bu yenidənqurmanın mərkəz fiquru kimi qalacaq, yoxsa St James’ Park-dan çıxan növbəti böyük ulduz kimi Çempionlar Liqasına gedən başqa bir qapını döyəcək?

Anthony Gordon-un Newcastle-dan ayrılması: Transfer gözləntiləri