Argentina – Misir oyununun kiber-hakim qalmaqalı
Argentina meydanda möhtəşəm dönüş edərkən, pərdəarxasında tam başqa bir mübarizə başlayıb. Dünya çempionlarının Misir üzərində 3:2 hesablı dramatik qələbəsi hələ müzakirələrdən düşməmiş, bu dəfə də mübahisə “VAR otağından” yox, elektron poçt qutularından qalxıb.
Qələbə, etiraz və gözlənilməz “mətn”
Argentina Misirə qarşı 1/8 finalda 0:2 geridə idi. Sanki turnirlə vidalaşmağa hazırlaşırdı. Amma son dəqiqələrdə gələn möhtəşəm dönüş, 3 cavabsız qol və dramatik 3:2 – komanda özünə xas şəkildə möcüzə yazdı və dörddəbir finala adladı.
Bu məğlubiyyətlə barışmayan Misir Futbol Assosiasiyası dərhal Fifa-ya müraciət etdi. Tələbləri sərt idi: fransız hakim Francois Letexier və onun briqadası turnirdən kənarlaşdırılsın. Misir tərəfi onları Argentina xeyrinə qərəzli idarəçilikdə ittiham etdi.
Elə bu gərgin fonun üzərinə daha bir alov düşdü. Argentina Futbol Assosiasiyasının – AFA-nın – rəsmi hesabından jurnalistlərə göndərildiyi iddia olunan elektron məktublar yayıldı. İddialara görə, həmin məktublarda “Argentina qalib gəlmədi”, nəticə isə “korrupsiyalaşmış hakimlik qərarlarının məhsulu” kimi təqdim olunub. Mətnlərdə həmçinin Misirin oyunu təriflənib.
AFA-dan kiberhücum şübhəsi
Argentina mediası, xüsusən də “La Calle” nəşri, bu məktubların mənbəyini araşdıraraq diqqəti mümkün kiberhücuma yönəltdi. Nəşrin məlumatına görə, AFA daxilindəki mənbələr bu yazışmaların arxasında Misir mənşəli haker qrupunun dayandığını iddia edib. Rəsmi təsdiq olmasa da, istiqamət aydındır: assosiasiya bu sözlərin onlara məxsus olmadığını açıq göstərməyə çalışır.
AFA hadisəyə rəsmi açıqlama ilə reaksiya verdi və ton kifayət qədər aydın idi:
“Bildiririk ki, institutonal hesablarımızdan birindən komandamız tərəfindən hazırlanıb təsdiqlənməmiş elektron məktubların göndərilməsi ehtimalını aşkarlamışıq.”
Assosiasiya ictimaiyyətə müraciət edərək son günlər həmin ünvandan gələn, xüsusilə də keçidlər, fayllar və ya şəxsi məlumat tələbi ehtiva edən qeyri-adi mesajların nəzərə alınmamasını xahiş etdi.
Açıqlamada əlavə olundu: hesabın icazəsiz girişə məruz qalması ehtimalı var və baş verənləri aydınlaşdırmaq, təhlükəsizlik tədbirlərini sərtləşdirmək üçün iş gedir.
Meydan qurtuldu, şübhələr qurtarmadı
Beləliklə, Argentina meydanda nəticəni çevirdi, amma indi də özünü kiber-müdafiədə tapdı. Misir tərəfi hakimlikdən narazıdır, Fifa müraciəti masadadır, AFA isə rəsmi ünvanından yayılan, öz sözləri olmadığını dediyi cümlələrin izinə düşüb.
Dörddəbir final ərəfəsində dünya çempionları üçün sual artıq təkcə taktika və heyətlə bağlı deyil. Argentina bu turnirdə rəqiblərini yalnız meydanda yenəcək, yoxsa indi artıq kiberfutbolun da sərt qaydalarına uyğunlaşmalı olacaq?




