Caspian Sport

Arsenal Andria Bartişvili ilə 4,5 milyon avroluq transfer razılaşması etdi

Arsenal yenə də bazarda hamıdan əvvəl hərəkətə keçdi. London klubu Gürcüstanın istedad mənbələrindən birinə uzanıb, FC Kolkheti-1913 Poti ilə 17 yaşlı Andria Bartişvilinin transferi üçün 4,5 milyon avroluq razılaşma əldə edib.

Bu, sadəcə daha bir akademiya transferi deyil. Klubun aşağı yaş qruplarına baxışı köklü şəkildə dəyişir.

Akademiyada yeni dövr

Per Mertesacker getdi, onun yerinə Akademiya direktoru postuna Pascal de Maesschalck gəldi və Colney-də ritm xeyli sürətləndi. Yay pəncərəsi boyunca Arsenal dünyanın müxtəlif nöqtələrindən gənc istedadları toplayır, gələcəyin komandasını bu gündən formalaşdırır.

Bartişvili son illərdə gələcək üçün imzalanan dördüncü gənc olacaq. O, 2027-ci ilin yayında Independiente-dən qatılacaq ekvadorlu əkizlər Holger və Edwin Quintero ilə eyni “dalğa”nın bir parçasıdır. Yanvarda isə Shamrock Rovers oyunçusu Victor Ozhianvuna da rəsmi olaraq Arsenal futbolçusuna çevriləcək.

Colney-də rəqabət qaynayır. Və bu qaynayan qazan indi də gürcü istedadla zənginləşir.

Gürcüstanın yeni ümidverən siması

Bartişvili ötən mövsümü icarə əsasında Iberia 1999 klubunda keçirib. Sadəcə yerli çempionatda deyil, Gürcüstan təmsilçisinin Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsindəki oyunlarında da meydana çıxıb. 17 yaş üçün bu, kiçik səhnə deyil.

Onu daha yaxından tanımaq üçün Gürcüstan futbolu üzrə mütəxəssis, Geo Team platformasının rəhbəri Saba Sapanadze ilə danışılıb. O, ölkənin aparıcı legionerlərindən olan PSG ulduzu Khvicha Kvaratskhelia və Liverpool qapıçısı Giorgi Mamardashvili də daxil olmaqla, gürcü futbolçuları illərdir izləyir.

Məhz Sapanadze Arsenalın Bartişvili ilə razılığa gəldiyi xəbərini ilk açıqlayan şəxs olub. Gənc yarımmüdafiəçi artıq gələn yay komandaya qoşulmazdan öncə Şimali Londonda tibbi müayinədən keçir.

Onun təsviri qısa və kəskindir: “Birə-bir vəziyyətlərdə inanılmaz futbolçudur. Son dərəcə texnikalı və ağıllıdır, meydanda görmə qabiliyyəti və oyun oxuma bacarığı əladır,” – deyə Sapanadze vurğulayıb.

4,5 milyon avroluq “lotereya bileti”

Arsenalın ödədiyi məbləğ diqqət çəkir. 4,5 milyon avro – təxminən Ekvadorlu əkizlərin hər biri üçün düşən pay qədər. Amma Gürcüstanlı ekspertə görə, bu rəqəm reallığın xeyli altındadır.

“Düşünürəm ki, Arsenal Andria üçün 4,5 milyon avroya çox şanslı oldu. Bu, yalnız onun gürcü olmasına görə mümkün oldu. Başqa halda, qiymətinin 15–20 milyon avro aralığında olacağına səmimi-qəlbdən inanıram,” – Sapanadze deyib.

Səbəbi də açıq şəkildə izah edir: “Çünki o, ölkədə Kvaratskhelia-nın qardaşı Tornike ilə yanaşı, ən böyük istedadlardan biri sayılır.”

Bazarda qiymətlərin şişdiyi bir dövrdə Arsenal faktiki olaraq aşağı riskli, yüksək potensiallı bir “lotereya bileti” alıb. Amma bu biletin uduşlu olub-olmayacağını zaman göstərəcək.

İlk komanda xəyalı və real ssenari

Məsələ burasındadır ki, Arsenal artıq çempion heyətinə malikdir. İlk komandaya düşmək indi heç vaxt olmadığı qədər çətindir. Azarkeşləri maraqlandıran əsas sual da budur: Bartişvili bu səviyyəyə qalxa biləcəkmi?

Sapanadze reallığı gizlətmir: “Gəlin real olaq. Arsenalın hazırda inanılmaz heyəti var, ona görə də sizə ‘ilk gündən əsas heyətə girəcək’ desəm, bu, düzgün olmaz. Amma bildiyimə görə, onun ilk komanda müqaviləsi olacaq və o, əsas heyətlə birlikdə məşq edəcək.”

Bu da bir siqnaldır. Klub onu sadəcə akademiya üçün almır, böyük səhnə üçün hazırlamaq istəyir.

Gürcü mütəxəssis mümkün yol xəritəsini də cızır: “Bəlkə də ilkin mərhələdə Çempionşip klubuna icarə – müntəzəm oyun praktikası üçün – ağıllı addım olar və ona Britaniya futboluna uyğunlaşmaqda kömək edər.”

Yəni plan aydındır: əvvəlcə uyğunlaşma, sonra mübarizə.

Kvaratskhelia kölgəsi və De Bruyne bənzətməsi

Gürcüstan deyəndə bu gün ilk ağla gələn ad Kvaratskhelia-dır. Belə bir ulduz varkən, hər yeni hücumçu avtomatik olaraq onunla müqayisə edilir. Bu, təzyiq yaradır, amma bəzən də yanlış təsəvvür formalaşdırır.

Sapanadze bu paraleli dərhal kəsir: “Mənim üçün Kvaratskhelia hazırda dünyanın ən yaxşı futbolçusudur və bir nömrəli cinah oyunçusudur. Təbii ki, bu müqayisə təzyiq yaradır, amma üslub baxımından Khvicha və Andria tamamilə fərqli oyunçulardır.”

Fərq nədədir? “Khvicha saf cinah oyunçusudur, daha sürətlidir, uzun və güclü addımlarla oynayır. Andria isə daha çox mərkəzdə, hücumçunun arxasında fəaliyyət göstərir. Onun ən böyük üstünlüklərindən biri mərkəzi zonalardan irəli çıxaraq, yarımmüdafiəni yarıb keçmək bacarığıdır. Üslub baxımından onu daha çox Kevin De Bruyne ilə müqayisə edərdim.”

Bu müqayisə təsadüfi deyil. Bartişvili topu alanda yalnız ən yaxın komanda yoldaşını görən klassik “10 nömrə” deyil. O, xətləri yarmağı, ötürmə xəttlərini açmağı, hücumu dikey şəkildə sürətləndirməyi sevir. Məhz buna görə, Arsenalın mövcud strukturunda onun üçün nəzəri cəhətdən çoxlu rol variantı var.

İndi əsas sual budur: bu gənc gürcü, Şimali Londonun təzyiqi və tempinə nə qədər tez uyğunlaşa biləcək?