Caspian Sport

Arsenal paradında xaos: 75 nəfər xilas edildi, 16 nəfər həbs olundu

Londonda bazar günü keçirilən çempionluq paradı Arsenal üçün möhtəşəm bir mövsümün kulminasiyası idi, amma şənliklərin fonunda təhlükəli anlar da yaşandı.

Emirates ətrafındakı küçələr günorta saatlarından etibarən qırmızıya büründü. Minlərlə azarkeş klub avtobusu prospektlə irəlilədikcə ağaclara, binaların damlarına, hətta işıqforların üstünə çıxaraq daha yaxşı mənzərə tutmağa çalışdı. Hər tərəfi bürüyən qırmızı tüstü fişəkləri atmosferi stadion gününə çevirdi, amma eyni pirotexnika həm də fövqəladə xidmətləri işə saldı.

75 nəfər damlardan və hündürlüklərdən endirildi

London Yanğın Xidməti gün ərzində “təxminən 75 nəfəri” hündürlüklə bağlı müxtəlif hadisələrdən xilas etdiyini açıqladı. Xidmət azarkeşlərə damlara və digər təhlükəli nöqtələrə dırmaşmamağı xatırladıb.

Assistent komissar Pat Goulbourne bildirib ki, parad zamanı bir oteldə yanğın da qeydə alınıb. İlkin ehtimala görə, buna nəzarətsiz atılmış fişəng səbəb olub. Yanğın binanın xarici hissəsinə cüzi ziyan vurub, alov vaxtında söndürülüb.

Goulbourne-un sözlərinə görə, pirotexniki vasitələr ərazidə bir neçə başqa ünvanda da yanğın siqnallarını işə salıb. O, azarkeşlərə evə qayıdarkən, xüsusilə də stansiyalar və binaların yaxınlığında bu cür vasitələrdən uzaq durmağı tövsiyə edib. Eyni zamanda, o, ümumi mənzərəni “fantastik görüntü” kimi dəyərləndirib və çoxsaylı azarkeşlərin klubun uğurunu təhlükəsiz şəkildə qeyd etdiyini vurğulayıb.

Polis: 16 nəfər saxlanıldı, bıçaqlanma hadisəsi araşdırılır

Metropolitan Police axşam saat 21:00-a olan məlumata əsasən, parad ətrafında 16 nəfərin həbs olunduğunu açıqlayıb. Saxlanılanlara qarşı irəli sürülən ittihamlar arasında sərxoş və aqressiv davranış, narkotiklə bağlı cinayətlər, cinsi zorakılıq və təcili yardım işçilərinə hücum kimi maddələr yer alır.

Axşam 20:30-dan az sonra Hornsey Road üzərində bıçaqlanma hadisəsi ilə bağlı çağırış daxil olub. Polis əməkdaşları təcili tibbi yardım və hava təcili yardımı ilə birlikdə hadisə yerinə cəlb edilib. Yaralı kişi xəstəxanaya aparılıb, vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir.

Parad üçün 500-dən çox polis əməkdaşının növbədə olduğu bildirilmişdi. Buna baxmayaraq, gün boyu davam edən coşqu axşama doğru daha da nəzarətsiz xarakter alıb.

Şimal London gecəyə qırmızı səs-küylə girdi

Gün işığı çəkilib, hava qaralsa da, şimal Londonda Arsenal sədaları susmadı. Küçələr hələ də azarkeşlərlə dolu idi. Yolların üzərində qutular, içki bankaları, qırılmış şüşələr, aşmış elektrik skuter-lər və günün izlərini daşıyan saysız-hesabsız tullantı qalmışdı.

Azarkeşlər Tube stansiyalarına tərəf axışdıqca, mahnılar, şüarlar və qələbə çığırışları davam edirdi. Çempionluq avtobusu çoxdan dayanmışdı, amma şəhərin üzərində Arsenalın səsi hələ uzun müddət kəsilmədi. Bu paradın yadda qalan tərəfi isə təkcə qaldırılan kubok yox, həm də sevinc ilə təhlükənin Londonda necə çiyin-çiyinə gəzdiyini göstərən həmin kadrlar oldu.