Caspian Sport

Arsenal Premier League kubokunu qazandı – yeni hədəf Çempionlar Liqası

Arsenal nəhayət ki, illərlə arzuladığı Premier League kubokunu başı üzərinə qaldırdı. Son turda Selhurst Park-da Crystal Palace üzərində 2:1 hesablı qələbə – və tribunaları bürüyən sevinc səhnələri – klub üçün yeni bir dövrün rəsmi elanına çevrildi.

Amma Mikel Arteta üçün bu, son dayanacaq deyil. Sadəcə növbəti pillədir. Qarşıda daha böyük səhnə, daha sərt sınaq var: şənbə günü PSG-yə qarşı Budapeştdə oynanılacaq Çempionlar Liqasının finalı.

Çempionluqdan dərhal sonra – yeni hədəf

İspaniyalı baş məşqçi komandaya sevinməyi qadağan etmir, amma həmin enerjinin yanlış istiqamətə axmasına da imkan vermək niyyətində deyil. O, bu ovqatı saxlayıb birbaşa Budapeştə daşımaq istəyir.

Arteta futbolçularına artıq danışdıqlarını deyir: nə etməli olduqlarını, həmin inanılmaz enerjini finala necə köçürəcəklərini, hazırlığın sabahdan başlayacağını. Yəni Arsenal üçün mövsüm hələ bitməyib, sadəcə ölkə sərhədlərini aşıb Avropaya daşınıb.

Üç mövsüm ardıcıl gümüş medalla kifayətlənən komanda üçün Premier League titulu nəhəng addımdır. Amma bu hekayənin son səhifəsi deyil. Çempionlar Liqası hələ də toxunulmamış sərhəd kimi qarşıda durur. Klub tarixində heç vaxt qazanılmamış bu kubok, indiki nəsil üçün adını əfsanələr sırasına yazdırmaq imkanı deməkdir.

Arteta bunu açıq şəkildə dilə gətirir: o, klubun tarixində yeni fəsil yazmaq, həm Çempionlar Liqasını, həm də daxili çempionluğu eyni mövsümdə qazanmaq istəyir. Qitə və ölkə səviyyəsində “dubl” – Arsenal üçün bu mövsümün son, ən ağır imtahanıdır.

“Bu köynək artıq başqa məna daşıyır”

Arteta-nın Londonadakı yolu asan olmayıb. O, 2020-ci ildə ilk mövsümündə FA Cup qazandı, amma sonrakı illər uzun müddət “az qaldı”larla yadda qaldı. İndi isə nəhayət, zirvəyə çıxıb. Baş məşqçi hesab edir ki, “çempion” statusu Budapeşt axşamı üçün komandasına əlavə psixoloji üstünlük verəcək.

O, futbolçularına bir cümlə ilə fərqli məsaj göndərib: bu köynək indi başqa şey ifadə edir. Onun sözlərinə görə, Arsenal artıq çempiondur və bu, komandanın özünəinamını, meydandakı duruşunu, enerjisini dəyişdirir. Amma eyni zamanda yeni yük gətirir – məsuliyyət yükü.

Arteta öz işini dəqiq görür: indi klubdakı hər kəsin vəzifəsi standartları daha da qaldırmaq, daha çoxuna can atmaqdır. Çünki onun fikrincə, bu komanda daha irəli getməyə qadirdir.

Ağrıdan gələn itələyici qüvvə

Son illərdə Arsenal üçün ən sərt hissə mövsümlərin sonu olub. Son həftələrdə əldən çıxan titullar, son anda qaçan xəyallar. Arteta üçün bu, təkcə peşəkar yox, şəxsi ağrıya çevrilmişdi.

Selhurst Park-da ailəsi ilə birlikdə meydanda qeyd etdiyi çempionluq həmin ağrının müəyyən mənada yuyulması idi. O, uzun müddətdir özünü kubokla təsəvvür etdiyini, bu vizuallaşdırma prosesinə güvəndiyini deyib. İndi isə həmin obraz gerçəkliyə çevrilib və baş məşqçi öz metodlarına görə özünü haqlı sayır.

O, dəyişmədiyini, sadəcə daha xoşbəxt və yüngülləşmiş olduğunu bildirir. Bu illər ərzində atılan nəhəng addımları, dəyərli hesab etdiyi nailiyyətləri xatırladır, amma bir cümlə ilə hər şeyi yekunlaşdırır: bu klub böyük titullar qazanmaq üçün var.

Üç fərqli mövsümdə sona yaxın yıxılmaq – onun sözləri ilə desək – çox ağrılı olub. Elə bu ağrı da komandanı içəridən irəliyə itələyib, yeni yollar axtarmağa məcbur edib. Arteta-nın fikrincə, məhz bu səbəbdən çempionluğun qazanılma tərzi daha da dəyərli görünür.

İndi isə sual təkdir: bu Arsenal, artıq çempion olan bu komanda, Budapeşt gecəsində tarixini tam dəyişməyə hazırdırmı?