Caspian Sport

Arsenal qadın komandası: Yeddi illik aclığın sonu

Keçən mövsümün mövqeyi: 2-ci

Guardian yazarlarının proqnozu: 2-ci

Çempionluq üçün son çağırış kimi mövsüm

Arsenal üçün keçən mövsüm kubok baxımından yarımçıq qaldı. Yeni təsis olunan Fifa Champions Cup bu aclığı doyurmadı, 2025-ci ildəki Çempionlar Liqasındakı zirvədən sonra klub daxilində gözləntilər daha böyük idi. O uğur bir çox çatları gizlətdi, amma hamı bilirdi: heyət yenilənməlidir.

Yayda bu yenilənmə gəldi. On bir futbolçu ilə yollar ayrıldı, aralarında klub əfsanələri Beth Mead və Katie McCabe də var. Yeddi yeni oyunçu isə gəldi. İspaniya millisinin müdafiəçisi Ona Batlle, İngiltərə millisinin mərkəz yarımmüdafiəçisi Georgia Stanway, İsveçrə millisinin oyunqurucusu Géraldine Reuteler və Almaniyanın hücumçusu Selina Cerci – Arsenal həm yüksək səviyyəli təcrübə qazandı, həm də komandanın yaş ortasını aşağı saldı.

Mead və McCabe-in – biri Manchester City-yə, digəri Chelsea-yə – buraxılmasının Arsenal-ı mövsümün gedişində peşman edib-etməyəcəyi hələ bilinmir. Amma bir şey aydındır: Renée Slegers ilk dəfə tam bir yay hazırlıq dövrü keçirdi. Komanda artıq Çempionlar Liqasının liqa mərhələsinə vəsiqəni ötən mövsüm WSL-dəki ikinci yerlə təmin edib, yəni bu dəfə nə seçmə oyunlar, nə də böyük yay turniri var.

İki mövsümdür WSL-ə yavaş start verən Arsenal üçün bəhanə qalmır. Keçən il ilk doqquz oyunda dörd heç-heçə, bir məğlubiyyət – titul yarışında baha başa gələn itkilər idi. İndi isə təqvim daha təmiz, hazırlıq daha sistemlidir.

Çempionluq yarışı bu dəfə daha sıx görünür. Manchester City də Çempionlar Liqasında oynayacaq, digər klublar da ağıllı transferlərlə güclənib. Amma Arsenal üçün bu, yeddi illik liqa titulu həsrətini bitirmək üçün real şansdır. Klubun texniki direktoru Jodie Taylor bunu gizlətmir: “Möhtəşəm vəziyyətdəyik, amma keçən mövsüm daha çox kubok qazanmaq istərdik və bu mövsümə girərkən ən böyük ambisiyamız budur. Açıq deyəcəm: liqanı qazanmaq istəyirik və o növbəti addımı atmaq istəyirik”.

Rəqəmlər meydandakı ambisiyanı təsdiqləyir

Arsenal-ın son maliyyə hesabatı klubun meydandan kənarda da irəlilədiyini göstərdi. 2025-ci ilin mayında başa çatan il üçün gəlir 6,5 milyon funt artaraq 21,5 milyon funt sterlinqə çatdı. Həmin mövsümdə Emirates Stadium-da keçirilən səkkiz oyunda orta tamaşaçı sayı 29 833 idi və bu oyunlardan təxminən 6 milyon funt matç günü gəliri əldə olundu.

Son mövsümdə WSL-də bütün 11 ev oyununda orta 34 minə yaxın azarkeş toplayan Arsenal-ın növbəti hesabatında bu artım daha aydın görünəcək. Yayım gəlirləri 2024-cü ildəki 956 min funtdan 2 milyon funtdan çoxa qalxdı, bunda Çempionlar Liqasındakı uğurun payı böyükdür. Kommersiya gəlirləri isə 649 min funtdan 1,77 milyon funtadək sıçradı.

Amma reallıq dəyişmir: WSL-dəki bir çox klub kimi Arsenal da hələ ana klubun dəstəyindən asılıdır. Qrupdan daxil olan vəsait 9,3 milyon funtdan 11,85 milyon funta yüksəldi və bu, ümumi gəlirin yarıdan çoxunu təşkil edir. Yəni meydanda ambisiya böyüyür, tribunalar dolur, amma iqtisadi model hələ tam müstəqil deyil.

Slegers-in komandası – indi həqiqətən onun komandasıdır

Renée Slegers ikinci tam mövsümünə çox yüksək gözləntilərlə girir. 37 yaşlı mütəxəssis Jonas Eidevall getdikdən sonra müvəqqəti baş məşqçi kimi gəlib komandanı ayaqda saxladı, indi isə artıq öz izini dərinləşdirmək şansı var.

O, əvvəlcədən formalaşmış bir heyəti miras almışdı. Bu yaydakı kütləvi dəyişiklik isə ona həm oyun üslubunu, həm də komandanın xarakterini istədiyi kimi qurmaq fürsəti verir. Slegers üçün bu mövsüm sadəcə nəticə ili deyil, həm də kimlik ili olacaq.

Ulduz transfer: Stanway-in “polad” mərkəzi

Transfer bazarında Arsenal böyük addımlar atdı, amma ən parlaq ad Georgia Stanway-dir. İkiqat Avropa çempionu olan yarımmüdafiəçi artıq kluba gəlməzdən əvvəl bir neçə İngiltərə yığma yoldaşı ilə sıx münasibətlər qurmuşdu. İndi isə bu əlaqələri Emirates-də meydanın mərkəzinə daşıyır.

Stanway yalnız texniki keyfiyyətləri ilə seçilmir. O, Arsenal-ın illərdir ehtiyac duyduğu sərtliyi gətirir. 27 yaşlı futbolçu özünü “amansız və möhkəm” kimi təsvir edib. Bu, Arsenal-ın “onurğa sütunu” üçün kritik xüsusiyyətdir: mübariz, fiziki, psixoloji olaraq dağılmayan bir mərkəz.

Əgər Arsenal çempionluq yarışında son həftələrə qədər ayaqda qalmaq istəyirsə, bu cür xarakterli oyunçuların rolu həlledici olacaq.

Rəqəmlərin söylədiyi: niyə çempion olmadılar?

Opta-nın gözlənilən xal (expected points) göstəricilərinə görə Arsenal 2025-26 WSL mövsümündə liqanın ən yaxşı komandası idi və mövsüm boyu cəmi bir dəfə uduzdu. Bəs niyə çempion olmadı?

Cavab sadə, amma ağrılıdır: altı heç-heçə. Manchester City isə cəmi bir dəfə xal itirdi bu şəkildə. Expected goals məlumatları göstərir ki, Arsenal heç-heçə qaldığı oyunların üçündə qələbəni rahatlıqla haqq edirdi. Yalnız Chelsea ilə matçda rəqib daha çox qələbəyə yaxın idi.

Arsenal və City bir-birinə qarşı oyunlarda qələbələri bölüşdü – bir qələbə onlara, bir qələbə bunlara. Yəni titul yarışını məhz o “itirilmiş” xallar həll etdi. Bu mövsüm üçün mesaj aydındır: üstünlüyü qola çevirməyən Arsenal yenə ikinci olmaq riski daşıyır.

Geri dönüş gözləyən iki gənc

Keçən mövsüm 20 yaşlı Michelle Agyemang və 19 yaşlı Katie Reid üçün sıçrayış ili olmalı idi. Agyemang-in möhtəşəm Euro 2025 çıxışı, Reid-in isə mövsümə güclü startı bu ümidləri artırmışdı. Amma ön çarpaz bağ (ACL) zədələri hər iki gəncin yüksəlişini qəfil kəsdi.

Demək olar bir illik fasilədən sonra ikisi də qayıdışa hazırlaşır. Onların dönüşü ehtiyatla idarə olunmalıdır, forma qazanmaq vaxt aparacaq. Amma hər ikisi də buraxdıqları yerdən davam etmək, bu yenilənmiş Arsenal-ın içində öz yerini möhkəmləndirmək üçün yanıb-tutuşur.

Əgər Slegers onları tədricən və düzgün şəkildə sistemə qaytara bilsə, mövsümün ikinci yarısında Arsenal-ın “gizli silahı” məhz bu iki gənc ola bilər.

“Resept” tamamlanır

Komanda daxilində də bu yenilənmənin ruhu hiss olunur. Müdafiəçi Lotte Wubben-Moy bunu belə təsvir edib: “Elə bil ən gözəl resepti bişirirsən və sonra o kiçik son inqrediyentləri əlavə edirsən ki, xırda fərqi yaratsın, səviyyəni qaldırsın və ortaya həm gözəl, həm də həzz alacağın bir şey çıxarsın. Biz hazırda məhz bu prosesdəyik”.

Arsenal-ın yay pəncərəsi, struktur dəyişiklikləri və meydandakı ambisiyası bu metaforu real edir. İndi artıq xırda toxunuşlar, incə tənzimləmələr dövrüdür – çünki çərçivə hazırdır.

Emirates dolur, Meadow Park daralır

Bu mövsüm bütün WSL ev oyunları və Çempionlar Liqasının pley-off mərhələsindəki görüşlər (əgər vəsiqə qazanılarsa) Emirates Stadium-da keçiriləcək. Daxili kubok oyunları və Çempionlar Liqasının liqa mərhələsi isə yenə Meadow Park-da qalır.

Arsenal azarkeş sayının artımında liqanı sürükləyir. Ötən mövsüm WSL-də ümumi tamaşaçıların 40 faizdən çoxu Arsenal-ın payına düşdü. Amma kubok və Avropa liqa mərhələsi oyunlarında klub bir növ “boşluqda” qalıb: Emirates bu tip matçlar üçün həddindən artıq böyük, həm də kişi komandasının təqvimi ilə üst-üstə düşməmək üçün planlaşdırma çox çətindir. Meadow Park isə artıq bu komanda üçün kiçikdir.

Bu paradoks Arsenal-ın yeni reallığını göstərir: meydanda Avropa elitası, tribunada böyük kütlə, amma struktur baxımından hələ tam uyğunlaşmamış sistem.

İndi sual budur: bu yenilənmiş, sərtləşmiş, daha gənc Arsenal bu dəfə kiçik detalları da öz xeyrinə həll edib liqanı sonda başıuca bitirə biləcəkmi? Yoxsa yenə rəqəmlər onları favorit göstərəcək, amma kuboku başqa komanda qaldıracaq?