Atlético və Barcelona arasındakı gərginlik: ironiyanın arxasındakı qəzəb
Madrid klubunun rəsmi X hesabında günboyu paylaşılan ironik postlar ilk baxışda adi sosial şəbəkə oyunu kimi görünürdü. Guya Lamine Yamal, Pedri və Raphinha üçün “tərsinə” transfer təklifləri, zarafat, sarkazm, bir az da lağ-lağı.
Amma bu dəfə gülüşün arxasında açıq qəzəb var idi. Və hədəf birbaşa FC Barcelona idi.
Julian Alvarez əməliyyatı: bardağı daşıran son damla
Katalan klubunun Julian Alvarez üçün hərəkətə keçdiyi, hətta artıq rəsmi təklif göndərdiyi barədə xəbərlər günlərlə gündəmi tutdu. Atlético Madrid isə bu iddiaları qəti şəkildə rədd edir və məsələni sadəcə “şayiə” kimi görmür.
Mundo Deportivo-ya danışan klub mənbələri bunu gizlətmir: Metropolitano divarları arasında səbir çoxdan tükənib.
“Xaricdən zarafat kimi görünə bilər, amma bu, bizim üçün çox ciddi məsələdir. Biz FC Barcelonaya çoxdan əsəbiyik. Bunu ironiya ilə etdik ki, katalan klubuna güzgü tutaq, onların nə etdiyini göstərək”, – deyə klubdan sızan mesajda vurğulanır.
“Koordinasiyalı kampaniya” ittihamı
Atlético rəhbərliyi hesab edir ki, Alvarezin gələcəyi ətrafında planlı, istiqamətləndirilmiş bir informasiya kampaniyası qurulub. Mənbələr narazılığı konkret nümunələrlə əsaslandırır:
“Fabrizio Romanonun mesajları, komandanı yaxından izləyən mətbuatın yazdıqları, Cerezo Barcelonada yeməyə gedən kimi onu Julianla bağlı Laporta ilə danışıqlar barədə tikanlı suallarla sıxışdırmaları, qarışıq zona çıxışlarında oyunçularımıza yanaşma tərzi…”
Qəzəb bununla bitmir. Eyni mənbə ssenarinin necə qurulduğunu belə təsvir edir:
“Barcelonada bir şam yeməyi təşkil edirlər və El Chiringuitoya xəbər verirlər ki, çəkiliş etsinlər, beləliklə, guya bu işdə vasitəçi kimi göstərilən menecer Juanma López restoranı tərk edərkən kameraya düşsün. Sonra da guya bizə göndərilən təklif sızdırılır. Amma klubda heç nə yoxdur, heç nə gəlməyib.”
Metropolitano daxilində ton artıq açıq ittihama keçir: “Bu məsələ ilə bağlı aylarla ‘sabitliyi pozmağa’ çalışıblar. Bəsdir. Çox əsəbiyik və bunu göstərməyin yolu kimi bu addımı seçdik.”
500 milyonluq divar
Bütün bu hay-küydə Atléticonun özünü rahat hiss etdiyi bir əsas var: müqavilə və məbləğ. Julian Alvarez klubla 2030-cu ilə qədər bağlayıcı anlaşmaya sahibdir və müqaviləsində 500 milyon avroluq azadolma bəndi yer alır.
Klubdakı eyni mənbə bunu açıq şəkildə dilə gətirir: “Aydın olan budur ki, bütün kartlar Atléticonun əlindədir. Oyunçu qorunur (500 milyon avroluq azadolma bəndi) və uzunmüddətli müqaviləsi var (2030-cu ilə qədər).”
Metropolitano koridorlarında eyni cümlə təkrarlanır, sanki daxili şüara çevrilib: “Atlético ondan çox razıdır, uzunmüddətli müqaviləsi var, qorunur və biz onu növbəti mövsüm üçün planlarımıza daxil etmişik.”
Bir müddət əvvəl mətbuatda 150 milyon avro civarında bir razılaşmanın “axır-əvvəl masaya gələ biləcəyi” iddia edilirdi. İndi isə klub mənbələri bu ehtimalı tamamilə kənara qoyur.
“Julian” üçün klassik transfer modeli – sabit məbləğ, bir neçə mövsümə bölünmüş ödəniş, üstəgəl bonuslar – söhbət mövzusu deyil. Mesaj sərtdir: “Julian” yalnız bir şərtlə alına bilər: “Bu, La Liga ofislərinə birdəfəlik, nağd şəkildə yatırılmalı olan 500 milyon avroluq ödənişdir.”
Agent mübahisəsi və “düzgün yol” mesajı
Bu prosesdə atəşə tutulanlardan biri də futbolçunun agenti Fernando Hidalgo olub. Atlético isə onu müdafiə edir və barmağı yenidən Barcelonaya tuşlayır:
“Əgər Barcelona hər şeyi qaydasına uyğun görsəydi, agent bu qədər işin içində olmazdı. Amma klubu yan keçib hərəkət edirsənsə, deməli, işləri düzgün aparmırsan.”
Bu sözlər, sosial şəbəkədəki ironik postlardan qat-qat ağır çəkir. Çünki artıq söhbət təkcə bir hücumçunun transferindən yox, iki nəhəng klub arasında etimad xəttinin harada qırıldığından gedir.
İndi sual budur: bu gərginlik yay transfer pəncərəsinin səsi-sorağı içində sönəcək, yoxsa Atlético–Barcelona münasibətlərində yeni, daha soyuq bir dövrün başlanğıcını xəbər verəcək?




