Caspian Sport

Atletico Madrid və Barcelona arasında müharibə: Julian Alvarez məsələ

İspaniyada bu dəfə səs-küy meydandan yox, sosial şəbəkədən qalxdı. Atletico Madrid gün boyu Barcelona-ya ard-arda atmacalarla gündəmi ələ aldı və Julian Alvarez ətrafında gedən şayiələri açıq müharibəyə çevirdi.

Madrid klubunun rəsmi hesabları əvvəlcə Lamine Yamal, Pedri, Raphinha və hətta Deco ilə bağlı istehzalı paylaşımlar etdi, sanki bu futbolçuları almağa çalışırmış kimi davrandı. Ardınca isə… şir yalı taxılmış it videosu. Qısası, mesaj aydındır: “Biz də sizin etdiyinizi edirik.”

Bu sosial media hücumunun arxasında nə dayandığını Atletico-dan adının açıqlanmasını istəməyən bir mənbə Mundo Deportivo-ya danışaraq açdı. Sözləri yumşaq deyildi.

“Bu kənardan zarafat və ya bir az yumor kimi görünə bilər, amma məsələ çox ciddidir. Biz artıq xeyli vaxtdır FC Barcelona-ya görə çox əsəbiyik. Bunu ironik formada etdik ki, katalon klubuna güzgü tutaq və onlara nə etdiklərini göstərək,” – mənbə belə izah edib.

Güzgüdə göstərmək istədikləri isə sadədir: Atletico-ya görə Barcelona, Julian Alvarez məsələsində həddi aşıb. Mənbə, bu gərginliyi alovlandıran detalları bir-bir sadalayıb:

“Fabrizio Romano-nun paylaşımları, komandanı izləyən mətbuatın yazdıqları — məsələn, Cerezo Barcelonaya nahara gedəndə onu Laporta ilə Julián üçün danışıqlara başlayıb-başlamayacağı barədə impertinent suallarla bombardman edirlər — qarışıq zonada oyunçularımıza münasibətləri…”

Bu da yetmirmiş kimi, Madridlilər Kataloniyadakı kulis səhnəsini də qabardır:

“Onlar Barcelonada bir şam yeməyi təşkil edirlər və El Chiringuito-ya xəbər verirlər ki, gəlib çəksinlər, beləliklə Juanma López (bu işdə vasitəçi sayılan menecer) restoranı tərk edərkən görüntülənsin.”

Atletico-nun narazılığı yalnız etikaya aid deyil, transfer prosesinin özünə də toxunur. Eyni mənbə iddia edir ki, Barcelona-nın mətbuata sızdırdığı “təklif” klubun masasına heç vaxt çatmayıb:

“Onlar guya göndərildiyini iddia etdikləri bir təklifi sızdırırlar, amma bura heç nə gəlməyib. Hər şey bitdi. Biz çox əsəbiyik və bunu göstərməyin yolu da bu idi.”

Madrid klubunun mövqeyi indi birmənalıdır: Julian Alvarez satlıq deyil. Və bunu ifadə etmək üçün seçilən şərt də, əslində, qapını tam bağlayan cümlə kimi səslənir:

“Julián sabit məbləğlə, bir neçə mövsümə bölünmüş ödənişlə və bəzi bonuslarla alına bilməz. Bu, LaLiga qərargahına nağd şəkildə yatırılmalı olan 500 milyon avroluq ödənişdir.”

Yarım milyard. Nağd. Mesaj təkcə Barcelonaya deyil, bütün bazara yönəlmiş kimi görünür: Atletico bu ulduzu əldən buraxmaq niyyətində deyil və bu mövzuda zarafat etmir.

Bu gərginlik artıq adi transfer hekayəsi çərçivəsindən çıxıb. Sosial şəbəkədə atmacalar, mətbuat vasitəsilə göndərilən eyhamlar, menecerlərin restoran çıxışları, televiziyaya sızdırılan kadrlar… İspaniyanın iki nəhəngi arasında Julian Alvarez üstündə başlayan bu dartışma indi açıq şəkildə zəhərlənmiş bir saqaya çevrilib.

Sual budur: bu gedişlə, növbəti dəfə Atletico və Barcelona meydanda qarşılaşanda əsəblər yalnız topun dalınca qaçmaq üçün kifayət edəcəkmi?