Azad Agentlərin Qızıl Bazarı: 20-lər və 30-lar Nəsli
Transfer pəncərəsi açılmamışdan əvvəl belə, azad agent bazarı artıq qaynamağa başlayıb. Klubunu susqun tərk edənlər, tribunadan alqışlarla yola salınanlar, karyerasının zirvəsində yeni çağırış axtaranlar… İki fərqli nəsildən – 20-lər və 30-larını yaşayan futbolçulardan qurulan bu iki “XI” həm iddialı klublar, həm də azarkeşlər üçün tam bir xəzinə xəritəsidir.
20-lər: Karyerasının ortasında, yol ayrıcında olanlar
Qapıçı – Illan Meslier (26, Leeds United)
Yeniyetmə ikən gəldiyi klubdan səssiz ayrılıq. Mart 2025-dən bəri əsas heyətdə görünməyən fransız qapıçı son günlərdə Elland Road meydanında təkbaşına, düşüncəli halda görüntüləndi. Sanki uzun illərin hekayəsinə öz-özünə nöqtə qoyurdu. 26 yaşında, sərbəst və hələ də potensialla dolu.
Sağ cinah müdafiəçisi – Óscar Mingueza (26, Celta Vigo)
Luis de la Fuente onu dünya çempionatına aparmadı, amma bazar onu görməzdən gəlmir. Newcastle, Aston Villa, Juventus – adları artıq Mingueza ilə yanaşı çəkilir. Keçmiş Barcelona müdafiəçisi həm də mərkəzdə oynaya bilir və iddialara görə, xüsusilə Premyer Liqa variantına isti baxır. Çox yönlü, uyğun qiymətə və azad – bu kombinasiyanı klublar sevir.
Mərkəz müdafiəçisi – Ibrahima Konaté (27, Liverpool)
Karyerasının tam ortasında, ən yetkin çağında. Liverpool-la uzun-uzadı danışıqlar aparsa da, müqavilə yenilənmədi və indi Real Madrid yolunun ağzındadır. Florentino Pérez seçimini açıq şəkildə edib: Konaté prezidentin yenidən seçilməsindən sonra “əsas hədəf” kimi elan olunub. Bu cür açıq mesaj Madridin nə qədər ciddi olduğunu göstərir.
Mərkəz müdafiəçisi – Marco Senesi (29, Bournemouth)
Dünya çempionatına çağırılmadı, amma Bournemouth mövsümünün səssiz qəhrəmanlarından biri idi. Komanda düşmə zonasından qurtuldu, Senesi isə rəqəmlərlə danışdı: beş qol ötürməsi və ötən mövsüm Premyer Liqada hər 90 dəqiqəyə ən çox proqressiv ötürmə (9.3). Tottenham artıq onu elan etməyə yaxındır. Argentinalı üçün bu, daha böyük səhnəyə təbii keçid kimi görünür.
Sol cinah müdafiəçisi – Souffian El Karouani (25, Utrecht)
Bu siyahıda ən az tanınan ad ola bilər, amma rəqəmlər səs-küy salacaq növdəndir. 2025-26 mövsümündə Utrecht üçün bütün turnirlərdə 18 qol ötürməsi. Niderlandda doğulan Mərakeş yığma oyunçusu indi isə Səudiyyə Ərəbistanına – Brendan Rodgers-in çalışdırdığı Al-Qadsiah klubuna qoşulur. Avropanın kölgəsindən Körfəzin parıltısına doğru kəskin dönüş.
Sağ cinah hücumçusu – Allan Saint-Maximin (29, Lens)
Newcastle dövründən bəri azarkeşlərin sevimlisi olan fransız, Meksikada yaşanan ağır şəxsi təcrübədən sonra Club América ilə yollarını ayırdı. Uşaqlarının irqçi hücuma məruz qaldığını deyib ölkəni tərk etdi və yanvarda Lens-ə altı aylıq müqavilə ilə qoşuldu. Liqa debütündə vurduğu möhtəşəm solo qol hələ də dillərdədir. Lens mövsümü PSG-nin arxasında ikinciliklə bitirdi və Saint-Maximin bu hekayədə rəng qatdı.
Mərkəz yarımmüdafiəçisi – Franck Kessié (29, Al-Ahli)
Milan və Barcelona ilə Avropanın zirvəsində oynadıqdan sonra üç mövsüldür Səudiyyə Ərəbistanında. Orada yüksək maaş, burada isə yenidən böyük səhnə. Avropaya qayıtmaq istəyirsə, demək ki, güzəştə getməlidir – xüsusilə maaş baxımından. İtaliya qapıları açıqdır: Inter, Juventus və Roma onu geri qaytarmaq üçün sıradadır.
Mərkəz yarımmüdafiəçisi – Arthur Avom (21, Lorient)
Bu siyahının ən gənci, amma bəlkə də ən həyəcanverici adlarından biri. 2024-25 mövsümündə Eli Junior Kroupi ilə birlikdə Lorient-i yenidən Ligue 1 səhnəsinə daşıdı. Elitanın qayıdış mövsümündə də parladı və indi adı yenidən Kroupi ilə birgə hallanır – bu dəfə Bournemouth-da mümkün “reunion” kimi. 21 yaşında azad agent olmaq nadir fürsətdir, skautlar bunu qaçırmaq istəmir.
Sol cinah hücumçusu – Jadon Sancho (26, Manchester United)
Aston Villa ilə icarədə olarkən Europa League kubokunu qaldırdı, amma şəxsi statistika karyerasının səviyyəsinə uyğun deyildi: Unai Emery idarəsində 39 oyunda cəmi bir qol. Manchester United-in onun bahalı müqaviləsini daha 12 ay uzatmaq əvəzinə, sərbəst buraxması çox şeyi deyir. 26 yaşında belə sərt qərarla üzləşmək, Sanchonun növbəti addımını karyera üçün həlledici edir.
Hücumameyilli yarımmüdafiəçi – Harry Wilson (29, Fulham)
Uels millisində het-trik, Premyer Liqada Fulham üçün 10 qol və 7 assist. Üstəlik, üç fərqli “aylıq ən gözəl qol” namizədliyi – o cümlədən Crystal Palace-a vurduğu möhtəşəm trivela. Bu, onun karyerasının indiyədək ən parlaq mövsümü idi. Təsadüfi deyil ki, Aston Villa ilə bağlı xəbərlər getdikcə güclənir.
Hücumçu – Dusan Vlahovic (26, Juventus)
Fiorentina-dan 58 milyon funt sterlinqə transfer olunmasından dörd il sonra, Juventus-dan cəmi bir Coppa Italia ilə, üstəlik pulsuz ayrılır. Liqa oyunlarının yalnız yarısında meydana çıxdı, amma yenə də böyük adlar ətrafında dövr edir: Bayern Munich, Chelsea, Newcastle – hamısı ehtimal olunan növbəti dayanacaqlar kimi göstərilir. 26 yaşlı forvard üçün bu yay bəlkə də karyerasının ən kritik qərarı olacaq.
30-lar: Təcrübə, ad-san və son böyük müqavilə axtarışı
Qapıçı – Yann Sommer (37, Inter)
İkiqat Scudetto sahibi, André Onana-nın gedişindən sonra Inter qapısında inamlı möhkəmlik tapdı. Üç mövsüm ərzində etibarlı performans göstərdi və klub ona daha aşağı şərtlərlə ehtiyat qapıçı kimi qalmağı təklif edib. Lakin səhnədə başqa ad da var – Ajax. İsveçrəli üçün bu seçim sadəcə pul deyil, həm də oynama şansı və son illərin ritmini müəyyən edəcək.
Sağ cinah müdafiəçisi – Dani Carvajal (34, Real Madrid)
23 ildən çox, 450-dən artıq oyun, 27 böyük titul. Carvajal üçün bu, bir klubdan ayrılıq deyil, bir həyat tərzinin dəyişməsidir. Trent Alexander-Arnold və Denzel Dumfries-in gəlişi onun üçün həlledici oldu. Florentino Pérez onu “Real Madrid və akademiyasının əfsanəsi və simvolu” adlandırdı. Bu cümlə ilə qapı bağlanır, amma miras qalır.
Mərkəz müdafiəçisi – Antonio Rüdiger (33, Real Madrid)
Müqaviləsi bu ayın sonuna qədər qüvvədədir. Jose Mourinho onun böyük azarkeşidir və bu, bazarda vəziyyəti dərhal dəyişdirir. Real Madrid-in siyasəti məlumdur: 30 yaşdan yuxarı oyunçulara yalnız birillik müqavilə. Klubun Rüdiger üçün də belə təklif hazırladığı bildirilir. Alman müdafiəçi indi sabitliklə ən yüksək səviyyədə qalmaq arasında incə balans axtarır.
Mərkəz müdafiəçisi – John Stones (32, Manchester City)
On il, saysız-hesabsız titullar və indi isə yeni səhifə. Dünya çempionatının məhz bu anda gəlməsi onun üçün ideal zamanlama oldu: həm sağlamlığını, həm də səviyyəsini potensial alıcılara göstərmək imkanı. Everton-a qayıdış ssenarisi emosional baxımdan cəlbedici görünür, amma Bayern və keçmiş komanda yoldaşı Vincent Kompany-nin rəhbərlik etdiyi klubun marağı bu hekayəni tam başqa istiqamətə çəkə bilər.
Sol cinah müdafiəçisi – Andy Robertson (32, Liverpool → Tottenham)
Bu siyahıda gələcəyi artıq rəsmi şəkildə bəlli olan yeganə oyunçu. Liverpool-dan Tottenham-a keçidi cümə günü təsdiqləndi. Roberto De Zerbi onu “ən yüksək səviyyədə sübut olunmuş qalib və həm meydanda, həm də kənarda bizim üçün böyük fiqur ola biləcək biri” kimi təsvir edib. Premyer Liqanın sol cinahında yeni bir dinamikanın doğulacağı hiss olunur.
Mərkəz yarımmüdafiəçisi – Casemiro (34, Manchester United)
Old Trafford-da dörd mövsüm, həftəlik təxminən 365 min funtluq maaş, yüksək anlar və kəskin tənqidlər. Son mövsümdə performansı yenidən zirvəyə qalxdı və klubun son ev oyununda aldığı vida alqışları hər şeyi izah etdi. İndi isə sanki iki yol var: Səudiyyə Ərəbistanı və ya MLS. Hər iki halda, bu, həm maliyyə, həm də ritm baxımından tamamilə fərqli bir həyat deməkdir.
Mərkəz yarımmüdafiəçisi – Julian Brandt (30, Borussia Dortmund)
Cəmi bir ay əvvəl 30 yaşına çatıb, amma artıq təcrübəli ad kimi qəbul olunur. Dortmund-da bəzən komandanın ən yaxşısı idi, bəzən isə tamamilə oyundan itirdi. Bu qeyri-sabitlik onu Almaniya millisinin yay heyətindən kənarda qoydu. Klubun idarəçisi Lars Ricken onun haqqında belə deyib: “Bəzən tənqid olunurdu, amma mən onun üslubunu sevirdim.” Atlético Madrid isə fürsətin qoxusunu alan klublardandır.
Hücumameyilli yarımmüdafiəçi – Bernardo Silva (31, Manchester City)
Pep Guardiola onu “öz zəifliyi” adlandırmışdı və indi portuqaliyalı ulduz da baş məşqçisi ilə birlikdə qapıya yaxınlaşır. Manchester City-də daha bir parlaq mövsüm arxada qaldı, amma karyera hekayəsinin növbəti fəsli yazılmaq üzrədir. Agent Jorge Mendes, qərarın dünya çempionatından sonra veriləcəyini bildirib. Barcelona və keçmiş klubu Benfica, imzası uğrunda ön sıradadır.
Hücumameyilli yarımmüdafiəçi – Paulo Dybala (32, Roma)
Roma azarkeşləri nəfəsini içində saxlayıb. Yeni idman direktoru Tony D’Amico klubun müqavilə təklifini yüksəltdikdən sonra, argentinalının qalacağı gözlənilir. Amma müqaviləyə imza atılmayınca heç nə qarantili deyil. “La Gazzetta dello Sport” xəbər verir ki, Palermo onu yenidən Siciliyaya qaytarmaq üçün cəsarətli təklif irəli sürüb, amma cavab mənfi olub. Bu belə göstərir ki, Dybala-nın adı hələ də böyük ambisiyaların mərkəzindədir.
Hücumçu – Robert Lewandowski (37, Barcelona)
Dörd mövsüldə üç La Liga çempionluğu, son mövsümdə 14 liqa qolu. Yaş öz sözünü desə də, Lewandowski hələ də “günü düşəndə” dünya səviyyəli hücumçudur. Amma 37 yaşında belə, maaş tələbləri aşağı düşməyəcək. Bu reallıq onu iki istiqamətə aparır: Səudiyyə Ərəbistanı və ya MLS. Hara getsə, həmin liqanın brend simalarından birinə çevriləcək.
Bu iki “XI” bir şeyi açıq göstərir: azad agent bazarı artıq yalnız karyerasının sonuna gələnlər üçün sığınacaq deyil. Burada həm zirvəyə qalxmaq istəyən gənclər, həm də son dəfə böyük səhnəyə çıxmaq üçün fürsət axtaran əfsanələr var. İndi sual budur: hansı klub bu sərbəst ulduzlardan öz gələcək komandasını qurmağa cəsarət edəcək?




