Yay pəncərəsi hələ açılmayıb, amma Barcelona artıq bir müdafiə hekayəsinin uzanmasına razı deyil. Hədəf bəllidir: Inter-in solaxay dirəyi Alessandro Bastoni. Qiymət də bəllidir. Və tərəflər arasında uçurum da.
İtaliya mətbuatının, xüsusən də Il Resto del Carlinonun məlumatına görə, katalon klub Bastoni ilə ciddi maraqlanır, amma Inter-in istədiyi rəqəmi eşidən kimi sükanın arxasına keçib sərhəd çəkib. Milan nəhəngi 26 yaşlı müdafiəçiyə təxminən 70 milyon avro qiymət qoyub. Barcelona isə bu rəqəmi heç masaya belə gətirmək istəmir – maksimum 40 milyon.
Bu, sadəcə rəqəm mübahisəsi deyil. Bu, mövqelərin toqquşmasıdır.
Inter üçün “toxunulmaz”, Barcelona üçün “limitli risk”
Inter cəbhəsində Bastoni hələ də müdafiənin mərkəzi fiquru kimi görülür. Cristian Chivu onu öz sisteminin dayağı hesab edir və buna görə də klub rəhbərliyi oyunçunu ucuz buraxmaq niyyətində deyil. Serie A-da liderlik edən komanda üçün əsas stoperi itirmək, xüsusilə də aşağı qiymətə, məntiqli görünmür.
Amma eyni anda başqa bir reallıq da var. Bastoni son aylarda İtaliya azarkeşlərinin bir hissəsinin gözündən düşüb, tribunaların münasibəti dəyişib. Bu fon oyunçunun gələcəyi barədə düşünməsinə təkan verir. O, variantlarını ölçüb-biçir, Barcelona isə bu tərəddüd anını yaxalamağa çalışır.
Deco-dan açıq mesaj: Qiyməti endirin
Barcelona idman direktoru Deco artıq Inter-ə mövqeyini çatdırıb. Mesaj aydındır: əgər Bastoni Camp Nou yolunu tutmaq istəyirsə, Milan klubu öz tələblərinə yenidən baxmalıdır. Katalon klubu 70 milyonluq yarışa girməyəcək, bu, daxili strategiyaya da, maliyyə reallığına da ziddir.
Barcelona-nın planı daha çox riskə nəzarətə bənzəyir. Klub Bastoni üçün real hesab etdiyi həddi müəyyənləşdirib və ondan yuxarı qalxmaq istəmir. 40 milyon avro – bu, həm yaş, həm təcrübə, həm də hazırkı vəziyyəti nəzərə alan sərt limitdir.
Hələlik Barcelona gözləmə mövqeydindədir. Amma sadəcə baxıb dayanmır.
Alternativ hazırdır: Jhon Lucumi ssenarisi
Bastoni əməliyyatı dalana dirənəcəyi halda, Barcelona stolun altından ehtiyat planını çıxarmağa hazırdır. Söhbət Bologna müdafiəçisi Jhon Lucumi-dən gedir. Katalonlar kolumbiyalı stoperlə artıq tanışdır: keçən yay Inigo Martinez-lə yollar ayrıldıqdan sonra Flick-in komandası məhz Lucumi üçün hərəkətə keçmişdi, amma transfer baş tutmamışdı.
İndi həmin qapı yenidən açıla bilər. Hesablamalar sadədir: əgər Inter 70 milyon xəttindən geri çəkilməsə, Barcelona Bastoni mövzusunu uzatmayacaq, diqqəti yenidən Lucumi-yə çevirəcək və yeni təklif hazırlayacaq.
Bu, klassik Barcelona yanaşmasıdır: bir hədəf, bir ehtiyat plan və sərt maliyyə çərçivəsi. Flick-in müdafiə xəttini yenidən qurmaq üçün vaxtı çox deyil, səhv etmək lüksü isə ümumiyyətlə yoxdur.
İndi top Inter-in meydanındadır. Ya qiymət endiriləcək, ya da Bastoni Barselonaya yox, başqa istiqamətə baxmalı olacaq.





