Barcelona və Madrid arasındakı gərginlik: Ulduzsuz "Clásico"
Hansi Flick-in komandası əsrlik rəqibləri üzərində artıq 11 xallıq fərq qurub. Rəsmi olaraq titulu təmin etmək üçün cəmi bir xal kifayət edir. Amma bu, sadəcə hesab-kitab oyunu deyil. Qələbə onları həm tarixə, həm də mövsümün sonundakı şouya bir addım da yaxınlaşdıracaq.
100 xalın kölgəsində “El Clásico”
Barcelona bu mövsüm La Liga-da qalan dörd oyunun hamısını udsa, liqa tarixinin maksimum göstəricisi olan 100 xala çatar. Yol isə ən çətin sınaqla başlayır – Kataloniyada Alvaro Arbeloa-nın sarsılmış Madrid-inə qarşı “El Clásico”.
Bu yalnız prestij dueli deyil. Flick-in komandası Madrid-i və ardınca Real Betis-i məğlub etsə, 38 oyunlu La Liga mövsümündə bütün ev matçlarını qazanan ilk komanda kimi tarixə düşəcək. Camp Nou üçün bu, sadəcə titul deyil, manifest olar.
Üstəlik, daha bir tarixi xətt var: Barca “Clásico”da çempionluğu rəsmiləşdirə bilsə, bunu 1932-ci ildən bəri ilk dəfə edən komanda olacaq. O vaxt La Liga-nın ilk titulunu qazanan tərəf Madrid idi. İndi isə rollar dəyişməyə hazırdır.
Madrid-də partlayan gərginlik
Mövsümü kuboksuz bitirəcək Madrid üçün – bu əsrdə cəmi beşinci belə hal – həftə daxili hadisələr meydandakı böhrandan da çox danışıldı.
Məşqdən sonra fransız yarımmüdafiəçi Aurelien Tchouameni ilə Federico Valverde arasında insident yaşandı. Söz-söhbət davaya çevrildi, uruqvaylı futbolçu baş nahiyəsindən zədə aldı və xəstəxanaya aparıldı. Diaqnoz – baş travması, ən azı iki həftəlik fasilə.
Valverde sonradan izahatında mübahisə zamanı “təsadüfən” masaya dəydiyini, alın nahiyəsində “kiçik kəsik” yarandığını dedi. Amma bu izah nə medianı, nə də azarkeşləri sakitləşdirdi. Hadisə artıq ictimaiyyətə sızmışdı.
Klub hər iki futbolçuya 500 min avro cərimə kəsdi. Rəsmi mövqeyə görə, oyunçular bir-birindən, komanda yoldaşlarından, klub heyətindən və Madrid azarkeşlərindən üzr istəyiblər.
Alvaro Arbeloa rəhbərliyin sürətli reaksiyasından razı qaldığını bildirdi və futbolçuların “səhvlərini etiraf etdiyini, peşman olduqlarını, etdiklərinin nəticəsini qəbul etdiklərini və bağışlanma istədiklərini” vurğuladı.
Onun üçün məsələ burada bağlanır: “Mən onları ictimaiyyət qarşısında yandırmayacağam, çarmıxa çəkməyəcəyəm. Buna layiq deyillər... Son dörd ayda və bu illər ərzində mənə göstərdiklərinə görə.”
Maraqlısı odur ki, bütün bu qarşıdurmaya baxmayaraq, Arbeloa Tchouameni-ni “Clásico” üçün heyətə salacağını açıqladı. Madrid paltardəyişmə otağında yaranan çatlar hələ tam sağalmayıb, amma meydanda fransızdan imtina etməyəcəklər.
Flick-in Barcelona-sında birlik mesajı
Kataloniyada isə başqa mənzərə. Flick Madrid-də baş verənləri “dünyanın başqa klublarında da gördüyümüz şey” kimi dəyərləndirdi, amma bunun “normal” olmadığını açıq dedi.
“Bu, dünyanın hər yerində olur, təkcə Real-da deyil... Təəccübləndimmi? Bəlkə bir az,” – deyə o, jurnalistlərin suallarını cavablandırdı. Ardınca isə mövzunu qətiyyətlə bağladı: “Axırda mənim vecimə deyil. Çünki bu, mənim klubum deyil, mənim komandam deyil. Buna görə də bunun haqqında düşünməyə məcbur deyiləm.”
Flick-in əsas mesajı isə öz komandasına idi. O, Barcelona daxilində hamının eyni istiqamətə baxdığını vurğuladı: “Bu klubda ən vacib və mənim həqiqətən yüksək qiymətləndirdiyim şey odur ki, hamımız eyni yolu gedirik. Nə isə baş verəndə, eyni dildə danışırıq.”
Bu birlik hissi rəqib düşərgədəki xaos fonunda daha da kəskin görünür. Flick-in komandası üçün indi yalnız bir hədəf var: “Titulu qazanmaq istəyirik, ardıcıl ikinci dəfə. Bu, İspaniyada inanılmazdır, normal deyil. Bizim istədiyimiz budur, nə az, nə çox.”
Ulduzsuz “Clásico”
Madrid üçün daha bir ağır xəbər: Kylian Mbappé “Clásico”da meydana çıxmayacaq. Fransız hücumçu əzələ (hamstring) zədəsindən sonra komanda ilə məşqə qayıtsa da, klubun bazar günü sosial şəbəkələrdə açıqladığı heyət siyahısında onun adı yox idi.
Barcelona da öz gənc ulduzundan məhrum olacaq. 18 yaşlı Lamine Yamal eyni nahiyədən – hamstring – aldığı zədə səbəbindən tribunadan baxmalı olacaq. Onun Dünya Çempionatına qədər oynaya bilməyəcəyi gözlənilir.
Beləliklə, “Clásico”ya iki komanda da yaralı ulduzlarla, amma tam fərqli ovqatla çıxır: biri – daxili münaqişələr, itirilmiş mövsüm və təzyiq altında olan məşqçi ilə; o biri – tarixi rekordların qapısında dayanan, birləşmiş paltardəyişmə otağı və ardıcıl ikinci çempionluğa ac olan kollektivlə.
Bu axşam sual sadəcə budur: Barcelona tarix yazacaq, yoxsa Madrid ən azı rəqibinin bayramını təxirə salmağı bacaracaq?




