Barcelona-nın maliyyə böhranı: Bartomeu dövründən Laporta-ya keçid
Josep Maria Bartomeu 2020-ci ilin oktyabrında “Barcelona”dan istefa verəndə, bu, sadəcə bir rəhbər dəyişikliyi deyildi. Klub dağılmışdı. Meydanda da, kabinetlərdə də.
Dörd La Liga çempionluğu, 2014-15 mövsümündə qazanılan “trebl” – kağız üzərində Bartomeu dövrü uğurlu görünürdü. Amma pərdə arxasında “Blauqrana” faktiki iflasın astanasına gətirilmişdi. Bu günə qədər Bartomeu israrla bildirir ki, bütün günah pandemiyadadır. Onun arqumenti sadədir: azarkeş yoxdur, bilet satışı yoxdur, “Camp Nou” muzeyi, klub mağazaları, futbol məktəbləri bağlıdır – gəlir kəsilir, nağd vəsait axını çökür, çıxış yolu isə borclanmadır. Onun fikrincə, Avropanın əksər klubları eyni yolu keçib.
Amma bir fərq vardı. Eyni fırtınaya düşənlər arasında “Barça” qədər ağır zərbə alan çox az klub oldu. Və bu, sırf Bartomeunun qurduğu kövrək konstruksiyanın nəticəsi idi.
Milyardlıq səhv
2015-ci ilin yayında, “trebl”dən sonra yenidən prezident seçilən Bartomeu sonrakı beş il ərzində 29 futbolçuya 1 milyard avrodan çox xərclədi. Nəticə? Tək bir transfer belə birmənalı uğur sayılmadı.
Daha pisi, Ousmane Dembele, Philippe Coutinho, Antoine Griezmann kimi bahalı uğursuzluqlar klubun büdcəsini əzdi. La Liga rəhbərliyinin “illik gəlirin 70 faizindən çoxunu maaşlara xərcləməyin” xəbərdarlığını qulaq ardına vuran Bartomeu “bunu ödəyə bilərik” deyirdi. Ödəyə bilmədilər. Xüsusilə də pandemiya gələndən sonra.
Virus Avropanı vuranda “Barça”nın heyəti yaşlı, maaşlar isə ulduz səviyyəsində idi. Bu müqavilələrdən qurtulmaq mümkün deyildi. 2021-ci ilin martında Joan Laporta prezident kürsüsünə əyləşəndə, ən ağır qərarlardan birini verməli oldu: Lionel Messini buraxmaq.
Müqavilə bitirdi, maaş yükü boğurdu. Klub əfsanəsi azad agent kimi getdi.
Laporta sonradan dedi ki, “yeni komanda qurmaq” məcburiyyəti vardı və Messinin dəstəyi ilə bunu etməyi istəsə də, mümkün olmayıb. Amma tez aydın oldu ki, təkcə Messinin gedişi problemi həll etmir. Çürük köklər daha dərindeydi.
İki yol, bir riskli seçim
İqtisadi analitik Marc Menchen Alba bu məqamda Laportanın qarşısında duran tabloyu belə təsvir edir: ya maaşları sərt şəkildə azaldıb, oyunçuları satmaq və 2-3 il “futbol səhrasında” gəzişmək; ya da gələcək aktivləri satıb, qısa zamanda maksimum gəlir əldə etməyə çalışmaq və dərhal yenidən qazanmağa başlamaq.
Laporta ikinci yolu seçdi.
2022-ci ilin yayında klub, növbəti 25 il üçün La Liga yayım hüquqlarının 25 faizini Sixth Street investisiya şirkətinə sataraq 582 milyon avro topladı. Bu, Laportanın məşhur “iqtisadi qolları”nın ən böyüyü idi.
Mahiyyət etibarilə prezident gələcək gəlirləri girov qoyub, bu günkü kəsiri bağlayırdı. Məntiq sadə idi: qısamüddətli uğur – uzunmüddətli bərpanın sürətləndiricisi. Menchen bunu “cəsarətli, amma təhlükəli” addım kimi dəyərləndirir.
İlk nəticələr Laportanı haqlı kimi göstərdi. Yayda Robert Lewandowski, Raphinha, Jules Kounde kimi adlar gətirildi, təxminən 150 milyon avroluq paket quruldu. Mövsümün sonunda isə dörd illik fasilədən sonra La Liga çempionluğu qazanıldı.
Amma bu qələbənin qiyməti vardı. Menchenin sözləri ilə, hər yay “Barça”nın yeni transferləri qeydiyyatdan keçirə bilib-bilməyəcəyi sualı havada asılı qalırdı. 2024-cü ilin yayı isə xüsusilə gərgin keçdi.
Azarkeşlərin səbr kasasını daşıran “lever”lər
Dani Olmo ətrafında baş verənlər tribunadakı narazılığı pik həddə çatdırdı. Azarkeşlər Laportanın “lever” siyasətindən bezmişdi.
Fanat qrupu Som un Clam sərt bəyanat yaydı: klubun nüfuzunun “bərpaolunmaz zərbə” aldığını, dörd il ərzində strateji aktivlərin satıldığını, xaotik və improvizə olunmuş idarəçiliklə gələcəyin girov qoyulduğunu bildirdi. Onlar “yerinə yetirilməyən vədlərin, məsuliyyətsiz satışların” dayandırılmasını, prezident və idarə heyətinin istefasını tələb etdilər.
“Barça”nın “daha çox klub” olmasını təmin edən kollektiv mülkiyyət modelinin təhlükədə olduğu vurğulanır, azarkeşlər “susmamağa” çağırılırdı.
Camp Nou-nun bitib-tükənməyən yenidənqurması fonunda gərginlik daha da artırdı. Amma Laporta bu fırtınanı da keçdi. Üstəlik, 18 ay sonra mənzərə xeyli fərqli görünür.
La Masia-nın xilas planı
Son mövsümdə “Barça” bircə ciddi transfer etdi – Joan Garcia. O da əslində fürsət idi: “Espanyol” qapıçısının müqaviləsində 25 milyon avroluq sərbəstqalma maddəsi vardı.
Eyni vaxtda klub La Masia məzunları da daxil olmaqla bir sıra oyunçuları sataraq bu məbləğin təxminən iki qatını geri qazandı. Akademiya məhsullarının satışından gələn hər avro isə “təmiz mənfəət” sayılırdı.
Menchen bu modeli belə izah edir: Lamine Yamal və Pau Cubarsi kimi nümunələr göstərir ki, La Masia həm birbaşa birinci komandaya oyunçu verir, həm də bazarda yüksək dəyərə malik gənclər yetişdirir. Əvvəllər bu gənclərin çoxu pulsuz gedirdi, çünki onlara əsas komandada yer tapılmırdı. İndi isə 18-19 yaşlı, az tanınan futbolçular belə 5-10 milyon avroya satılır. Büdcə qaydalarına əməl etmək üçün bu, həyati əhəmiyyət daşıyır.
Oxşar modeli Real Madrid də La Fabrica ilə tətbiq edir. Hər iki nəhəng hər il akademiyalarına 20-30 milyon avro yatırır və bu yay bunun bəhrəsini açıq şəkildə yığır.
Bu yay “Barça” yenidən xərclədi, amma eyni zamanda Ferran Torres-in Paris Saint-Germain-ə 48,5 milyon avroya satılması, Lewandowski-nin azad agent kimi ayrılması, Ronald Araujo-nun isə Liverpool-a icarəyə gedib bütün maaşının ingilislər tərəfindən ödənilməsi maaş yükünü xeyli yüngülləşdirdi.
Julian Alvarez üçün yer açmaq olar?
Lewandowski-nin gedişindən sonra hücum xəttində boşluq yaranıb. Bu boşluğu Julian Alvarez ilə doldurmaq ideyası gündəmdədir. Menchen hazır vəziyyətdə bunu real saymır, amma bir şərtlə qapının tam bağlanmadığını da vurğulayır: daha bir La Masia məhsulunun yüksək məbləğə satışı.
Onun izahı sadədir: futbol biznesi nağd axına bağlıdır. Məsələn, Marc Casado kimi bir oyunçu 30 milyona satılsa, Alvarez-in bu mövsüm üçün xərcini örtmək olar, çünki yeni transferin dəyəri müqavilə müddətinə yayılır.
Üstəlik, La Masia satışları, yeni Camp Nou-nun tamamlanması, turizmin bərpası ilə muzey gəlirlərinin artması birlikdə o deməkdir ki, gələn yay “Barça” pandemiyadan əvvəlki dövrdən bəri ilk dəfə tam maliyyə azadlığı ilə hərəkət edə bilər.
Fırtınanın sonu görünürmü?
Barcelona-nın problemləri tam bitibmi? Menchen ehtiyatla “indi üçün – bəli” deyir. Amma bir kiçik detalı xatırladır: La Liga yayım hüquqları üçün Sixth Street-ə hər il ödənən 40 milyon. İllik gəliri 1 milyard olan klub üçün bu, nəhəng rəqəm deyil. Amma incə məqamlarda – eyni oyunçunun ardınca Real Madrid də düşəndə – fərq yarada biləcək məbləğdir.
Buna baxmayaraq, o hesab edir ki, “Barça”nın ən ağır maliyyə böhranının sonuna yaxınlaşırıq. Laportanın atdığı riskli addım – üç il əvvəl sərt tənqid olunan “lever”lər – indi üç La Liga çempionluğu ilə birlikdə başqa cür görünür.
Menchen yenə də düşünür ki, bəzi transferlərdən qaçmaq, xərcləri daha əvvəl cilovlamaq mümkün idi və bu halda gələcək yayım hüquqlarını satmağa ehtiyac qalmazdı. Amma bir reallıq artıq aydındır: klub yeni “lever” çəkmək məcburiyyətində deyil.
Uzun illər “qəribə və çılğın” idarəetmə ilə tanınan bir klub üçün bu, bəlkə də ən böyük qələbədir. İndi sual başqa cür səslənir: bu dəfə ağıllı maliyyə nizam-intizamı “Barça”ya meydanda da sabit hegemonluq gətirə biləcəkmi?




