Barcelona'nın Nicolo Tresoldi Planı: Julian Alvarez Hədəfi
Transfer pəncərəsi bağlanmağa sayılı günlər qalıb və Barcelona üçün məsələ artıq sadə bir gücləndirmə deyil. Klub daxilində buna bənzər cümlə dolaşır: bu yay mütləq mərkəz hücumçusu gəlməlidir. Gec də olsa, bahalı da olsa.
Plan a hamıya bəllidir: Julian Alvarez. Klub rəhbərliyi əmindir ki, argentinalı hücumçu gec-tez “Cívitas Metropolitano”dan ayrılacaq, özü də Atletico Madrid-də qalmaq istəmir. Amma saat işləyir, danışıqlar ağır gedir və bu müddətdə idman departamenti masa üzərinə başqa adlar da qoyub.
Onlardan biri artıq ciddi şəkildə gündəmdədir – Nicolo Tresoldi.
Tresoldi – Belçikadan gələn “9 nömrə” siqnalı
İngiltərə mənbələrinin və bunu təkrarlayan SPORT-un məlumatına görə, Barcelona hazırda Club Brugge-in parlayan hücumçusu Nicolo Tresoldi-ni yaxından izləyir. Ötən mövsüm Belçika çempionatının sürpriz adlarından biri məhz o idi, komandanın bombardiri də elə o oldu.
Cəmi 21 yaşı var. Almaniya U-21 yığmasının üzvüdür. Potensialı böyük, ritmi yüksək, qapı qarşısında soyuqqanlı.
Bu yay Tresoldi üçün artıq qapılar açılıb. Premyer Liqa klubları və AS Roma təkliflərlə maraqlanıb, amma Club Brugge geri çəkilməyib. Belçika təmsilçisi 40 milyon avrodan yuxarı məbləğ tələb edir və hələlik heç kim bu həddi keçməyib. Hücumçu klubda qalıb, amma bu sakitlik aldatmasın – bazar onu sıxmağa başlayıb.
Barcelona tərəfi isə artıq ev tapşırığını görüb. Katalon klubu potensial transferlə bağlı bütün məlumatları toplayıb, oyunçunun düşərgəsi ilə ilkin təmas qurub. Hələ ki, növbəti mərhələyə keçməyiblər, amma skautlar son günlərdə onun profilini xırdalığına qədər işləyirlər. Klub daxilində Tresoldi hazırkı bazarda mövcud olan ən maraqlı gənc hücumçulardan biri kimi qiymətləndirilir.
Hansi Flick də Almaniya gənclər yığmalarından onu yaxşı tanıyır. Alman mütəxəssisə verilən hesabatlar müsbətdir: Tresoldi son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib və uzunmüddətli perspektivdə yüksək səviyyəli ulduza çevrilə biləcək hücumçu kimi görülür.
Barcelona-nı artıq ağrıdan hücumçu
Club Brugge-in nə qədər çətin danışıqlar apardığını Barcelona yaxşı bilir. Jesse Bisiwu üçün aparılan danışıqlarda belçikalılar son qəpiyə qədər mübarizə aparmışdılar. Eyni sərt xəttin Tresoldi üçün də davam etməsi gözləniləndir.
Amma bir fərq var: bu dəfə söhbət komandanın hücum liderindən gedir. Ötən mövsüm Tresoldi bütün turnirlərdə 24 qol vurdu, bir neçə matçda isə demək olar ki, təkbaşına fərqi yaratdı.
Onun adı Barcelonada təkcə skaut hesabatlarında keçmir. Ötən mövsüm Çempionlar Liqasındakı 3:3-lük oyunda Tresoldi “Blaugrana” müdafiəçiləri üçün real başağrısına çevrilmişdi və bir dəfə də qapılarını yol tapmışdı. O gecə Camp Nou tribunalarında adını ilk dəfə eşidənlər indi həmin adı transfer siyahılarında görür.
Tresoldinin hələ inkişaf üçün kifayət qədər sahəsi var, amma üslubu Barcelona-nın axtardığı “9 nömrə” modelinə uyğun gəlir. Komanda yoldaşları ilə kombinasiyada güclüdür, dar zonalarda həll tapmağı bacarır, dərin blokla müdafiə olunan rəqiblərə qarşı xüsusilə faydalı görünür. Cərimə meydançasında bitiriciliyi yüksək səviyyədədir, amma driblinq hələ oyunun ən güclü tərəfi sayılmır.
Məhz bu xüsusiyyətlər onu Barcelona üçün cəlbedici edir. Eyni zamanda, müəyyən risk də yaradır: Tresoldi hələ tam formalaşmış ulduz deyil. 40 milyon avrodan yuxarı sərmayə üçün bu, hər klubun qəbul edəcəyi risk deyil.
Alvarez xətti açıq qalır, amma Plan B böyüyür
Bütün bunlara baxmayaraq, klub daxilində prioritet dəyişməyib. Hədəf aydındır: Julian Alvarez. Flick və Deco üçün birinci seçim hələ də odur. La Liga çempionu olan klub hücum xəttinin mərkəzinə artıq hazır, yüksək səviyyəli oyunçu gətirmək istəyir.
Amma transfer pəncərəsində romantika deyil, reallıq işləyir. Əməliyyat alınmaya da bilər. Məhz buna görə Barcelona paralel xətt qurub – Plan B. O xəttin üzərindəki adlardan biri də Tresoldidir.
Katalonlar hələ gözləmə mövqeyini qoruyur, Alvarez üçün qapını açıq saxlayır, eyni zamanda bazardakı bütün imkanları süzgəcdən keçirirlər. Siyahı genişdir, amma Club Brugge-in 21 yaşlı hücumçusu bu siyahıda getdikcə yuxarılara qalxır.
İndi sual budur: Barcelona risk edib gələcəyin hücumçusuna böyük məbləğ xərcləyəcək, yoxsa son anda istədiyi hazır ulduzu ala biləcək? Transfer pəncərəsinin son günləri bu sualın cavabını verəcək.




