Barcelona-da yay inqilabı: Balde üçün Manchester United fürsəti
Barcelona-nın yay inqilabı sürət kəsmir. Ronald Araujo və Ferran Torres artıq vidalaşıb, Joao Cancelo-nun gəlişi isə an məsələsidir. İndi isə diqqət bir başqa ada yönəlib – Alejandro Balde.
Gənc müdafiəçinin “Camp Nou”dakı gələcəyi birdən-birə dumanlanıb və səhnəyə ən tez reaksiya verən klub kimi Manchester United çıxıb.
Jorge Mendes Barcelonada: danışıqların mərkəzində Balde
İspaniyanın “MARCA” nəşrinin məlumatına görə, super-meneCer Jorge Mendes bu həftə Barcelonaya enib və özü ilə həm Balde, həm də Marc Casado üçün bir neçə rəsmi təklif gətirib.
Əvvəlcə klubun idman direktoru ilə masa arxasına əyləşib, daha sonra isə futbolçularla görüşərək qarşılarındakı variantları masaya qoyub. Casado üçün ayrılıq uzun müddətdir gözlənilən ssenari idi. Balde üçün isə yox.
Hər şey Balde-nin Elche ilə oyunun heyətinə salınmaması ilə dəyişdi. Gənc sol cinah müdafiəçisi nə start heyətdə, nə də ehtiyat oyunçular skamyasında idi. Bu, artıq sadə rotasiya kimi görünmürdü.
Məhz həmin qərardan sonra vəziyyətin ciddiliyi aydınlaşdı: Balde-nin qarşısında indi üç konkret təklif var. Manchester United lider mövqedə göstərilir, amma İspaniya millisinin üzvü ilə daha iki klub da ciddi maraqlanır.
Hazırda klub ətrafından sızan informasiyalara görə, ayrılıq bu gün-sabah baş verəcək proses deyil. Qərarın bir neçə günə formalaşacağı gözlənilir. Amma istiqamət artıq bəllidir: çıxış qapısına doğru.
Cancelo faktoru: Flick-in ilk seçimi, Balde üçün divar
Balde-nin əlini zəiflədən əsas səbəb Cancelo-nun gəlişidir. Hansi Flick-in yeni mövsümdə bir nömrəli sol cinah müdafiəçisi kimi məhz onu görəcəyi demək olar ki, şübhə doğurmur.
Bu, Balde üçün çox şey deməkdir. Bir neçə ay əvvəl gələcəyin əsas simalarından biri sayılan gənc sol cinah oyunçusu indi birdən-birə “dəqiq oynama” zəmanətini itirib. Elche qarşılaşmasında heyətdən kənarda qalması isə bu reallığı daha da sərtləşdirib.
Belə şəraitdə Balde-nin Barcelonada qalma ehtimalı xeyli zəifləyir. Rəsmi qərar hələ verilməyib, qapı tam bağlanmayıb, amma klubun indiki kursu və mövsüm planlaması onu kənara itələyir.
Barcelona-nın planı: əvəzləyici sol müdafiəçi, yoxsa yeni mərkəz müdafiəçisi?
Balde ayrılarsa, Barcelona-nın bazarda hərəkətsiz qalması mümkün deyil. Klub sol cinaha birbaşa əvəzedici gətirə bilər, amma masada başqa plan da var.
Uzun müddətdir gücləndirilməsi müzakirə olunan mövqe – mərkəz müdafiəçisi. Yeni bir mərkəz müdafiəçisinin transferi halında isə Gerard Martin yenidən sol cinaha çəkilə bilər. Bu, Flick-ə həm sistem, həm də heyət seçimində daha geniş manevr imkanı verər.
Beləliklə, bir oyunçunun mümkün gedişi təkcə sol cinahı deyil, bütün müdafiə xəttinin quruluşunu dəyişdirə bilər.
İndi sual budur: Barcelona gənc və sürətli Balde-ni buraxıb, riskli bir yenidənqurmaya gedəcək, yoxsa Flick son anda fikir dəyişib ona daha bir şans verəcək? Manchester United gözləmək niyyətində deyil.




