Caspian Sport

Bayern-in hücum planı: Brobbey və Gordon

Bayern Munich yenidən bazardadır, amma bu dəfə məsələ yalnız qol sayında deyil, profildədir. Klub Harry Kane-in arxasına “sadəcə ehtiyat” deyil, sistemə nəfəs verəcək, hücuma elastiklik qatacaq oyunçu axtarır.

Adlardan biri artıq tanışdır: Brian Brobbey.

Brobbey: bahalı ehtiyat, ya riskli layihə?

Brobbey bu mövsümün əvvəlində cəmi 20 milyon avrodan bir qədər çox məbləğə Ajax-dan Sunderland-ə keçmişdi. “Black Cats” onu ucuz buraxmaq fikrində deyil. The Independent yazır ki, istənilən klub bu hücumçu üçün təxminən 50 milyon avro ödəməlidir.

Bayern-in planında Brobbey-in rolu aydındır: əsas forvard Harry Kane-in ehtiyatı. Hazırda bu mövqeni Nicolas Jackson tutur. Chelsea-dən icarəyə götürülən 24 yaşlı hücumçu mövsümün sonuna qədər Münhendədir, amma yaydan sonra klubda qalması gözlənilmir.

Bayern onun müqaviləsindəki məcburi alqı-satqı maddəsindən ustalıqla yayınır. Maddə müəyyən sayda starta bağlı idi, Jackson isə az oynadığı üçün bu şərt işə düşməyəcək. Nəticə? Münhen klubu pul xərcləmir, futbolçu isə artıq Serie A nəhəngi AC Milan-la anılır.

Burada məntiqi sual yaranır: yalnız ehtiyat hücumçu üçün 50 milyon avro? Bayern-in transfer fəlsəfəsinə görə, çətin.

Brobbey-in mövsümü də arqumentləri gücləndirmir. Sunderland forması ilə Premyer Liqada 25 oyunda 6 qol, 1 assist – nə faciədir, nə də “dünyanı yandıran” performans.

Üstəlik, keçmişdəki uğursuzluq hələ də yaddaşlardadır. RB Leipzig dövrü tam fiasko idi: 14 oyun, sıfır qol. Ardınca 16 milyon avroya yenidən Ajax-a dönüş, orada 163 oyunda 56 qol və yenidən dirçəliş. İndi isə Premyer Liqada yeni sınaq.

Bayern üçün bu, sadəcə ehtiyat oyunçuya veriləcək yüksək məbləğ və üstəlik risk faktorudur.

Münhenin baxışları cinaha çevrilir

Məhz bu səbəbdən, Almaniyanın nəhəngi diqqətini daha çox çoxfunksiyalı hücumçulara yönəldib. Sky-ın məlumatına görə, klub Luis Diaz-ı solda həm dəstəkləyə, həm də real rəqabət apara biləcək futbolçu axtarır.

Burada bir ad önə çıxır: Anthony Gordon.

Sky onu Bayern-in “mütləq birinci seçimi” kimi təsvir edir. Səbəb aydındır. 25 yaşlı futbolçu yalnız cinahda deyil, mərkəz hücumçusu kimi və ya Kane tipli “9 nömrə”nin arxasında “10 nömrə” rolunda da oynaya bilir. Bu çeviklik, Tuchel sonrası yeni Bayern-in quruluşunda qızıl dəyərindədir.

Münhen klubu Gordon üçün 70 milyon avroya qədər ödəməyə hazırdır. Kağız üzərində bu, ciddi təklifdir. Amma Newcastle United üçün hələ də kifayət qədər cazibədar görünməyə bilər.

FFP təzyiqi, amma Newcastle tələsmir

Newcastle Financial Fair Play qaydalarının təzyiqi altındadır. Bəzi aparıcı oyunçuların satışı gündəmə gələ bilər, Bayern də bu vəziyyətdən yararlanmaq istəyir. Amma bu, ucuz alış mənasına gəlmir.

Newcastle hələ də mövqeyini qoruyur, 70 milyonluq təklifi eşidib sadəcə gülümsəyə bilər. Axı Anthony Gordon yalnız Almaniyanın nəhənginin radarında deyil. Premyer Liqa içində də, xüsusilə maliyyə gücü yüksək olan Arsenal kimi klublar onun üçün hər an hərəkətə keçə bilər.

Bu rəqabət qiyməti yuxarı çəkir, Bayern-i isə seçim qarşısında qoyur.

Brobbey-in kölgəsi: Tah üçün acı xatirə

Brobbey-in adını Münhendə tam silmək də olmur. Çünki o, müəyyən səviyyədə nə edə biləcəyini göstərib. Bayern-in mərkəz müdafiəçisi Jonathan Tah bunu yaxşı xatırlayır.

2024-cü ilin sentyabrında Nations League-də Almaniya ilə Niderlandın 2:2 hesablı oyununda Brobbey onu ciddi çətin vəziyyətdə qoymuşdu. Tah onu dəfələrlə yalnız kobudluqla dayandıra bilmiş, ikinci sarı riskinə görə fasilədə əvəzlənmişdi. Bu epizodlar skautların yaddaşından silinmir.

Belə futbolçu ehtiyatdan meydana daxil olanda oyunun ritmini dəyişə bilər. Amma Bayern-in hazırkı strategiyası üçün bu, 50 milyon avroluq sualdır.

İki hədəf, bir strategiya

Bir məsələ demək olar ki, qətidir: Bayern yayda həm Brobbey-i, həm də Gordon-u gətirməyəcək. Bu, klubun orta müddətli transfer planı ilə ziddiyyət təşkil edərdi. Münhen rəhbərliyi artıq bir neçə mövsüsdür ki, bazarda nəzarətsiz xərcləmədən uzaq durmağa çalışır.

İndi seçim daha çox fəlsəfi xarakter daşıyır:

Riskli, amma potensiallı ehtiyat “9 nömrə”yə 50 milyon avromu, yoxsa sistemi dəyişə biləcək, cinah və mərkəzi eyni dərəcədə oynayan hücumçuya 70 milyon avromu?

Cavab yalnız növbəti transfer pəncərəsini deyil, Bayern-in yaxın illərdə necə bir komanda olacağını da müəyyənləşdirəcək.