Bayern Münich Stuttgart-ı 5:1-lik hesabla məğlub etdi
Bayern Münich yenə özünə xas şəkildə etdi: əvvəlcə rəqibin cəsarətini uddu, sonra tempini qaldırdı və VfB Stuttgart-ı 5:1-lik hesabla darmadağın etdi. Skor tabloya ağır görünürdü, amma meydandakı axar bunu çoxdan xəbər vermişdi.
Stuttgartın cəsarətli startı, Bayern-in ilk zərbəsi
Matçın ilk dəqiqələrində sanki başqa ssenari yazılırdı. Stuttgart qorxmadı, geri çəkilmədi, ilk 15 dəqiqədə açıq futbol oynadı, duellərə sərt girdi və Bayern-in rahat quruluşuna imkan vermədi.
Amma bu ritmi Almaniya çempionuna qarşı 90 dəqiqə saxlamaq az komandanın bacardığı işdir.
Təzyiq tədricən Bavariya nəhənginin tərəfinə keçdi. 21-ci dəqiqədə isə bu üstünlük rəqəmlərə çevrildi: Dayot Upamecano künc zərbəsindən sonra fürsəti qaçırmadı və hesabı açdı. Bu qol həm də oyunun tonunu dəyişdi – Bayern topa nəzarəti ələ aldı, Stuttgart isə daha çox qaçmalı, daha çox düşünməli oldu.
İkinci hissənin şoku və Bayern-in amansız cavabı
Fasilədən sonra gözlənilməz an yaşandı. Sanki Bayern artıq oyuna tam nəzarət edəcək kimi idi, amma 52-ci dəqiqədə Josha Vagnoman səhnəyə çıxdı və Stuttgart üçün bərabərlik qolunu vurdu. Qonaqlar birdən-birə oyuna qayıtdı, tribunada səs artdı, qısa müddətə də olsa, ümid yenidən doğuldu.
Bu ümid cəmi bir neçə dəqiqə yaşadı.
Bayern reaksiya vermək üçün gözləmədi. 55-ci dəqiqədə Michael Olise fərqləndi və hesabı 2:1 etdi. Stuttgart hələ bu zərbənin şokundan çıxmamışdı ki, 58-ci dəqiqədə yenə Vagnoman ön plana çıxdı – bu dəfə öz qapısına. Avtoqol hesabı 3:1-ə gətirdi və oyunun taleyi demək olar ki, həmin an həll olundu.
Buradan sonra meydanda tipik Bayern mənzərəsi vardı: üstünlük, temp, yorulan rəqib və boşluqları sonadək dəyərləndirmə instinkti.
Pavlović: “Biz dayanmırıq, sona qədər gedirik”
Matçın sonlarına yaxın üstünlüyü daha da böyüdən qollar gəldi. 82-ci dəqiqədə Aleksandar Pavlović fərqləndi, 90+2-ci dəqiqədə isə Luis Diaz son nöqtəni qoydu – 5:1.
Pavlović final fitindən dərhal sonra “Sky”a danışanda komandasının oyun fəlsəfəsini açıq şəkildə ifadə etdi:
“Başdan hər şeyimizi verdik. Stuttgart-a qarşı tez-tez belə olur: ikinci hissənin ortalarına doğru bir az geri düşürlər, enerjiləri azalır. Bu gün də elə oldu. Biz isə sadəcə davam edirik, heç vaxt dayanmırıq və həmişə qollarımızı vururuq”.
Bu sözlər matçın xülasəsi kimi səsləndi. Bayern temp salmadı, rəqibin fiziki və mental enişini hiss edən kimi üstünlüyü rəqəmlərə çevirdi.
Undavdan sərt özünütənqid: “Səkkiz-doqquz qol da yeyə bilərdik”
Stuttgart kapitanı Deniz Undav üçün isə bu axşam acı dərs idi. O, matçdan sonra emosiyanı gizlətmədi, rəqibin üstünlüyünü açıq şəkildə qəbul etdi:
“Əgər Fabi (qapıçı Fabian Bredlow) bu gün bu qədər möhtəşəm oynamasaydı, burada səkkiz-doqquz qol buraxa bilərdik. Onlar sonadək epizodlarını oynayırlar, biz isə dörd-beş vəziyyətdə real qol şansı yarada biləcək imkanlarımız vardı, amma orada yanlış qərarlar verdik”.
Undav “Bayern-ə qarşı iki oyunun mövsümdə ‘bonus oyunlar’” olduğunu deyib, bununla belə bu dəfə fərqin çox böyük olduğunu etiraf etdi: “Təəssüf ki, bu dəfə hesab bu qədər aydın oldu”.
Onun sözləri həm komandanın özünə, həm də azarkeşlərə ünvanlanan açıq mesaj idi: təkcə cəsarət kifayət etmir, bu səviyyədə soyuqqanlılıq və dəqiqlik də tələb olunur.
Fasilədə “işıqlar söndü” – Hoeneß gülümsədi, amma…
Stuttgart üçün qəribəliklər yalnız meydanda deyildi. Fasilə zamanı komanda daha bir gözlənilməz durumla üzləşdi – soyunub-geyinmə otağında işıqlar söndü. Səbəb böyük ehtimalla elektrik kəsintisi idi.
Baş məşqçi Sebastian Hoeneß matçdan sonra “Sky”a bunu təsdiqlədi və hadisəni yumorla qarşıladı:
“Artıq işıq yox idi, amma yenə də kifayət qədər işıqlıq vardı, bir-birimizi görürdük, yıxılmadıq, büdrəmədik. Yəni hər şey qaydasında idi”.
Amma idman baxımından o, tonunu dəyişdi:
“Yaxşılaşmalıyıq, bu, müzakirə mövzusu deyil. Bayern burada daha çox komandaya qalib gələcək, yəqin bizdən də böyük hesabla. Amma yenə də daha yaxşı oynamaq iddiamız olmalıdır”.
Hoeneß-in bu cümləsi Stuttgart-ın mövsüm davamında necə reaksiya verəcəyini müəyyənləşdirəcək əsas xəttə çevrilə bilər. Bayern qarşısında ağır məğlubiyyət bəzən komandanı sındırır, bəzən isə daha sərt, daha yetkin edir.
Bu dəfə hansı variant baş verəcək – cavabı artıq növbəti turlarda veriləcək.




