Caspian Sport

Bernardo Silva ilə Barcelona arasındakı sərt qərar

Uzun müddətdir ki, Barcelona ilə Bernardo Silva arasında məsafə sanki bir neçə imzaya qədər enmişdi. Danışıqlar irəliləyir, tərəflər razılığa yaxınlaşır, transfer demək olar ki, “bitdi” kimi görünürdü. Amma son anda tablo dəyişdi.

Keçmiş Manchester City kapitanı artıq Kataloniya klubuna “hə” deməyə hazır sayıldığı anda geri addım atdı. Son dəqiqə manevri etdi, qərarını dondurdu və gələcəyi ilə bağlı yekun sözü Dünya Çempionatından sonrasına saxladı. Bu, sadəcə vaxt qazanmaq cəhdi deyildi – bu, bazarın nəbzini bir daha yoxlamaq üçün açıq buraxılmış qapı idi.

Bu arada Bernardo Silva hələ də Barcelona rəhbərliyinin çox bəyəndiyi adlardan biridir. Amma artıq bu hekayədə yalnız onlar yoxdurlar. La Liga daxilində Atletico Madrid və Real Madrid də oyuna daxil olub, yarışı qızışdırıblar. Və məhz buradan sonra ton dəyişib.

Maaş tələbləri artır, Barcelona “xətt çəkir”

İspaniyanın “MARCA” nəşrinin məlumatına görə, Madrid klublarının yarışa qoşulmasından sonra Bernardo Silva öz maaş tələblərini qaldırıb. Bazarda rəqabət artdıqca, portuqaliyalı yarımmüdafiəçi də paketini maksimuma çıxarmaq istəyir.

Barcelona isə cavabını çox aydın verib: masadakı təklif son həddir. Heç bir əlavə, heç bir artım yoxdur. Klub rəhbərliyi portuqaliyalı ulduza açıq mesaj göndərib – ya bu şərtlərlə gəl, ya da yollar ayrılır.

Bu sərt mövqenin arxasında sadə bir məntiq dayanır. Klub, Hansi Flick-in komandasında Bernardo Silva üçün nəzərdə tutulan rolu nəzərə alaraq, ona “ulduz maaşı” vermək niyyətində deyil. Onun texniki keyfiyyəti, oyun intellekti, bir neçə mövqedə eyni səviyyədə çıxış edə bilməsi yüksək qiymətləndirilir. Amma o, bu heyətdə mütləq, toxunulmaz start heyəti oyunçusu kimi görülmür.

Bu reallıq fonunda yüksək maaşa razılaşmamaq klub üçün rasional addımdır. Mövcud heyət kontekstində Silva lüks sayılır, zəruri ehtiyac yox.

Keçmiş səhvlərin kölgəsi

Barcelona son illərdə oyunçulara həddindən artıq yüksək maaşlar verib, bir çox hallarda bazarın diktə etdiyindən də yuxarı rəqəmlərə boyun əyib. Bu səhvlərin maliyyə yükü hələ də klubun çiyinlərindədir. Büdcə sıxılıb, manevr imkanları məhduddur, hər yanlış qərar yeni fəsadlar vəd edir.

Məhz buna görə indiki rəhbərlik fərqli yol seçib. Ayağını yerə möhkəm vurur, heç kimin tələbinə kor-koranə boyun əymir. Bernardo Silva kimi səviyyəli futbolçu belə olsa, prinsiplər dəyişmir. Portuqaliyalı ulduzun istəkləri klubun daxili nizamı ilə toqquşursa, üstünlük bu dəfə strukturun qorunmasına verilir.

Bu, təkcə maliyyə deyil, həm də paltardəyişmə otağının tarazlığı məsələsidir. Bir oyunçu üçün limit qaldırılarsa, sabah digərləri də eyni cür yanaşma tələb edəcək. Barcelona bunu artıq yaşayıb və yenidən eyni dairəyə düşmək istəmir.

Bernardo üçün həqiqi sınaq: pul, yoxsa xəyal?

İndi bu hekayə tədricən bir transfer danışıqlarından çox, Bernardo Silva-nın prioritetlərinin testinə çevrilir. Portuqaliyalı yarımmüdafiəçi illərdir Barcelona ilə flört edir. Hər yay onun adı Kataloniya klubu ilə yanaşı çəkilib, hər dəfə müxtəlif səbəblərdən anlaşma baş tutmayıb. Maraqlı olan odur ki, tərəflər arasında qarşılıqlı simpatiya həmişə olub.

İndi isə o, azad agent statusundadır. Kağız üzərində bu, Barcelona üçün ideal fürsət kimi görünür: transfer haqqı yoxdur, oyunçu illərdir arzulanan profildir, klubun oyun fəlsəfəsinə uyğun gəlir. Bernardo üçün də bu, karyerasında bir dəfə düşən şans təsiri bağışlayır – nəhayət, Blaugrana formasını geyinmək imkanı.

Amma bir “amma” var. Əgər onun əsas hədəfi maliyyə paketini maksimuma çatdırmaqdırsa, Barcelona bu yarışda çətinlik çəkəcək. Klubun bu yay prioritetləri başqa istiqamətlərdədir, resurslar ölçülü-biçili xərclənməlidir. Madrid klubları və ya başqa zəngin iştirakçılar daha cəlbedici maaşlar təklif edə bilər.

Barcelona isə bu dəfə başqa cür davranır. Azarkeşlər üçün də bu mövqe bir növ nəfəsdir. Uzun illərdən sonra klubun “yox” deməyi bacarması, xəyalpərəstliklə iqtisadi reallıq arasında sərhəd çəkməsi təqdir olunur. Prinsip sadədir: Bernardo Silva gəlmək istəyirsə, bunu Barcelona-nın şərtləri ilə etməlidir, yoxsa heç etməməlidir.

İndi səhnə tam onun qarşısındadır. Bir tərəfdə Camp Nou tribunalarının xəyalı, Flick-in sistemində mühüm, amma balanslı rol. Digər tərəfdə daha yüksək maaş, bəlkə də daha az romantik, amma daha sərfəli müqavilə.

Cavab isə yaxın həftələrdə gələcək. Və o cavab təkcə bir transferin taleyini deyil, həm də Bernardo Silva-nın karyera fəlsəfəsini açıq göstərəcək.