Caspian Sport

Blackburn Rovers yay transfer pəncərəsini müdafiə edir: "Hamı məyusdur"

Blackburn Rovers-in yeni icraçı direktoru Steve Curwood yay transfer pəncərəsində klubun fəaliyyətini açıq şəkildə müdafiə edib, amma eyni zamanda azarkeşlərin hisslərini də gizlətməyib: hamının məyus olduğunu etiraf edib.

Çempionşip təmsilçisi pəncərə bağlanana qədər cəmi dörd futbolçu ilə anlaşdı. Bu, tribunada kifayət qədər narazılıq yaratdı. Üstəlik, son gün üç mümkün transferin də baş tutmaması əsəbləri bir az da gərginləşdirdi.

Curwood BBC Radio Lancashire-ə danışarkən masada kifayət qədər razılaşma olduğunu vurğuladı: “Razılaşdırılmış müqavilələr var idi. Həm futbolçularla, həm klublarla razılaşmalar əldə olunmuşdu. Futbolda əxlaqdan danışa bilərik, bəlkə də indi o qədər də çox deyil və baş verənlər də bunun nəticəsidir”.

Onun sözlərinə görə, Blackburn bir neçə oyunçu üçün son anda “əlindən alınıb”: “Son dəqiqədə bir-iki transferdə üstümüzə gəldilər. Biri də xarici futbolçu ilə bağlı idi, gözlədiyimizdən daha çox vaxt apardı”.

BBC Radio Lancashire-in məlumatına əsasən, baş tutmayan keçidlərdən ikisi sonda Burnley-ə gedən Reo Hatate və Bristol City ilə anlaşan Brian De Keersmaecker ilə bağlı olub.

Curwood yenə də klubun sərmayə qoyduğunu iddia edir: “İnvestisiya var idi. İdarə heyətinin tərəddüdü olmayıb. Proses boyu əməkdaşlıq olub. Sadəcə, son maneəni aşa bilmədik. Bəli, bu məyusedicidir, biz də məyusuq, Tony Mowbray də o əlavə keyfiyyəti istəyirdi, amma bunu reallaşdıra bilmədik”.

Gecikmiş təyinat, xaotik pəncərə

Keçən mövsüm komandanı Çempionşipdə saxlayan, eyni zamanda Şimali İrlandiya millisindəki vəzifəsini daşıyan Michael O’Neill mayın ortalarında Ewood Park-da daimi baş məşqçi postunu qəbul etmədi. Klub isə iyunun 5-də keçmiş çalışdırıcısı Tony Mowbray-ə qayıtdı.

Curwood transfer pəncərəsini “xaotik” adlandırır, bunu isə bir neçə amillə, xüsusilə də Mowbray-in gec təyinatı ilə əlaqələndirir: “İdeal variant odur ki, baş məşqçiniz mayın əvvəlində iş başında olsun və gələn mövsüm üçün kursu müəyyənləşdirsin. Bizim üçün bu zaman cədvəli sıxıldı, üstəlik, zədələr də işə qarışdı”.

O, erkən hərəkət etməyin bəzən keyfiyyətdən imtina demək olduğunu açıq şəkildə dilə gətirdi: “Əgər bütün işləri tez bitirmək istəyirsinizsə, bəzən ən yaxşı futbolçulara gedə bilmirsiniz. Ya risk edib bir nömrəli hədəfi gözləməlisiniz, ya da, məsələn, Jayden Fevrier kimi, əldə edə biləcəyiniz futbolçunu öncədən ‘binaya gətirməlisiniz’”.

Mowbray-in yanaşması isə aydındır – sayı deyil, uyğunluğu önə çəkir: “Üç-dörd hədəf müəyyənləşdiririk, amma Tony üçün əsas odur ki, bura gələnlər həqiqətən burada olmaq, onun üçün oynamaq istəsin. Bəlkə də məhz Tony-nin istədiyi konkret futbolçulara bu qədər fokuslanmaq düzgün deyildi? Konkretlik istəyəndə belə hallar baş verir, amma heç birimiz sadəcə say artsın deyə futbolçu gətirmək istəmirik”.

Gedənlər, qalanlar və rədd edilən təkliflər

Yayda Blackburn-dən yeddi futbolçu ayrıldı. Transferlər istənilən kimi alınmasa da, Curwood bu qərarı səhv saymır: “Məşqçiyə müəyyən qərarlar vermək imkanı tanımalısınız. Heyət siyahısı yuxarı hissədə həddindən artıq dolu idi. Bəzi futbolçulara oyun praktikası lazım idi, məsələn, George Pratt-in Bradford-a getməsi kimi”.

BBC Radio Lancashire-in məlumatına görə, klub Ryoya Morishita, Sean McLoughlin, Balasz Toth, Yuki Ohashi və Ryan Alebiosu üçün daxil olan təklifləri də geri çevirib. Yəni yalnız alıcı tərəf kimi deyil, satıcı mövqedə də selektiv davranılıb.

Curwood iki ay əvvəl League Two təmsilçisi Fleetwood Town-dan Blackburn-ə qoşulub və hələ adaptasiya mərhələsində olduğunu gizlətmir: “Bura gələndən bəri hər şey fırtına kimi keçib – transfer pəncərəsi, bir administratorun başqa kluba getməsi, baş fizioterapevtin ayrılması. İlk 90 gün mənə həm düşünmək, həm də klubun irəli getməsi üçün lazım olan prosesləri gətirmək imkanı verəcək”.

O, azarkeşlərdən bir az səbir istəyir və növbəti pəncərəyə qədər fərqli mənzərə vəd edir: “Növbəti pəncərəyə girəndə, ondan sonrakı dövrdə tamamilə başqa vəziyyətdə olacağıq”.

İndi isə tribuna cavab gözləyir: bu vədlər Ewood Park-da mövsümün taleyini dəyişməyə yetəcəkmi?