BlueCo dövrünün kabusu: Chelsea-nin bahalı transferləri
BlueCo erası “Chelsea” üçün yeni başlanğıc kimi təqdim olunmuşdu. Uzunmüddətli planlar, gənc ulduzlar, böyük pullar. Amma bu hekayənin böyük hissəsi, əslində, meydanda yox, balans hesabatlarında qaldı. Bir-birinin ardınca gələn transferlərdən bəziləri o qədər sönük alındı ki, “Stamford Bridge” tribunaları onları xatırlamağa belə çətinlik çəkir.
Carney Chukwuemeka – səs-küylü gəliş, səssiz gediş
Carney Chukwuemeka 2022-ci ildə “Aston Villa”dan 20 milyon funt-sterlinqə gətiriləndə, onu U-19 Avropa çempionu, İngiltərənin növbəti böyük mərkəz oyunçusu kimi təqdim edirdilər. Gənc, dinamik, “box-to-box” profilli yarımmüdafiəçi.
Reallıq tamam başqa oldu. Zədələr, ardınca isə sadəcə gözardı edilmək. İki yarım mövsümdə cəmi 32 oyun, heç bir real rol, heç bir ritm. “Stamford Bridge”dəki karyerası demək olar ki, baş verməmiş kimi yadda qaldı. Yayda əvvəlcə icarə, sonra isə tam transferlə “Borussia Dortmund”a keçidi bu “heç nə” dövrünün sakit son nöqtəsi oldu.
Christopher Nkunku – premyer liqa xəyalları, zədənin diktəsi
“Chelsea” 2023-cü ildə “RB Leipzig”dən Christopher Nkunku üçün 52 milyon funt-sterlinq ödəyəndə, bu, BlueCo dövrünün ilk böyük zərbəsi kimi görünürdü. Bundesliqanı alt-üst edən, rəqib cərimə meydanında hər yerdə görünən, hücuma rəhbərlik edə bilən ulduz.
Hər şey bir məşqdə dəyişdi. Klubla tam qoşulduqdan qısa müddət sonra aldığı ciddi diz zədəsi 2023-24 mövsümünün yarısını əlindən aldı və ton verdi: bu hekayə heç vaxt tam açılmayacaqdı. Sağaldı, geri döndü, amma artıq səhnə Cole Palmer-in idi. Nkunku 2024-25 mövsümündə epizodik fiqura çevrildi, “Premier League”də cəmi 27 oyunla kifayətləndi və nəhayət, yayda “AC Milan”a satıldı. Böyük transfer, kiçik iz.
Alejandro Garnacho – “fürsət transferi”nin boşa çıxan tərəfi
Keçən yay “Chelsea”nin “Manchester United”dən Alejandro Garnacho üçün 40 milyon funt-sterlinq ödəməsi Premyer Liqa mühitində şok effekti yaratmışdı. “Ruben Amorim”in altında kənara itələnmiş gənc cinah oyunçusu, guya “Stamford Bridge”də yenidən doğulacaqdı.
Olmadı. “Old Trafford”dakı cəsarətli reydlər, iti driblinqlər sanki it-bata düşdü. Sol cinahda Enzo Maresca da, onun ardınca Liam Rosenior da ona şans verdi, amma Garnacho nə start heyətində möhkəmlənə bildi, nə də yadda qalan çıxışlar etdi. Bir-birinin ardınca gələn solğun oyunlar, itirilən özünəinam.
İndi klub artıq zərərlə də olsa onu yola salmağa hazırdır. Açıqlanan 43–45 milyon funt-sterlinqlik qiymət etiketinə bu performansla alıcı tapmaq isə ayrı problemdir. Qazanan tərəf hələlik yalnız “United”dir.
Pierre-Emerick Aubameyang – bir günün içində bitən plan
Pierre-Emerick Aubameyang 2022-ci ilin yayında “Barcelona”dan məhz Thomas Tuchel-in istəyi ilə gətirilmişdi. Plan sadə idi: təcrübəli forvard, tanış sistem, tez nəticə. Amma Tuchel, Aubameyang “Chelsea” forması ilə debüt etdikdən cəmi bir gün sonra işdən çıxarıldı.
Bundan sonra ssenari dəyişdi. Graham Potter onu heç vaxt həqiqi lider kimi görmədi, inam da, oynama vaxtı da azaldı. Nəhayət, tam kənara atıldı. Mövsüm bitəndə isə pulsuz şəkildə “Marseille”ə yola salındı. Cəmi 21 oyun, 3 qol. Bir mövsümlük, son dərəcə sönük bir epizod – nə az, nə çox.
Kalidou Koulibaly – müdafiənin dayağı olmalı idi, bir mövsümə dözmədi
Kalidou Koulibaly-nin gəlişi BlueCo erasında ilk böyük müdafiə layihəsi kimi təqdim olunurdu. “Napoli”də illərlə Avropanın ən mötəbər mərkəz müdafiəçilərindən biri sayılan seneqallıdan “Chelsea” arxa xəttini yenidən qurmaq gözlənilirdi.
Lakin klubun özündə xaos hökm sürürdü. Məşqçi dəyişikliyi, sistem dəyişiklikləri, daimi təzyiq. Koulibaly-nin bir neçə yüksək səviyyəli səhvi isə tribunaların səbrini tez tükətdi. O, heç vaxt müdafiənin mərkəzində toxunulmaz fiqura çevrilmədi. Nəticədə, cəmi bir mövsüm sonra “Al-Hilal”a satıldı və Səudiyyə Ərəbistanına köçən ilk böyük adlardan biri oldu. “Transformasiya” sözü kağız üzərində qaldı.
Raheem Sterling – səs-küylü ad, sönük karyera
BlueCo erası üçün simvolik startlardan biri də Raheem Sterling idi. “Manchester City”dən 47,5 milyon funt-sterlinqə gələn, çoxsaylı çempionluqlar yaşamış, Premyer Liqanın sübut olunmuş qol silahı.
“Chelsea”də isə heç vaxt həmin səviyyəyə qalxa bilmədi. İki boz mövsüm, azalan təsir, azalan inam. Enzo Maresca onu məşhur “bomb squad”a göndərəndə artıq dönüş nöqtəsi qalmamışdı. 2024-25 mövsümünü “Arsenal”da uğursuz icarə ilə keçirdi, geri döndükdə isə yenə kənarda qaldı. Nəhayət, 2026-cı ilin yanvarında müqaviləsi birtərəfli şəkildə ləğv olundu. Klub üçün də, oyunçu üçün də vaxt itkisi kimi görünən bir birlik.
Joao Felix – iki dəfə eyni səhv
BlueCo rəhbərliyi Joao Felix-i o qədər çox istədi ki, onu iki dəfə gətirdi. Amma nə “Atletico Madrid”də, nə də ilk icarə dövründə “Chelsea”də tam partlamamış oyunçuya ikinci şansın verilməsi artıq riskdən çox, inad təsiri bağışlayırdı.
2023-cü ilin yanvarında baş verən ilk icarə müddətində debütdə “Fulham”a qarşı aldığı qırmızı vərəqə sanki xəbərdarlıq idi. Buna baxmayaraq, 2024-cü ildə “Barcelona”dakı məhsuldar mövsümdən sonra “Stamford Bridge” qapıları yenidən ona açıldı. Enzo Maresca altında yarım mövsüm belə davam gətirə bilmədi. Təsir qoymadı, oyuna yön vermədi, iz buraxmadı. Mövsümün qalan hissəsi üçün “AC Milan”a icarəyə göndərildi, 2025-ci ilin yayında isə “Al-Nassr”a daimi keçidlə Avropadan uzaqlaşdı.
Facundo Buonanotte – göz qırpımında bitən epizod
Facundo Buonanotte-nin “Chelsea”dəki dövrünü xatırlamayan azarkeşləri qınamaq çətindir. 2025-ci ilin yay transfer pəncərəsinin sonlarında “Brighton”dan icarəyə gətirilən argentinalı hücumameylli yarımmüdafiəçi, görünür, sadəcə heyət dərinliyi üçün düşünülmüşdü.
Nəticə: cəmi 8 oyun, onlardan yalnız biri “Premier League”də. Çox vaxt ümumiyyətlə matç günü heyətinə belə düşmədi. Yanvarda icarə müqaviləsi vaxtından əvvəl pozuldu, ardınca “Leeds”də də bir o qədər təsirli olmayan yarım mövsüm keçirdi. Qısa, izsiz, unudulan bir epizod.
Deivid Washington – uzunmüddətli müqavilə, qısamüddətli ümidlər
Deivid Washington adını çox az adam xatırlayır, amma o, hələ də klubun heyətindədir. “Santos”dan 2023-24 mövsümündə 17 milyon funt-sterlinqə gətirilən hücumçu, uzunmüddətli müqavilə dalğasında imza atan gənclərdən biri idi.
Üç ildə əsas komandada cəmi 3 oyun. Qalan vaxtını əsasən inkişaf komandasında keçirib. 2025-ci ildə yenidən “Santos”a icarəyə göndərildi, lakin orada da ciddi iz buraxa bilmədiyi üçün geri çağırıldı. İndi 21 yaşındadır və “Chelsea”də gələcəyinin olmadığı açıq görünür. Növbəti addımının artıq daimi transfer olacağı gözlənilir.
Mykhailo Mudryk – həyəcanla başlayan, qadağa ilə bitən kabus
Mykhailo Mudryk hekayəsi BlueCo dövrünün ən dramatiklərindən biridir. 2023-cü ilin yanvarında “Shakhtar Donetsk”dən 89 milyon funt-sterlinqə gətiriləndə, bu transfer kluba yeni dövrün simvolu kimi təqdim olunurdu. Sürət, cəsarət, gənclik – hər şey vardı.
Meydanda isə başqa mənzərə yarandı. Mudryk çox vaxt özünəinamdan məhrum, qərarsız görünürdü. Bir-birini əvəz edən baş məşqçilər altında heyətə girib-çıxdı, heç vaxt sabitlik tapmadı. 2024-cü ilin noyabrında isə hər şey tam dayandı: müvəqqəti dopinq cəzası ilə kənara çəkildi.
2026-cı ilin aprelində İngiltərə Futbol Assosiasiyasının maksimum – dörd illik – dopinq qadağası verdiyi ortaya çıxdı. Mudryk qərardan apellyasiya edib, 2026-27 mövsümündə qayıda biləcəyinə ümid edir. Amma bir sual havada asılı qalıb: bu qədər zədələnmiş imicdən sonra, onu bir daha “Chelsea” formasında görmək realdırmı?
BlueCo erası kağız üzərində yenilik, meydanda isə çox vaxt yanlış hesablanmış risklərin toplusu kimi görünür. İndi sual budur: bu qədər bahalı səhvdən sonra “Stamford Bridge” nəhayət, öyrənəcəkmi ki, hər parlayan ad, mütləq ulduz olmur?




