Bruno Fernandes: Manchester United-in Kapitanı
Bruno Fernandes artıq uzun müddətdir ki, bu komandanın nəbzini tutan adamdır. 2020-ci ilin yanvarında Sporting-dən 47 milyon funt sterlinqə gələndən bəri geriyə baxmayıb, Manchester United-də hər mövsüm yükü çiyninə alıb, meydanın hər qarışında iz buraxıb. 2023-cü ildə Harry Maguire-dən kapitan sarğısını aldıqda da çoxları üçün bu, sadəcə formal təsdiq idi: komandanı faktiki olaraq onsuz da o aparırdı.
Portuqaliyalı yarımmüdafiəçi artıq klub üçün 328 oyuna çıxıb, 107 qol vurub. Quru statistikadan çox şey gözləməyənlər üçün belə bu rəqəmlər kifayət qədər danışır. 2025-26 mövsümündə isə Fernandes Premyer Liqa tarixində öz adına ayrıca bir səhifə açdı: bir mövsümdə 21 qol ötürməsi ilə bu göstəricidə Thierry Henry və Kevin De Bruyne kimi adları kölgədə qoydu. Bunun ardınca həm PFA, həm də FWA tərəfindən “İlin futbolçusu” seçilməsi təsadüf deyildi, həm həmkarların, həm də media nümayəndələrinin ona verdiyi real qiymət idi.
Bütün bunlara baxmayaraq, Bruno Fernandes barədə mübahisə heç vaxt tam sönmür. Onun dəyəri, təsiri, məsuliyyəti – hamısı aydındır. Amma xarakteri, xüsusilə də meydandakı teatral reaksiyaları, hakimin qərarlarına emosional etirazları zaman-zaman kəskin tənqid hədəfinə çevrilir. Sual da buradan doğur: belə bir fiqur uzunmüddətli perspektivdə Manchester United üçün ideal kapitan modelidir?
Bu sual, klubun tarixində üç Premyer Liqa çempionluğu yaşamış, kapitan sarğısını illərlə daşıyan Steve Bruce-a ünvanlananda, cavab tərəddüdsüz gəldi. O, GOAL-a danışarkən, Free Bets-lə əməkdaşlıq çərçivəsində fikirlərini bölüşdü və bir nöqtəyə qayıtdı: alternativ kimdir?
“Məndən bu sualı o qədər soruşublar ki. Başqasına verərdin bəs? – deyə Bruce vurğulayıb. – Mənim dövrümlə müqayisə etmək düzgün deyil. O vaxt komandada Mark Hughes, Roy, Robbo… nə qədər lider vardı. İndi isə Bruno açıq-aşkar ən önəmli futbolçudur. Dünən qazandığı Players’ Player of the Year mükafatı da göstərir ki, peşəkarlar da onu belə görür”.
Bruce-u təəccübləndirən məqam isə zamanın necə sürətlə keçməsidir: Fernandes artıq 8 sentyabrda 32 yaşına qədəm qoyacaq. Beş ilə yaxındır ki, “Old Trafford”da ön cəbhədədir və keçmiş müdafiəçi bunu xüsusi vurğulayır: “Son beş ildə Man U üçün qeyri-adi olub. Rəqəmləri hər kəsin gözünün qabağındadır”.
Bəli, bəzən əsəbləri tarıma çəkilir, jestləri, etirazları göz qabağındadır. Amma Bruce üçün bu, böyük mənzərəni dəyişmir: “Meydana hər şeyini qoyur. Bəli, arada bir az ərköyünlük var, amma uşaq möhtəşəm futbolçudur. Uzun müddətdir çətinliklərlə boğuşan komandada ən böyük səhnədə daim məhsul verir. Məncə, son dörd-beş ildə Man U-nun ən yaxşı futbolçusu məhz odur”.
Bu gün üçün cavab aydındır: Manchester United-in kapitanı Bruno Fernandes-dir və bu, nəticələr, rəqəmlər, soyunma otağındakı çəkisi ilə əsaslanır. Amma zaman heç kəsi gözləmir. Bir gün “Theatre of Dreams”lə vidalaşmaq, sarğını başqasına ötürmək qaçılmaz olacaq. O gün gələndə klubun qarşısında yeni sual dayanacaq: Fernandes-dən sonra kim?
Bu mövzuda da keçmiş çempionlardan biri – Lee Sharpe – öz baxışını artıq bölüşüb. O da GOAL-a danışarkən, komandanın içində potensial namizədlərin az olmadığını deyib: “Kapitanlar? Məncə, Harry Maguire bu işi keçmişdə kifayət qədər yaxşı görüb. Ona yenə güvənmək olar. Arxada Lisandro Martinez də kapitan xarakterinə malikdir”.
Sharpe-ın diqqətini cəlb edən başqa bir ad isə Mason Mount-dur. Onun fikrincə, təcrübəsi və oyun üslubu onu gələcək üçün ciddi namizədə çevirir: “Əgər sağlam qala bilsə və əvvəlki mövsümlərdəki kimi oynasa, Mason Mount həmişə namizəd olacaq. O, qorxu ilə yox, nümunə ilə idarə edə biləcək tipdədir. Bir neçə belə fiqur var”.
Gənc nəsildən Kobbie Mainoo da söhbətdə yada salınır. Sharpe etiraf edir ki, onun soyunma otağında nə qədər səsli və dominant olduğunu bilmir, amma meydandakı yetkinliyi artıq diqqət çəkir: “Kobbie-nin böyük danışan olub-olmadığını bilmirəm, amma orada bir neçəsi var. Ola bilər ki, Bruno gələn iki mövsümdə getsin və bəlkə də yeni gələn kimsə kapitanlığa iddialı olsun”.
Manchester United üçün bu, sadəcə bir sarğı seçimi deyil. Bu, komandanın xarakterini, gələcək illərin ruhunu müəyyənləşdirəcək qərardır. Fernandes hələ meydandadır, hələ oyunu diktə edir, hələ mübahisə edir, qollar vurur, ötürmələr yazır və mükafatlar qazanır. Amma sual artıq havadadır: o, nə vaxtsa “Old Trafford” işıqlarından kənara çəkiləndə, bu səhnənin mərkəzinə kim çıxacaq?




