Caspian Sport

Bruno Fernandes satılmır: Manchester United-in qərarı

"Manchester United" rəhbərliyi Bruno Fernandes mövzusuna yekun nöqtəni qoyub. Klubun kapitanı heç bir qiymətə satılmayacaq. Nə indi, nə də bu yay.

"Galatasaray"ın 31 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif hazırladığı xəbərləri fonunda "United"dən cavab sərt olub: danışıqlar masası belə açılmayacaq. Fernandes müqaviləsinin son ilinə daxil olub, amma klubun onu daha bir mövsüm uzatmaq üçün opsionu var və bu imkandan istifadə olunacağı gözlənilir.

Portuqaliyalı ulduz ötən mövsüm liqanın ötürmə rekordunu qıraraq, Premyer Liqanın ilin futbolçusu seçilmişdi. Bu fonunda onu itirmək barədə söhbət belə açılmır. Üstəlik, onun müqaviləsindəki 57 milyon funt sterlinqlik, yalnız xarici klublara şamil olunan sərbəstqalma maddəsi də artıq qüvvədən düşüb. Yəni indi Fernandes üçün qiyməti yalnız "United" müəyyən edir.

Keçən yaydan qalan yara: Səudiyyə epizodu

Hekayənin arxasında isə başqa bir fon dayanır. Dekabrda Fernandes etiraf etmişdi ki, ötən yay klub ona Səudiyyə Ərəbistanından gələn nəhəng təklifləri dəyərləndirməyə icazə verəndə özünü "yaralanmış" hiss edib. "Al Hilal" onu almaq üçün 100 milyon funt sterlinq ödəməyə hazır idi.

O vaxt "United"in onu satmağa açıq olduğu təəssüratı yaranmışdı. İndi isə tam əksi baş verir. Klub rəhbərliyi son aylarda mesajı birmənalı şəkildə verib: Bruno Fernandes satılmır və layihənin mərkəzində qalır. Ötən yaydakı qeyri-müəyyənlik bağlanıb, onun gələcəyi "Old Trafford"da çəkilir.

Sky Sports-da "The Transfer Show" proqramında James Savundra da hazırkı vəziyyəti belə dəyərləndirib: bir il əvvəl sanki 50:50 idi, klub 100 milyon funt sterlinq qazanacağı təqdirdə onu buraxmağa hazır görünürdü. İndi isə ssenari dəyişib. Fernandes özü Səudiyyə Pro Liqası ilə söhbətlərini açıq şəkildə etiraf etsə də, sonda gələcəyini "Manchester United"ə bağlamaq qərarına gəlib.

Məsələ təkcə bu yayla bitmir. Yarımmüdafiəçinin müqaviləsində bir il + bir il opsion qalıb. Əgər klub bu mövsüm ərzində yeni müqavilə üzərində işləməsə, gələn ilin yanvarında Fernandes xarici klublarla azad transfer danışıqlarına başlaya biləcək. Bu isə "United" üçün qəbuledilməz ssenaridir. Onun ötən mövsüm göstərdiyi performansdan sonra – rekord ötürmələr, meydanda liderlik, Premyer Liqanın ən yaxşı futbolçusu statusu – rəhbərlik onu itirmək riskini gözə almayacaq.

Üstəlik, o, bu mövsüm Michael Carrick-in planlarının mərkəzində dayanır. Klubun Avropa arenasında və Premyer Liqada ambisiyaları varsa, bu ambisiyaların xəritəsində Fernandesin adı qalın hərflərlə yazılıb. Bəli, bir gün "United" Brunodan sonrakı həyatı düşünməli olacaq, amma bu yay deyil.

Zirkzee, Mbeumo, Amad – kölgədə dayanan alternativlər

Bruno Fernandes bu qədər toxunulmaz görünərkən, sual yaranır: onu kim əvəz edə bilər? Və ümumiyyətlə, bu mövsüm onu nə qədər dincəltmək mümkün olacaq?

Michael Carrick üçün hazırlıq oyunlarından ən böyük müjdə fərdi çıxışlardan gəlib. Xüsusilə iki ad önə çıxır: Bryan Mbeumo və Amad Diallo. Ötən mövsümün sonuna doğru yorğun görünən hücum xətti indi yenidən alovlanıb. Mbeumo qapı qarşısında iti, soyuqqanlı təsir bağışlayır, Amad isə yayda Fildişi Sahili ilə keçirdiyi təsirli dünya çempionatından sonra özünəinamla doludur.

Və bir də Joshua Zirkzee var. Onun hekayəsi bir az fərqlidir. Hollandiya hücumçusunun gələcəyi hələ də "Old Trafford"dan kənarda ola bilər, amma hazırlıq oyunlarında tamamilə başqa bir Zirkzee görünür. Daha hərəkətli, daha aqressiv, daha inamlı.

Ən diqqətçəkən performanslarından biri Dublində, anşlaqla dolu "Croke Park"da "Leeds"ə qarşı matçda gəlib. Orada o, yalnız ön xətt oyunçusu kimi deyil, həm də geriyə çəkilib "10 nömrə" rolunda çıxış edə biləcəyini göstərib. Elə buradan da yeni sual doğur: Zirkzee bu mövsüm Bruno Fernandes üçün əsl alternativə çevrilə bilərmi?

Hazırlıq matçları heç vaxt tam ölçü vahidi deyil, amma siqnallar aydındır. Carrick üçün üçüncü mövsümünə girən Zirkzee ya nəhayət "United"də öz yerini tapacaq, ya da bu yay onun üçün yeni qapı açılacaq. Əgər komandada qalarsa, texniki keyfiyyətləri və mövqe çevikliyi onu Fernandesin mövqeyində epizodik də olsa sınaqdan keçirmək üçün maraqlı namizədə çevirir.

Amma bir həqiqət dəyişmir: bu komandanın ürəyi hələ ki, Brunonun ayaqlarındadır. Transfer şayiələri, Səudiyyə pulları, "Galatasaray" cəhdləri – hamısı qapıdan geri dönür. Sual indi başqa cür səslənir: "Manchester United" Brunonun bu zirvə formasını nə qədər müddət qoruyub saxlaya biləcək?