Bruno Fernandes: Tottenham-la razılıq demək olar ki, bağlanmışdı
Bruno Fernandes uzun illərdir arzuladığı Premyer Liqa yolunda bir vaxtlar necə Tottenham-a düşməyə hazır olduğunu, amma son anda Sporting-in onu buraxmadığını açıqlayıb. Portuqaliyalı yarımmüdafiəçi “The Diary Of A CEO” podkastında o yay pəncərəsinin kulislərini açıb.
Razılığa çox yaxın idik
Fernandes danışıqların hansı həddə çatdığını gizlətmir. Onun sözlərinə görə, Tottenham-la razılıq demək olar ki, bağlanmışdı, artıq son detallar müzakirə olunurdu. Hər şey Londona köç edəcəyinə işarə edirdi.
Ancaq bazarın bağlanmasına iki gün qalmış Sporting mövqeyini dəyişib. Klub rəhbərliyi qəti qərar verib: satmırıq. Komanda ona ehtiyac duyurdu, Fernandes isə arzusu ilə klubun maraqları arasında sıxılıb qaldı.
O, həmin anı təsvir edərkən açıq danışır: o, Premyer Liqaya keçidi çox istəyirdi. Uşaqlıqdan qurduğu xəyal – dünyanın ən güclü, ən sərt liqasında oynamaq, dolu stadionlar, böyük klublar, ən yüksək səviyyəli rəqiblər – əlçatan məsafədə idi. Və birdən qapı üzünə bağlandı.
İngiltərədəki xəyal klubum Man United idi
Fernandes bu hekayədə bir detalı xüsusi vurğulayır: İngiltərədə oynamaq arzusunun mərkəzində hər zaman Man United dayanıb. Onun üçün “xəyal klub” məhz “Old Trafford” idi.
Həmin vaxt real variant isə Tottenham idi. Portuqaliyalı futbolçu etiraf edir ki, Londona keçid fikri onu həyəcanlandırırdı. Klub ona planlarını, layihəsini, gələcəyə baxışını göstərmişdi və o, bu prosesin bir parçası olmağa hazır idi. Özünü artıq Premyer Liqada təsəvvür edirdi.
Tarix başqa cür yazıldı. Fernandes sonda Sporting-dən Man United-ə keçdi və qısa müddətdə klubun post-Sir Alex Ferguson dövründə ən təsirli fiqurlarından birinə çevrildi.
Qollar, ötürmələr və mübahisəli liderlik
Man United-dəki illəri ərzində Fernandes rəqəmlərlə danışmağı bacarıb. Qol və məhsuldar ötürmələri, komandanın bəzən xaotik, bəzən də ruhsuz göründüyü dönəmlərdə belə onun fərdi çıxışını önə çıxarıb.
Amma məsələ yalnız statistikada deyil. Portuqaliyalının liderlik üslubu, meydandakı emosional davranışı, hakımlarla, komanda yoldaşları ilə ünsiyyəti, jestləri və bədən dili mütəxəssisləri iki yerə bölüb. Bəziləri onu komandanı çiynində daşıyan kapitan kimi görür, digərləri isə emosiyalarının həddən artıq olduğunu düşünür.
Roy Keane bu mübahisənin ən sərt səslərindən biridir. Keane tez-tez Fernandes-in davranışlarını, xüsusən də çətin anlarda reaksiyalarını tənqid edir.
Fernandes-dən Roy Keane-ə sərt cavab: Yalan danışılmasını qəbul etmirəm
Bruno Fernandes tənqidlərdən qaçmadığını deyir. O, özünü müdafiə etməyə tələsməyən, fikirləri qəbul edən biri kimi çıxış edir. Amma bir xətt var ki, onu keçənə güzəşt etmir.
Onun sözlərinə görə, problem tənqidin sərtliyində deyil, ədalətindədir. Fernandes açıq şəkildə bildirir: tənqidə açığam, hamıdan, hər kəsdən eşitmişəm, cavab verməyi də vərdiş etməmişəm. Kim necə düşünürsə, öz işidir.
Ancaq o, Roy Keane-in dediklərinin bir hissəsini “yalan” adlandırır. Fernandes iddia edir ki, Keane ona aid olmayan sözləri sanki onun dilindən çıxmış kimi təqdim edib. Yəni ya başqa müsahibəni səhv xatırlayıb, ya da ümumiyyətlə, olmayan cümləni ona yazıb.
Burada Fernandes-in üstünə güvəndiyi əsas arqument sadədir: hər şey qeydə alınıb. Müsahibələr, açıqlamalar, videolar – hamısı arxivdədir. O, Keane-in özünü bəyənib-bəyənməməyini, həm futbolçu, həm insan kimi xoşuna gəlib-gəlməməsini normal qarşılayır. Bu, zövq məsələsidir.
Amma bir şeyi qətiyyən qəbul etmir: ağzına qoyulan, əslində heç vaxt demədiyi sözlər. Fernandes üçün bu, tənqid deyil, artıq həqiqətin təhrifidir.
Onun Premyer Liqaya aparan yolu bir vaxtlar Tottenham qapısında dayanıb, sonra Man United-də açıldı. İndi isə o, yalnız meydanda yox, mikrofon qarşısında da öz mövqeyini eyni qətiyyətlə müdafiə edir. Bu mövsüm boyu həm oyunu, həm də xarakteri yenə də gündəmdə qalacaqmı, yoxsa nəhayət, yalnız meydandakı performansı ilə müzakirə olunacağı gün gələcək?




