Bruno Guimaraes: Arsenal ilə ayrılıq qərarı
Braziliyanın Norveçə qarşı sensasion mundial uğursuzluğu Bruno Guimaraes üçün yalnız milli komanda dramı olmadı. Bu, yay planlarını da alt-üst etdi. Ulduz yarımmüdafiəçi artıq Newcastle United-dən ayrılmaq üçün hərəkətə keçib və məlumatlara görə, nümayəndələri Arsenal ilə danışıqları xeyli sürətləndirib.
Guimaraes-in düşərgəsindən sızan məlumat eynidir: əgər mümkün olarsa, o, yeni mövsümöncəsi hazırlığa Newcastle forması ilə qayıtmaq istəmir.
Arsenal sürətlə irəliləyir
TEAMtalk-ın əldə etdiyi bilgilərə görə, Braziliyanın mundialdan vaxtından əvvəl kənarlaşdırılmasından dərhal sonra Guimaraes tərəfi London klubu ilə təzə danışıqlara başlayıb. Yarımmüdafiəçi bir daha açıq şəkildə bildirib ki, Mikel Arteta-nın komandası onun üçün birinci seçimdir.
Guimaraes artıq ötən ay Arsenal rəhbərliyinə “Emirates”ə keçmək istədiyini çatdırmışdı. İndi həmin mesaj daha da sərtləşib. O, bu addımı karyerasının növbəti məntiqi pilləsi kimi görür.
Manchester City də yarışı tərk etməyib. Mövcud məlumatlara görə, “şəhərlilər”lə də müsbət təmaslar olub. Amma hazır mərhələdə üstün mövqedə olan tərəf Arsenal sayılır.
London klubunun idman direktoru Andrea Berta bu yay bir neçə böyük işlə eyni anda məşğuldur. O, Aston Villa-nın hücumçusu Morgan Rogers üçün danışıqları aparır, eyni zamanda Club Brugge cinah oyunçusu Christos Tzolis ilə marağı qoruyur. Buna baxmayaraq, Berta üçün mərkəz xəttinin gücləndirilməsi heç vaxt gündəmdən düşməyib.
Artıq heyətdə Declan Rice, Martin Zubimendi, Martin Odegaard və Myles Lewis-Skelly kimi adlar var. Yenə də klub rəhbərliyi düşünür ki, bütün turnirlərdə real titul iddiası üçün daha bir elit səviyyəli yarımmüdafiəçi şərtdir. Christian Norgaard-ın ayrılacağı gözlənilən fonda Guimaraes bu planın mərkəzinə yerləşdirilib.
Newcastle qiymət cızığını çəkib: təxminən 100 milyon funt
Newcastle rəhbərliyi isə tam başqa cür düşünür. Klub daxilindən gələn siqnallar aydındır: Bruno Guimaraes satılacaqsa, bu, ucuz başa gəlməyəcək.
Daxili mənbələr 60 milyon funt sterlinq civarındakı təkliflərin müzakirə mövzusu belə olmadığını bildirir. Newcastle üçün söhbət təxminən 100 milyon funt dəyərində paketdən gedir. Yalnız bu rəqəmə yaxın təklif gəlsə, klub yarımmüdafiçini buraxmaq barədə ciddi düşünər.
Newcastle üçün Guimaraes sadəcə əsas oyunçu deyil. Klub onu dünyanın aparıcı yarımmüdafiqçilərindən biri kimi dəyərləndirir və hesab edir ki, müəyyən olunan qiymət həm meydandakı rolunu, həm də bazarın hazırkı reallıqlarını əks etdirir.
Məsələyə yaxın mənbə, adının açıqlanmaması şərti ilə, futbolçunun niyə bu qədər qəti qərar verdiyini belə izah edib: Guimaraes karyerasının ən yaxşı illərini boşa xərcləmək istəmir. Özünü dünyanın ən yaxşı yarımmüdafiqçilərindən biri hesab edir və buna uyğun səviyyədə – avrokuboklarda – oynamağın vaxtı çatdığını düşünür.
Onun mövqeyi dəqiqdir: bu, Newcastle-dən qaçış deyil. O, klub üçün meydanda hər şeyini qoyduğunu, amma növbəti addımı atmağın vaxtının gəldiyini hesab edir. Həm özü, həm də ətrafı anlayır ki, transfer yalnız “doğru təklif” masaya gəldiyi halda baş tuta bilər. Hələlik həmin həddə çatılmayıb, amma oyunçunun beynində bir son tarix var – bu ayın sonuna qədər məsələnin həll olunmasını arzulayır.
Isak ssenarisini təkrarlamaq istəmirlər
Guimaraes tərəfi də, Newcastle rəhbərliyi də bu hekayənin Alexander Isak transferi kimi uzanıb-çəkilməsini istəmir. O vaxtkı kimi gərgin, uzanan, hər gün yeni şayiə doğuran bir prosesdən qaçmağa çalışırlar.
Guimaraes Newcastle-ə bağlılığını qoruyur, klub və azarkeşlərə qarşı münasibəti dəyişməyib. Sadəcə, özünü yeni çağırışa hazır görür və bunun üçün ən doğru anın məhz indi olduğuna inanır.
Hazırda növbənin önündə Arsenal dayanır. Lakin Newcastle-in möhkəm mövqeyi, yüksək qiymət tələbi və City-nin kölgədə gözləyən marağı fonunda bu transfer hekayəsinin son cümləsi hələ ki yazılmayıb.
Suallar isə kəskin olaraq qalır: Arsenal cəsarət edib Newcastle divarını 100 milyonluq zərbə ilə sındıra biləcəkmi – yoxsa Guimaraes-in “ən yaxşı illəri” bir mövsüm də St James’ Park-da davam edəcək?




