Bruno Guimaraes Arsenal'a transfer olundu
Premyer Liqanın çempionu Arsenal uzun müddətdir arzuladığı orta xətt liderini nəhayət gətirdi. Klub şənbə günü rəsmən elan etdi ki, Newcastle United-in kapitanı Bruno Guimaraes London təmsilçisinə keçib. Müqavilə dörd illikdir, üstəlik daha bir il uzatma opsiyası var.
Müqavilənin detalları açıqlanmasa da, Britaniya mətbuatı təxminən 75 milyon funtdan söhbət getdiyini yazır. Bu rəqəm təkcə bazar dəyəri deyil, həm də Mikel Arteta-nın orta sahəyə nə qədər ciddi investisiya etdiyini göstərir.
“Mənə yeni çağırış lazım idi”
Bruno özü də bu addımın daxildən gəldiyini gizlətmir. İlk danışıqdan sonra artıq qərarını vermişdi.
O, klubun rəsmi saytına açıqlamasında bildirib ki, Arsenal-ın idman direktoru Andrea Berta və Arteta ilə ilk söhbətdən sonra daxilində hər şeyi dəyişən o hissi yaşayıb: ona yeni çağırış lazım idi və bu çağırışın da məhz Arsenal forması ilə gələcəyini anlayıb.
Bruno yeni səhifəni səbirsizliklə gözləyir. Qarşıda ağır mövsüm, sıx təqvim, yüksək hədəflər var. Braziliyalı yarımmüdafiəçi bilir ki, bu komanda yalnız on birlikdən ibarət deyil, geniş heyətin gücünə söykənəcək. O da həmin yükü daşıyan əsas fiqurlardan biri olmağa hazırdır.
Newcastle üçün yeni zərbə
Bu transfer təkcə Arsenal üçün qələbə deyil, Newcastle üçün də daha bir ağır itki deməkdir. Klub son aylarda artıq bir neçə əsas sütununu itirib: Anthony Gordon, Sandro Tonali və ən nəhayət, komandanı zirvəyə daşıyan baş məşqçi Eddie Howe artıq orada deyil. Onun yerini alman mütəxəssis Matthias Jaissle tutub, amma bu yenilənmə dalğası fonunda kapitanın da getməsi şimal-şərq təmsilçisinin yenidənqurma prosesini daha da sərtləşdirir.
Bruno 2022-ci ilin yanvarında Olympique Lyonnais-dən Newcastlea qoşulmuşdu. Cəmi bir neçə ay ərzində Premyer Liqanın ən parlaq yarımmüdafiəçilərindən birinə çevrildi, klubun son üç mövsümdəki yüksəlişinin mərkəzinə yerləşdi.
Onun təsiri təkcə oyunun ritmində deyildi. 2025-ci ildə Newcastle uzun illərdən sonra daxili kuboku qaldıranda, League Cup-ın qalibi olanda kapitan sarğısı məhz Bruno Guimaraes-in qolunda idi. 195 oyuna 31 qol, amma rəqəmlərdən də vacibi – mədəniyyətin, azarkeşlərlə bağın, meydandakı xarakterin simvolu.
İndi isə o, bütün bunları Londonun şimalına daşıyır.
Arteta üçün qızıl alət
Arsenal artıq orta sahədə zənginliyilə seçilirdi. Declan Rice, Martin Zubimendi, Mikel Merino, kapitan Martin Odegaard – bu xətt Premyer Liqada bəlkə də ən balanslı strukturlardan birinə çevrilmişdi. Bruno Guimaraes bu mozaikaya əlavə yox, mərkəzi parça kimi gəlir.
Andrea Berta-nın sözləri də bunu açıq göstərir. O, Brunun həm dayaq yarımmüdafiəçisi, həm də box-to-box rolunda oynaya bilməsini xüsusi vurğulayıb. Yəni həm top qoparır, həm hücuma qoşulur, həm də hər mövsüm qol və məhsuldar ötürmə verir. Berta-nın fikrincə, Bruno həm oyun üslubunu daha da inkişaf etdirməyə, həm də komanda daxilində rəqabəti kəskinləşdirməyə imkan verəcək.
Bu, Arteta üçün ikiqat qazancdır. Bir tərəfdə taktiki elastiklik – braziliyalı həm dərin “altılıq”, həm də irəli çıxan “səkkizlik” kimi oynaya bilir. Digər tərəfdə isə fiziki yükün bölüşdürülməsi. Keçən mövsüm Declan Rice demək olar ki, hər oyunda meydanda idi, komandanın 22 ildən sonra gələn çempionluğunun təməl daşına çevrildi. İndi isə bu məsuliyyət daha ədalətli bölünə bilər.
Bruno-nun Braziliya millisindəki mövqeyi də təsadüfi deyil. O, son illərdə yığmanın daimi üzvüdür, son dünya çempionatında da iştirak edib. Yəni Arsenal yalnız klub səviyyəsində parlayan futbolçu deyil, beynəlxalq səhnədə də bərkiyən lider gətirir.
Çempionun yeni iddiası
Bu transferin zamanlaması təsadüf kimi görünmür. Çempionluqdan sonra bir çox komanda rahatlığa qapılır, amma Arsenal tam əksini edir: orta xəttə liqanın ən tam, ən çoxşaxəli yarımmüdafiəçilərindən birini əlavə etməklə, hakimiyyətini uzatmaq niyyətini açıq nümayiş etdirir.
Bruno-nun gəlişi Emirates üçün mesajdır: bu komanda bir mövsümlük nağıl yazmağa yox, uzunmüddətli hegemonluq qurmağa çalışır. Premyer Liqa titulu qorunmalı, Avropada isə səs-küylü dönüş edilməlidir.
Avqustun 21-də Arsenal mövsümə evdə, Premyer Liqaya yenicə yüksəlmiş Coventry City ilə başlayacaq. O gün start fitiylə birlikdə təkcə yeni mövsüm yox, həm də Bruno Guimaraes-in London hekayəsi açılacaq.
Bu hekayə sadəcə növbəti ulduz transferi kimi qalacaq, yoxsa Arsenal dövrünün başlanğıcına çevriləcək? Bunu artıq meydan danışacaq.




