Caspian Sport

Bryan Mbeumo: Mövsümün Startındakı Problemlər

Bryan Mbeumo üçün 2026–27 mövsümünün startı heç kimin arzuladığı kimi alınmır.

Yay toplanışında hər şey başqa cür görünürdü. Altı oyunda üç qol, bir məhsuldar ötürmə, tam da azarkeşlərin Brentford dövründən xatırladığı Mbeumo: birbaşa qapıya gedən, cərimə meydançasında kabusa çevrilən hücumçu.

İndi isə fərqli mənzərə var.

Mbeumo oyundan düşüb

Bu mövsüm meydana çıxdığı yeddi oyunda ondan gözlənilən “həlledici fiqur” obrazı hələ ki görünmür. Hazırkı Mbeumo-nu təsvir etməyin ən dəqiq yolu budur: bəzən epizodik şəkildə peyda olur, bir fürsət qazanır, amma oyunun böyük hissəsində sanki meydanda yoxdur.

Statistika da uzun müddət onu gizlədib. İki qol və bir assist kağız üzərində pis görünmür. Amma son üç oyunda qol epizodlarından tamamilə uzaq qalması azarkeşlərin gözünü açdı: Mbeumo əvvəlki qədər təsirli deyil. Sual da buradan doğur: United-in 19 nömrəsində nə baş verir?

Bir həqiqət dəyişməyib: Mbeumo qapı qarşısında real təhlükə mənbəyidir. Təbiətcə bitiricidir, son zərbəni vurmağı bacarır.

Amma onun necə istifadə olunduğu bu üstünlüyü kölgəyə salır.

Yan xəttə “bağlanan” Mbeumo

Brentford-da və Ruben Amorim-in planlarında o, qapıya yaxın, mərkəzə meylli rol alırdı. İndi isə Michael Carrick onu klassik, xətdə qalan sağ cinah vingeri kimi oynadır.

Nəticə aydındır: Mbeumo oyunun böyük hissəsini yan xətti qucaqlayaraq keçirir, topu geniş zonalarda qəbul edir və oradan ciddi təhlükə yarada bilmir. Çünki o, təmiz “birə-bir şou göstərən”, rəqibi driblinqlə yıxan cinah oyunçusu deyil.

Qapıdan nə qədər uzaqlaşırsa, ən böyük silahından – qoldan – bir o qədər uzaq düşür. Keçən mövsümün ikinci yarısında niyə çətinlik çəkdiyi, indi niyə eyni ssenarinin təkrarlanması da bununla izah olunur.

Rolu dəyişməyin vaxtıdır

Carrick onu qapıya yaxınlaşdırmalıdır. Sadə həll budur.

Mbeumo daha çox içəri qapanan vinger kimi oynamalıdır. Mərkəzə sürüşsün, “half-space” zonalarına hücum etsin, müdafiəçilərin arxasına qaçsın, cərimə meydançasında təhlükəli mövqelərə girsin. O, zərbə məsafəsində olmalıdır, kənarda yox.

Bu zaman sağ cinahın işləməsi üçün sxem də var: sağ cinah müdafiəçisi genişliyi saxlayıb irəli çıxır, kənarı tutur, Mbeumo isə içəri qatlanır. Komanda struktur baxımından heç nə itirmir.

Ən vacib məqam: United, Mbeumo-nu qutuya kross göndərməsi üçün almayıb. Onu qapı qarşısındakı iti hərəkətləri, soyuqqanlı bitiriciliyi üçün transfer edib.

Carrick-in qarşısında açıq və konkret vəzifə dayanır: tanıdığımız Mbeumo-nu yenidən oyatmaq. Onu ya içəri qapanan vinger, ya da bəzən mərkəz hücumçusu kimi istifadə etmək bu qapını açan açardır.

İndi sual budur: o, bu açardan vaxtında istifadə edəcək, yoxsa United-in 19 nömrəsi daha bir mövsümü yan xətdə itib-batmaqla keçirəcək?