Carrick dalğası: Manchester United-in yeni ümidləri
Sir Alex Ferguson 13 il əvvəl 13-cü çempionluğunu qaldırıb “Old Trafford”dan əlvida edəndə, arxada elə bir imperiya qoyduğunu düşünürdü ki, ondan sonra gələn hər kəs sadəcə üstünü bəzəyəcəkdi. Reallıq başqa cür yazıldı.
David Moyes, Louis van Gaal, Jose Mourinho, Erik ten Hag, Ruben Amorim – adlar fərqli, nəticə oxşar oldu. Daxildə sabitlik tapılmadı, tribunalar bir-birinə döndü, şəhərin mavi tərəfi isə səssiz-səmirsiz hegemonluğa çevrildi. “Noisy neighbours” artıq çoxdan səs-küyçü deyil, ölçü vahididir.
Carrick dalğası: köhnə şagird, yeni ümid
2025-26 mövsümündə axın nəhayət istiqamət dəyişdi. Sir Alex-in meydandakı ən etibarlı əsgərlərindən biri olmuş Michael Carrick, bu dəfə kənar xəttdə zərbə vurdu. Keçmiş yarımmüdafiəçi, beş dəfə çempionluq yaşadığı klubuna müvəqqəti baş məşqçi kimi qayıtdı və qısa müddətdə gedişatı çevirdi. Klub rəhbərliyi tərəddüd etmədi, mükafatını iki illik müqavilə ilə aldı.
“Old Trafford”un tribunalarında yenidən səs var. Təkcə nostalji deyil, plan var. Meydanda da, kabinetlərdə də. Yay transfer pəncərəsi ərəfəsində “Manchester United” ətrafında dolaşan əsas fikir budur: bir neçə düzgün transferlə 2026-27 mövsümündə çempionluq yarışı yenidən real hədəfə çevrilə bilərmi?
Keçmiş müdafiə dirəyi, dördqat çempion Gary Pallister bu sualı GOAL üçün dəyərləndirərkən ehtiyatı əldən vermir. Spreadex Sports-la əməkdaşlıq çərçivəsində danışan veteran belə deyir: “İki-üç transfer böyük fərq yarada bilər. Amma hazırda çempionluq yarışı? Səmimi desəm, yox. Hələ bir az quruculuğa ehtiyac var”.
Bu, həm tərifdir, həm xəbərdarlıq. Carrick-in ilk toxunuşu ümid gətirib, amma zirvəyə yol hələ dikdir.
“Dahi futbol yox idi, amma...” – dəyişən mentalitet
Pallister-in sözlərində bir başqa məqam da var: oyun keyfiyyəti ilə nəticə arasındakı fərq. O, Carrick-in komandasını ideallaşdırmır: “Komanda parlaq deyildi. İki-üç oyun – xüsusən də evdəki Man City matçı – yadda qaldı. Mövsümün sonunda da bir neçə rahat qələbə gördük”.
Amma dönüş nöqtəsi başqa yerdədir. “Komandaya gətirdiyi əsas şey dözümlülük oldu. Emblem üçün mübarizə, klub üçün savaş – Ole [Gunnar Solskjaer] gələndə gördüyümüz o hissin bir az daha güclü forması”.
United azarkeşinin uzun illərdir darıxdığı məhz bu idi. Qələbədən çox, kimlik. Carrick bu kimliyi xatırladıb. İndi isə növbə ona verilir: “İndi Michael-ə öz oyunçularını gətirmək şansı vermək lazımdır. Artıq hər şeyi analiz edib. Keyfiyyətli futbolçular alsın, görək bizi hara aparacaq. United-ə yenidən pozitiv hava gətirib. Azarkeşlər bunu hiss edir. Əminəm, oyunçular da hiss edir. İndi görəcəyik, növbəti addımı ata biləcəkmi”.
Sözün açığı, bu artıq romantika yox, məsuliyyətdir.
Rashford düyünü: geri dönüş, yoxsa son səhifə?
Klubun yay planları fonunda ən çox müzakirə olunan adlardan biri Marcus Rashford-dur. Və qəribədir ki, o həm “gələnlər”, həm də “gedənlər” siyahısında eyni anda yer alır. Ötən mövsümü icarə əsasında Barcelona-da keçirən hücumçu üçün daimi transfer variantı masadadır. Amma hələ heç nə razılaşdırılmayıb. Bu da o deməkdir ki, United akademiyasının yetirməsi yenidən “Old Trafford”a qayıda bilər.
Məsələ təkcə taktiki deyil, emosionaldır. Rashford hazırda İngiltərə millisinin heyətində Dünya çempionatındadır, amma Manchester-də onun adı gündəmdən düşmür.
Pallister bu mövzuya da açıq yanaşır: “Daha əvvəl demişəm ki, mən onu geri qaytarmazdım. Fərq ondadır ki, indi Michael Carrick onunla işləyib. Onun xarakterini bilir. Əgər geri dönsə, ondan nəsə ala biləcəyini də bilir”.
Burada əsas sual təkcə klubun nə istədiyi deyil. “Marcus-un özünün qayıtmaq istəyi var? Keçmişdə buradan uzaqda qalmaq istədiyini demişdi? O, keyfiyyətli futbolçudur. United uşağıdır. Əgər iki-üç il əvvəlki Marcus-u geri gətirmək mümkün olsaydı, bu, heç müzakirə olunmazdı. Amma necə ayrıldığını nəzərə alsaq, geri dönüş yolunun olub-olmadığına əmin deyiləm”.
Bu, sərt, amma real diaqnozdur. Rashford-un bədən dili, meydandakı davranışı, son illərdəki dalğalanmaları – hamısı masanın üzərindədir. Pallister-in fikrincə, burada son söz Carrick-ə məxsusdur: “Müxtəlif məşqçilər eyni futbolçuya fərqli yanaşa bilər. Əgər Michael hesab edirsə ki, Marcus-un xarakterini, meydandakı bədən dilini dəyişdirə və onu United-dəki ilk illərindəki səviyyəyə qaytara bilər, onda o, klub üçün böyük bonus olar. Amma bundan əvvəl ikisi arasında çox ciddi söhbətlər olmalıdır”.
United üçün bu yay yalnız transfer bazarı deyil, həm də kimliyə qərar anıdır. Carrick köhnə imperiyanın son şagirdi kimi yox, yeni dövrün ilk memarı kimi çıxış edə biləcəkmi? Cavab, bəlkə də, Marcus Rashford-un taleyi qədər kəskin olacaq.




