Chelsea Ahanor-u Crystal Palace-a icarəyə göndərir
Chelsea 18 yaşlı müdafiəçi Ahanor üçün razılıq əldə edib, şəxsi şərtlər də tamamlanıb, tibbi müayinədən ötrü Londona gəlməsinə icazə verilib. Hər şey “Stamford Bridge”ə birbaşa gəlişə işarə edirdi.
Ancaq ssenari qəfil dəyişdi. London klubu gənc futbolçunu dərhal əsas heyətə qatmaqdan imtina edib və onu icarəyə yollamağı seçib. Yeni ünvan – Crystal Palace.
Bu qərarla Ahanor rəsmi olaraq Atalanta-dan Palace-a icarəyə qoşulacaq, daha sonra isə 2027-ci ilin yayında Chelsea-yə keçəcək. Yəni bu, birbaşa “indi üçün deyil, gələcək üçün” transferdir.
Bunun pərdəarxası səbəbi də var. Chelsea artıq bu yay Crystal Palace-a bir oyunçu göndərib. Axel Disasi “Eagles”ə mövsümsonuna qədər icarəyə verilib və müqavilədə transferi məcburi edən və ya satınalma opsionu kimi heç bir maddə yoxdur. İkinci bir birbaşa icarə eyni klubla fərqli struktur tələb edirdi, Ahanor-un yolu da belə cızıldı.
Gənc müdafiəçi təsadüfi layihə deyil. O, Genoa akademiyasının yetirməsidir və artıq İtaliya millisində iki dəfə çıxış edib. Debütünü bu ilin əvvəlində edib. Ötən mövsüm Atalanta forması ilə Serie A-da 28 oyun keçirib, sentyabrda isə ilk dəfə Champions League səhnəsinə çıxıb. Yəni Chelsea-nin icarəyə göndərdiyi oyunçu, sadəcə perspektiv deyil, artıq yüksək səviyyəni görmüş bir gəncdir.
Bu arada London klubu orta xətti də yenidən qurmaq planını davam etdirir. Chelsea, Monaco yarımmüdafiəçisi Lamine Camara ilə maraqlanır və 22 yaşlı oyunçunun transfer imkanlarını araşdırır. Bu, xüsusilə Enzo Fernandez ətrafında yaranan qeyri-müəyyənlik fonunda daha da aktuallaşıb.
Fernandez ardıcıl ikinci dəfə Chelsea-nin heyətindən kənarda qaldı, Manchester City-nin ona marağı fonunda suallar artır. Premyer Liqada Brighton üzərində 4:3 hesablı dramatik qələbədə də meydanda yox idi.
Baş məşqçi Xabi Alonso argentinalının yoxluğunu belə izah edib: “Biz komanda üçün nə daha yaxşıdırsa, onu qiymətləndiririk və vəziyyəti nəzərə alaraq, oyuna tam fokuslanan, tam bağlı və oyuna tam hazır olan bir komanda qurmağa ehtiyacımız var”.
Chelsea bir tərəfdən gələcəyin müdafiə xəttini indidən formalaşdırır, digər tərəfdən mərkəzə yeni lider axtarır. Sual budur: Ahanor 2027-də bu planın mərkəzində olacaq, yoxsa London klubu o vaxta qədər tam fərqli simaya çevriləcək?




