Caspian Sport

Chelsea-nin Çempionlar Liqası arzusu dağılır

Stamford Bridge çox şey görüb. Amma bu qədər tez, bu qədər aciz şəkildə geriyə düşən Chelsea az olub.

Hələ saatlar tablosu iki dəqiqəni göstərirdi ki, Taiwo Awoniyi meydanın sükutunu pozdu. Chelsea müdafiəsi hələ oyuna tam köklənməmişdi, Forest isə sanki final oynayırdı. Sürətli hücum, cərimə meydançasında qısa qarışıqlıq və Awoniyi soyuqqanlı zərbə ilə topu tora göndərdi. Tribunalarda çaşqınlıq, qonaq sektorunda qələbə qışqırıqları.

Chelsea-nin cavabı? Demək olar ki, yox idi.

Forest-in ildırım startı

Qolun şokunu üzərindən ata bilməyən meydan sahibləri hələ özlərini toparlamamış ikinci zərbəni aldılar. Cəmi 15-ci dəqiqə idi. Bu dəfə epizod 11 metrlik nöqtəni göstərdi. Hakimin qərarı ilə topun arxasına Igor Jesus keçdi və dəqiq zərbə ilə hesabı 0:2 etdi.

Stamford Bridge dondu. Skorbord isə amansız idi: Chelsea üçün kabus start, Nottingham Forest üçün xəyallar kimi başlanğıc.

Chelsea topa daha çox sahib olmağa çalışdı, amma ritm tapılmırdı. Sanki hər ötürmə ağır, hər qərar gec idi. Forest isə hər topu itirəndə belə özünü rahat hiss edir, təzyiqə tab gətirir, fürsət düşən kimi irəli atılırdı.

Debütant üçün kabus anı

Bir epizod isə oyunun nəticəsindən də ağır təsir bağışladı. Chelsea-nin debütantı Jesse Derry hava mübarizəsində baş-bşa toqquşmadan sonra yerə sərt çırpıldı. Stadion dərhal susdu. Tibb heyəti meydanda, futbolçuların üzündə narahatlıq, tribunada gərgin gözlənti.

Derry xərəkdə meydanı tərk etdi və xəstəxanaya aparıldı. Bu, oyunun tempini, həm də Chelsea-nin psixologiyasını dəyişdi. Komanda sanki həm hesabın, həm də bu ağır epizodun ağırlığını daşıyırdı.

Ümid penalti nöqtəsində öldü

İlk hissənin sonlarına yaxın, Chelsea üçün oyuna qayıtmaq üçün qapı bir az da olsa açıldı. Hakim bu dəfə London təmsilçisinin xeyrinə penalti qərarı verdi. Topun arxasına Cole Palmer keçdi. Mövsüm boyu inamlı zərbələri ilə tanınan futbolçu, bu dəfə Stamford Bridge-in bütün yükünü çiyinlərində hiss edirdi.

Amma top tora yox, yaddaşlara yazıldı. Palmer fürsəti dəyərləndirə bilmədi. Penalti boşa getdi, tribunadakı son ümid qığılcıqları da sönməyə başladı. Forest futbolçuları isə bu epizodu sanki qol kimi qeyd etdi – çünki oyunun axını tamamilə onların xeyrinə dönmüşdü.

Awoniyi nöqtəni qoyur

İkinci hissəyə Chelsea məcburi risklə başladı. Xətlər irəli çəkildi, müdafiə daha açıq qaldı. Bu, Forest-in istədiyi ssenari idi. Səbrlə gözlədilər və fürsət gələndə yenə Awoniyi səhnəyə çıxdı.

Növbəti hücumda nigeriyalı hücumçu bir daha Chelsea müdafiəsinin boşluğundan istifadə etdi və hesabı 0:3-ə çatdırdı. Bu qol artıq yalnız bu oyunun deyil, Chelsea-nin Çempionlar Liqasına gedən yolunun da simvoluna çevrildi: ağır, çaşqın, cavabsız.

Forest isə bu qolla yalnız qələbəni möhkəmləndirmədi, həm də Premyer Liqada qalmaq mübarizəsində böyük addım atdı. Hər toxunuşda özlərinə daha çox inanır, hər müdaxilədə daha sərt oynayır, hər qaçışda daha çox məsuliyyət daşıyırdılar.

João Pedro-nun gecikmiş cavabı

Chelsea təslim olmadı, amma reaksiyalar gec idi. Oyunun son dəqiqələrində João Pedro cərimə meydançasında möhtəşəm bir an yaratdı. Geriyə verilən asmaya akrobatik “nojer” zərbəsi ilə cavab verdi və nəhayət Forest qapısının toxunulmazlığını pozdu.

Gözəl qol idi. Amma yalnız tabloya kosmetik düzəliş kimi qaldı. Forest artıq öz işini görmüş, oyunu nəzarətdə saxlamışdı. Chelsea-nin gecikmiş oyandısı isə yalnız sual doğururdu: bu enerji niyə daha əvvəl görünmədi?

Chelsea üçün sərt siqnal

Final fitindən sonra Stamford Bridge-də ab-hava aydın idi: bu məğlubiyyət sadəcə üç xal itkisi deyil. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə ağır zərbə, həm də psixoloji sarsıntı.

Nottingham Forest isə bu axşam Londonu yalnız üç xalla tərk etmədi. Onlar özlərinə inam qazandılar, Premyer Liqada qalmaq yolunda böyük bir baryeri aşdılar və bunu da böyük səhnədə, böyük rəqibə qarşı etdilər.

Chelsea üçün indi sual sadə, amma ağırdır: bu zərbədən sonra komanda özünü nə qədər tez toparlaya biləcək? Çünki bu cür gecikmiş reaksiyalarla Çempionlar Liqasının qapıları getdikcə daha da bağlanır.