Caspian Sport

Chelsea-nin gələcəyi: Tottenham-ın taleyini paylaşmaqdan necə qaçmalıdır?

Stamford Bridge-in tribunalarında suallar tükənmir. Bu dəfə hədəfdə təkcə nəticələr yox, klubun hara getdiyi, ümumiyyətlə nə qurmaq istədiyi dayanır. Oxşar sarsıntı bir müddətdir ki, Londonun şimalında da yaşanır.

Tottenham illərlə “Big Six” statusunu qorudu, ötən mövsüm isə nəhayət böyük kuboka çatdı – Europa League qalibiyyəti 17 illik quraqlığa son qoydu. Amma sevinc uzun sürmədi. Bu mövsüm Spurs özünü düşmə zonasının kənarında çırpınarkən tapdı, başlar hələlik suyun üzündədir, vəssalam.

Chelsea də 2025-ci ildə Avropada zirvəyə qalxmışdı. Conference League kuboku, ardından FIFA Club World Cup finalında PSG üzərində sensasion qələbə – hamısının arxasında Enzo Maresca dayanırdı. Elə həmin Maresca il dəyişən kimi qapı göstərildi.

Onun yerinə gələn Liam Rosenior cəmi 23 oyunda şans qazandı və o da gedənlərə qoşuldu. İndi mövsümü sona çatdırmaq missiyası müvəqqəti baş məşqçi Calum McFarlane-in üzərindədir. FA Cup finalında Manchester City ilə qarşılaşma klub daxilindəki bir çox çatları gözəgörünməz edə bilər, amma onlar heç yerə yox olmur.

Cəmi üç Premier League oyunu qalıb, Chelsea isə doqquzuncu pillədə ilişib. Avrokuboklara vəsiqə risq altındadır. Bu ssenari reallaşsa, Cole Palmer və Enzo Fernandez kimi aparıcı futbolçuların növbəti transfer pəncərəsi açılan kimi gələcəklərini sorğulaması labüddür.

Klub həm meydanda, həm də idarəetmə səviyyəsində yenidənqurma dalğasına daha bir dəfə girməli olacaq. Yeni baş məşqçi, yenidən formalaşdırılan heyət, ağır qərarlar. Hamısı bir məqsədə xidmət etməlidir: Chelsea-nin Tottenham-ın son illərdə girdiyi dalana sürüşməsinin qarşısını almaq.

Məhz bu müqayisə indi daha çox səslənir. Keçmiş Chelsea futbolçusu və baş məşqçisi Ruud Gullit də həmin narahatlığı bölüşənlər sırasındadır. O, GOAL-a verdiyi açıqlamada klubun hazırkı kursunu belə şərh edir: “Ümid edirəm ki, yox. Mən Chelsea-nin uğurlu olmasını istəyirəm. Sadəcə illərdir deyirəm: onların fəlsəfəsini başa düşə bilmirəm”.

Gullit vurğulayır ki, gördükləri yalnız kənardan müşahidəyə əsaslanır, daxili məlumatlara yox. Onun fikrincə, sahiblər açıq şəkildə çıxıb nə qurmaq istədiklərini izah etməlidirlər. Çünki azarkeşin tələbi birmənalıdır: kuboklar. Onlar bundan aşağısını qəbul etməyəcək.

O, nümunə kimi Paris Saint-Germain-i çəkir. Orada gəncliklə təcrübə balansdadır. Gənclərin yanında illərlə ən yüksək səviyyədə oynamış futbolçular var və həmin oyunçular hər gün onlara nə etməli olduqlarını göstərirlər. Bu zəncir davamlıdır: bugünkü gənclər sabah növbəti nəslə yol göstərəcək.

Gullit-in fikrincə, Moises Caicedo-nun da məhz belə bir dayağa ehtiyacı var. Onun yanına Casemiro tipli futbolçu lazımdır – meydanda “sakit ol, bunu belə et” deyə biləcək biri. Bu rəhbərlik yalnız oyunda yox, məşq prosesində də özünü göstərməlidir.

Chelsea son illərdə böyük pulları uzunmüddətli müqavilələrlə bağlanmış gənc futbolçulara yatırıb. Kağız üzərində bu, gələcəyin komandasıdır. Amma bu qədər uzağa baxmaq indini kölgədə qoyubmu?

Gullit bu sualı verən ilk adam deyil, sonuncu da olmayacaq. Stamford Bridge tribunaları da, ekspertlər də eyni fikirdədir: bu komandanın soyunma otağında daha çox təcrübəli səs olmalıdır. Yayda – kim baş məşqçi postuna gətiriləcəksə – məhz bu boşluğun doldurulması gündəmin ön sırasına çıxacaq.

Bir məsələ artıq aydındır: əgər Chelsea bu kursu dəqiq müəyyənləşdirib düzgün qərarlar verməsə, Tottenham-ın yaşadığı uzunmüddətli qarışıqlıq onların da qapısını döyə bilər. Onda sual təkcə “nəyə investisiya etdilər?” olmayacaq. Sual belə səslənəcək: “Bu qədər xərclə qurulan komanda niyə hələ də kim olduğunu bilmir?”