Chelsea-dən Leipzig-ə: Marc Giuu-nun yeni macərası
RB Leipzig hücum xəttinə növbəti cavan silahını əlavə etdi. Klub Chelsea-dən ispan mərkəz hücumçusu Marc Giuu ilə 2031-ci ilin iyununa qədər müqavilə bağladığını rəsmən açıqladı. Uzun yay boyu davam edən söz-söhbətlər, müxtəlif Avropa klublarının marağı – hamısı bir kənara çəkildi. Giuu öz yolunu seçdi və o yol Bundesliqaya aparır.
“RB Leipzig-ə qoşulmaq mənim üçün tam olaraq doğru addımdır. Klub məni bura gətirmək üçün həqiqətən çox çalışdı və söhbətlərimizdə komandada oynaya biləcəyim rol barədə çox aydın təsəvvür verdi”, – ispan forvard ilk açıqlamasında dedi.
Londondakı qeyri-müəyyənlikdən çıxış yolu
Almaniyaya keçid Giuu üçün bir dövrün bağlanması deməkdir. 2024-cü ildə Chelsea-yə gəlişi böyük hadisə kimi təqdim olunmuşdu, lakin reallıq fərqli alındı. Premyer Liqa nəhənginin şişirdilmiş heyətində özünə daimi yer tapmaq çətinləşdi. Start heyətinə yol bəzən açılırdı, bəzən yox. Daxili çempionatda şans az idi, amma ispan hücumçu Avropa səhnəsində, xüsusilə də Konfrans Liqasında parlaq epizodlarla potensialını göstərdi.
Buna baxmayaraq, Chelsea üçün vəziyyət aydın idi: maliyyə qaydalarına uyğunlaşmaq, heyəti yüngülləşdirmək və gəlir gətirən satışlar etmək lazım idi. Bu fondda Giuu-nun satışı hər iki tərəf üçün məntiqli həllə çevrildi.
Onun karyerası indiyə qədər sürətli yüksəlişlə gözlənilməz maneələrin qarışığı olub. Barcelona-da cəmi 17 yaşında debüt, ardınca İngiltərəyə köç – Chelsea üçün böyük uğur kimi qiymətləndirilən transfer. Amma dolu soyunub-geyinmə otağı, amansız rəqabət və itirilən dəqiqələr. Sunderland-ə icarə isə az qala başlamadan bitdi: London klubundakı zədə böhranı səbəbindən cəmi bir aydan az müddətdə geri çağırıldı. Sabitlik yox idi, perspektiv isə havada asılı qalmışdı.
Leipzig-in “RB DNA”sına uyğun hücumçu
RB Leipzig-in İdman üzrə idarəedici direktoru Marcel Schäfer bu keçidin arxasındakı planı gizlətmir. Onun sözlərinə görə, Giuu, klubdan ayrılan hücumçuların yerini doldurmaq üçün bir nömrəli hədəf idi. Səbəb sadədir: ispan forvardın fiziki gücü, tempə davamlılığı və fədakar oyunu Leipzig-in yüksək intensivlik fəlsəfəsinə tam oturur.
“Marc bizim RB DNA-mıza çox yaxşı uyğun gəlir – intensivliyi, sürəti və inanılmaz iş etikası ilə. O, topsuz oyunda amansızdır, cərimə meydançasında real fiqurdur və daim qapıya getməyə çalışır”, – Schäfer vurğuladı.
Klub rəsmisi bu transferin son gün tələsik qərarı olmadığını da xüsusi qeyd etdi. Leipzig skautları Giuu-nu La Masia-dan ayrıldığı vaxtdan bəri yaxından izləyirdi. “Onunla uzun müddətdir əlaqədəyik, inkişafını çox diqqətlə təqib etmişik, buna görə RB Leipzig-i seçməsindən çox məmnunuq. Əminik ki, həm dərhal təsir göstərə, həm də gələcəkdə inkişaf etməyə davam edə biləcək keyfiyyətə və mentalitetə malikdir”, – o əlavə etdi.
Yəni bu, riskli lotereya deyil, uzunmüddətli planın nəticəsidir. Klub özünü isbat etməyə ac, lakin artıq böyük səhnənin dadını görmüş bir hücumçuya sərmayə qoyur.
Giuu üçün növbəti mərhələ
Giuu-nun Almaniyaya köçü karyerasında hesablanmış növbəti addım təsiri bağışlayır. Barcelona və Chelsea kimi nəhənglərdən sonra indi o, gənc oyunçulara etibar edən, onları inkişaf etdirib daha da böyüdən bir mühitə gəlir. Red Bull sistemindən keçən ulduzların izi meydandadır və ispan forvard bu yolun növbəti sərnişini olmaq istəyir.
“RB Leipzig dəfələrlə göstərib ki, gənc oyunçular burada ən yüksək səviyyədə inkişaf edə bilirlər. RBL həm də hər turnirdə böyük hədəfləri olan iddialı klubdur. Mən bu məqsədlərə çatmağa öz payımı vermək, eyni zamanda hər gün daha da yaxşılaşmaq istəyirəm”, – Giuu sözlərini belə tamamladı.
İndi növbə meydandadır. Leipzig-in sürətli, aqressiv futbolunda ispan forvardın necə iz buraxacağı, Bundesliqa müdafiəçilərinin onun adını nə qədər tez əzbərləyəcəyi sual olaraq qalır. Cavab isə artıq çox gözlətməməlidir.




