Chelsea üçün müdafiə siqnalı: Jan Paul van Hecke gələcəyi barədə açıq danışdı
Chelsea-nin mərkəz müdafiəsinə axtarışı artıq kağız üzərindəki ssenaridən çıxıb, konkret ada yönəlib. Brighton and Hove Albion-un müdafiəçisi Jan Paul van Hecke yay pəncərəsinin ən çox danışılan adlarından birinə çevrilib və özü də nəhayət sükutu pozub: o, gələcəyi barədə “aydınlıq” istəyir.
26 yaşlı niderlandlı son mövsümlərdə Premier League-də topa münasibəti, oyunu qurma bacarığı və təzyiq altında soyuqqanlılığı ilə liqanın ən yaxşı topa nəzarət edən mərkəz müdafiəçilərindən biri kimi dəyərləndirilir. Brighton forması ilə 131 oyuna çıxıb, 4 qol vurub və komandanın arxa xəttində sabit fiqura çevrilib.
Amma təqvim amansızdır. Müqaviləsinin bitməsinə cəmi 12 ay qalıb. Klub satmasa, gələn yay onu pulsuz itirə bilər. Məhz bu fonunda The Telegraph Van Hecke-nin təxminən 81 milyon avro (70 milyon funt sterlinq) dəyərləndirildiyini və Chelsea ilə Liverpool tərəfindən yaxından izlənildiyini yazır.
Tottenham da səhnədədir. London klubu artıq iki dəfə rəsmi təklif göndərib, amma hər iki cəhd Brighton tərəfindən rədd edilib. Eyni zamanda sahil klubu əks istiqamətdə addım atmağa çalışıb və Luka Vuskovic üçün Spurs-a təklif yollayıb, lakin bu danışıqlar da eyni nəticə ilə başa çatıb – rədd cavabı.
Van Hecke: “Mən özüm üçün aydınlığı artıq bilirəm”
Transfer şayiələri qaynayarkən Van Hecke hazırda diqqətini milli komandaya yönəldib. O, bazar günü Niderland yığmasının Yaponiya ilə 2:2 hesablı dünya çempionatının açılış oyununa start heyətində çıxıb və matçdan sonra gələcəyi barədə danışmaqdan qaçmayıb.
Sky Sports-un yaydığı açıqlamasında müdafiəçi fikirlərini gizlətməyib:
“Əlbəttə, nələrinsə baş verdiyini mən özüm də bilirəm, amma bu, indilik deyil, daha çox dünya çempionatından sonrasıdır. Onda görəcəyəm harada oynayıram. Mən dəfələrlə demişəm ki, dünya çempionatından əvvəl özüm üçün aydınlıq istəyirəm.
Və onu da əldə etmişəm, amma bu, hələlik yalnız özüm üçün aydındır. Sadəcə, indi dünya çempionatını mümkün qədər yaxşı keçirmək istəyirəm. O aydınlıq yəqin ki, dünya çempionatından sonra gələcək – mən o addımı atanda, hər kəs üçün bəlli olacaq.”
Bu cümlələr təsadüfi deyil. O, nə klub ad çəkir, nə də konkret liqa. Amma bir həqiqət var: Van Hecke artıq daxilən qərarını formalaşdırıb və növbəti böyük addımı dünya çempionatından sonrakı günlərə saxlayıb.
Chelsea üçün bu, aydın mesajdır. İstəyirsinizsə, rəsmi xəbərdarlıq: əgər onu istəyirsinizsə, tez və ciddi davranmalısınız.
Brighton mövqeyini sərtləşdirir: “Bizim üçün də düzgün olmalıdır”
Van Hecke-nin sözlərindən əvvəl top Brighton rəhbərliyinin meydanında idi. Klubun icraçı direktoru Paul Barber talkSPORT-a açıqlamasında London təmsilçisi Tottenham-dan gələn təklifləri təsdiqləyib və klubun mövqeyini sərt şəkildə ortaya qoyub:
“Bəli, son bir həftə ərzində, əslində iki dəfə Tottenham-dan təklif rədd etmişik. Bu baxımdan, hər şey həm bizim, həm də futbolçu üçün düzgün olmalıdır.
Biz öz modelimizə uyğun ən yaxşı sövdələşmələri etməliyik və eyni zamanda Fabian Hurzeler-i də dəstəkləməliyik, çünki onu daha bir böyük mövsüm gözləyir.”
Bu açıqlama Brighton-un tələsik satmaq niyyətində olmadığını açıq göstərir. Müqavilənin son ili olsa belə, klub qiyməti aşağı salmır və bazarı diktə etməyə çalışır. Van Hecke yalnız “uyğun təklif” gəldiyi halda buraxılacaq.
Burada sual aydındır: uyğun təklif kimdən gələcək? Chelsea? Liverpool? Yoxsa artıq iki dəfə qapını döyən Tottenham üçüncü cəhdə hazırlaşır?
Chelsea-də çıxış, Madridə yol: Marc Cucurella səhifəsi bağlanır
Bu arada Stamford Bridge-də arxa xətdə başqa bir hekayə sonuna yaxınlaşır. The Athletic-in məlumatına görə, Chelsea sol cinah müdafiəçisi Marc Cucurella üçün Real Madrid ilə 60 milyon avroluq (51,8 milyon funt sterlinq) razılaşma əldə edib. İspaniyalı müdafiəçi yayda Jose Mourinho-nun komandasına qoşulacaq üçüncü transfer kimi gözlənilir; ondan əvvəl Ibrahima Konate və Denzel Dumfries rəsmən “Santiago Bernabeu” yolunu tutublar.
Cucurella-nın London günləri artıq bir müddətdir ki, sual altındaydı. Xüsusilə də may ayında Xabi Alonsonun gəlişindən öncə, yanvarda Enzo Maresca-nın istefası fonunda, o, klubun istiqaməti ilə bağlı narahatlığını gizlətmirdi.
Mart ayında The Athletic-ə verdiyi müsahibədə belə demişdi:
“Maresca getdiyi an bizə böyük təsir etdi. Bu, klubun verdiyi qərarlardır. Əgər məndən soruşsaydınız, mən belə qərar verməzdim. Belə bir dəyişiklik üçün ən yaxşısı mövsümün sonunadək gözləməkdir. Belə olanda həm futbolçulara, həm də yeni baş məşqçiyə hazırlaşmaq, tam yay hazırlığı keçmək üçün vaxt verərdiniz…”
O vaxtdan çox şey dəyişib, amma Cucurella-nın daxili tərəddüdü artıq Madrid təklifi ilə cavabını tapıb. Chelsea üçünsə bu, təkcə gəlir deyil, həm də müdafiə xəttini yenidən formalaşdırmaq üçün əlavə sərbəstlik deməkdir.
Van Hecke üçün qapı məhz burada açılır. Sol cinahdan bir ad çıxır, mərkəzdə isə yeni lider axtarışı sürətlənir.
Chelsea indi qərar verməlidir: 81 milyon avroluq qiymət etiketinə baxmayaraq, Van Hecke kimi oyunu arxadan quran, təzyiq altında rahat qalan və Premier League ritmini artıq mənimsəmiş bir mərkəz müdafiəçisinə sərmayə qoymağa hazırdırmı?
Yoxsa London klubu bir daha tərəddüd edib, bu fürsəti rəqiblərinə verəcək?




