Caspian Sport

Cole Palmer zədələndi, İngiltərə millisindən kənarda qalır

Cole Palmer üçün milli komandaya qayıdış hekayəsi yarımçıq dayandı. Chelsea hücumçusu yüngül zədə səbəbindən qarşıdakı Nations League oyunları üçün İngiltərə millisindən çıxarılmağa hazırlaşır.

24 yaşlı futbolçu Thomas Tuchel tərəfindən yenidən heyətə çağırılmışdı. Dünya çempionatına aparılmaması böyük mübahisə doğurmuş, baş məşqçinin bu dəfəki qərarı isə həm azarkeşlər, həm də mütəxəssislər tərəfindən bir növ “ədalətin bərpası” kimi qarşılanmışdı.

Tuchel açıq mesaj vermişdi: Palmerin “özünü sübut etməli” olduğunu, “səviyyəsini qaldırıb” forma haqqını qoruması və çağırışını əsaslandırması gərəkdiyini demişdi. Yəni bu toplanış onun üçün həm sınaq, həm də yeni başlanğıc sayılırdı.

İndi isə planlar dəyişdi.

Millidən öncə 90 dəqiqə, sonra geri addım

Palmer millidən çıxarılma qərarına, Chelseanin cümə günü səfərdə Brentfordə 0:3 hesabı ilə uduzduğu oyunda 90 dəqiqə meydanda qaldıqdan sonra gəlib. Oyun bitdi, amma nəticədən də ağır olan xəbər – yığmadan məcburi ayrılıq – elə ardınca gəldi.

Bu, kiçik zədədir, amma Tuchel və federasiya heyəti riskə getmək istəmir. Qarşıda dörd oyunluq sıx təqvim var: 26 sentyabrda Wembleydə dünya çempionu İspaniya, ardınca 29 sentyabrda Çexiya səfəri, 3 oktyabrda Xorvatiya ilə görüş və nəhayət, 6 oktyabrda yenə çexlərlə ev oyunu.

Belə seriyada yarımçıq və ya tam hazır olmayan futbolçuya güvənməkdənnsə, indi geri çəkilib klub səviyyəsində tam sağalmaq daha məntiqli görünür.

Klubda parlayırdı, millidə isə yenə pauza

Yayda Dünya çempionatına aparılmayan Palmer istirahətdən sonra Chelseadə mövsümə güclü start vermişdi. Komandanın yeddi oyunundan altısına start heyətində çıxıb, onlardan beşində meydanı tam oynayıb. Dörd qol, iki qol ötürməsi – hücumçunun məhsuldarlığı Tuchelin onu yenidən yığmaya çağırmasını izah edirdi.

Amma bu yüksəlişin fonunda köhnə narahatlıq yenidən üzə çıxır. 2025-26 mövsümündə Palmer təkrarlanan qasıq zədəsi ilə əziyyət çəkmişdi. O vaxt Chelseanin baş məşqçisi olan, hazırda isə Manchester Cityni çalışdıran Enzo Maresca bu zədə durumunun “məntiqə sığmadığını” demiş, davamlı xırda problemlərin futbolçunun ritmini pozduğunu vurğulamışdı.

İndi də oxşar ssenari yaşanır: forma tapıb, məsuliyyət artır, ardınca bədən siqnal verir.

Yığmadakı son səhifə – Yaponiyaya qarşı məğlubiyyət

Palmer İngiltərə millisinin heyətində son dəfə mart ayında Yaponiyaya qarşı yoldaşlıq görüşündə meydana çıxmışdı. O görüşdə İngiltərə 0:1 hesabı ilə uduzmuş, hücum xəttinin sönük oyunu tənqid hədəfinə çevrilmişdi. Palmer üçün isə bu, indilik son milli matç olaraq qalır.

İndi o, yenidən gözləməli olacaq. Bir tərəfdə Tuchelin sərt tələbi – “səviyyəni qaldır, forma haqqını qazan”. Digər tərəfdə isə bədəni ona başqa bir mesaj verir.

Palmer bu zədə döngəsindən nə vaxt çıxacaq və İngiltərə formasını ardıcıl şəkildə üzərinə keçirə biləcək? Mövsümün qalan hissəsi bu sualın cavabını verəcək.

Cole Palmer zədələndi, İngiltərə millisindən kənarda qalır