İtaliya yığmasında boş qalan “azzurri” kürsüsü yenidən Antonio Conte-nin adı ətrafında fırlanır. Gennaro Gattuso-nun Bosniya və Herseqovinaya qarşı dünya çempionatı pley-off finalındakı sarsıdıcı məğlubiyyətdən sonra istefası federasiyanı silkələyib, meydanın kənarında isə artıq daha böyük təlatüm baş verib: bütün futbol idarəçiliyinin yenilənməsi tələb olunur.
Bu xaosun mərkəzində isə bir adam dayanır – Aurelio De Laurentiis. “Napoli”nin prezidenti nəinki Conte-nin yenidən yığmanın sükanı arxasına keçməsinə qapını açıq saxlayır, həm də İtaliya Futbol Federasiyasının (FIGC) kökündən dəyişdirilməsini tələb edir.
Conte üçün qapı açıqdır – amma şərtlə
Conte milli komandanı yaxşı tanıyır. O, 2014-cü ildə “Juventus”dan ayrıldıqdan sonra Azzurri-nin başına keçmiş, iki il ərzində 25 oyuna çıxmışdı: 14 qələbə, 5 məğlubiyyət. Onun dövrü Euro 2016-nın dramatik 1/4 finalı ilə bitdi – Almaniyaya penaltilərdə uduzulan gecə hələ də yaddaşlardadır.
Sonra klub futbolunda fırtına qopdu: “Chelsea” ilə Premyer Liqa, “Inter”lə Serie A çempionluğu, “Tottenham” epizodu və nəhayət, “Napoli”yə ötən mövsüm qazandırılan Scudetto. İndi isə Conte-nin adı yenidən Coverciano ilə bir cümlədə çəkilir.
De Laurentiis “CalcioNapoli24”ə açıqlamasında şayiələrə birbaşa cavab verdi və “Napoli”nin baş məşqçisini milli komandaya buraxmağa hazır olduğunu açıq şəkildə bildirdi:
“Conte milli komandanın yeni baş məşqçisi? Əgər Antonio məndən soruşsa, düşünürəm ki, ‘bəli’ deyərəm. Amma o çox ağıllıdır. Ciddi bir interlocutor olmadığı müddətdə – indiyə qədər də olmayıb – tamamilə təşkilatsız bir şeyin başında özünü təsəvvür etməkdən əl çəkəcəyinə inanıram,” – deyə klub rəhbəri vurğuladı.
Yəni mesaj aydındır: problem Conte-də deyil, problem sistemdədir.
Üç mundialsızlıq və partlayan təzyiq
Bosniya və Herseqovinaya uduzulmuş pley-off yalnız bir məğlubiyyət deyildi, illərlə yığılan böhranın partlayış nöqtəsi oldu. Seçmə mərhələ əvvəlcə Luciano Spalletti ilə başladı, sonra isə son anda dünya çempionatı ümidlərini xilas etmək üçün Gattuso gətirildi.
Gattuso ümumilikdə 8 oyuna çıxdı, 6 qələbə qazandı. Amma həlledici anlarda yıxıldı: qrupun son turunda Norveçə məğlubiyyət, ardınca Bosniya və Herseqovinaya pley-off finalında zərbə. Bu iki oyun onun qısa hakimiyyətinə ağır kölgə saldı.
Nəticə tarixi fiasko oldu. İtaliya artıq 2018, 2022 və 2026 dünya çempionatlarını buraxıb. Bir vaxtlar turnirin simvolu sayılan ölkə ardıcıl üç mundialı televizordan izləyəcək. Bu, təkcə idman uğursuzluğu deyil, strukturun çökməsinin simvoludur.
Təzyiq nəhayət FIGC divarlarını da çatlatdı. Prezident Gabriele Gravina istefa verdi, ardınca nümayəndə heyətinin rəhbəri Gianluigi Buffon da vəzifəsini tərk etdi. Yığma meydanda uduzdu, federasiya kabinetlərdə.
De Laurentiis-in hədəfi: sistemi dağıtmaq, yenidən qurmaq
De Laurentiis illərdir tənqid etdiyi sistemə bu dəfə açıq hücum çəkdi. Onun üçün Conte-nin gələcəyi, əslində, daha böyük bir mübarizənin detalıdır.
O, federasiyanın başına konkret bir ad təklif edir – Giovanni Malagò. Hazırda İtaliya Milli Olimpiya Komitəsinin (CONI) prezidenti olan Malagò-nu həm komissar, həm də sonradan FIGC prezidenti postu üçün “ideal” fiqur kimi görür.
De Laurentiis-in arqumenti sərtdir: Serie A klubları federasiyanı maliyyələşdirir, amma səs hüququnda kənarda saxlanılır.
“İtaliya futbolu – bu, Serie A-dır, amma onu Külə Fatma kimi kənara atırlar. Federasiyada cəmi 18 faiz paya malikdir, əvəzində həvəskarlar və oyunçular çoxluğa sahibdir. Bu, absurddur. Serie A olmasa, federasiya mövcud olmaz. Üstəlik, biz onu ildə təxminən 130 milyon avro ilə maliyyələşdiririk,” – De Laurentiis sərt tonda bildirib.
Sözlər təsadüfi deyil. Bu, klubların federasiyaya qarşı illərdir yığılan narazılığının açıq manifestidir.
Conte-nin qarşısındakı sual
Belə bir mənzərədə Conte üçün milli komanda dəvəti təkcə idman qərarı olmayacaq. O, artıq sübut edib ki, böhran içində olan layihələri ayağa qaldıra bilir. Amma indi söhbət yalnız meydandakı 11 oyunçudan getmir.
İtaliya yığması yenidən dünya səhnəsinə qayıtmaq üçün güclü fiqura ehtiyac duyur. Conte bu profilə uyğundur. Sual başqadır: o, De Laurentiis-in “tamamilə təşkilatsız” adlandırdığı sistemə daxil olmağa razı olacaqmı?
Bu dəfə qərarı təkcə məşqçi lövhəsi deyil, Palazzo-lardakı kreslolar müəyyən edəcək. İtaliya futbolunun gələn onilliyi məhz orada yazılacaq.





