Cristiano Ronaldo: Son Dünya Çempionatı və Gələcək Planları
“Artıq əvvəlki futbolçu deyiləm.”
Cristiano Ronaldo bu dəfə mübahisədən qaçmadı. Portuqaliyanın İspaniyaya qarşı 1/8 final oyunundan əvvəl mətbuat önünə çıxan 41 yaşlı ulduz, özündən, gələcəyindən və üzərinə yağan tənqiddən birbaşa danışdı. Texasdakı duelə saatlar qalmış, illərin toxunulmaz fiquru öz reallığını açıq şəkildə qəbul etdi.
Bu, onun son Dünya çempionatı olacaq. Bunu bir daha təsdiqlədi. Turnirdə artıq üç qolu var, amma oyunun bəzi hissələrində kölgədə qaldığı da göz önündədir. Qollar hələ də gəlir, dominasiya isə əvvəlki kimi deyil.
Jurnalistlər gələcək barədə soruşanda Ronaldo çəkinmədi: “Elə də pis getmirəm,” – dedi. Sonra 23 illik mübahisəni bir cümlə ilə xülasə etdi: “Məni 23 ildir ‘öldürməyə’ çalışırsınız. Amma görürsünüz ki, buna dəymir, vaxt itkisinə çevrilib. Yenə də cəhd edir, edir, edir, edir, edirsiniz.”
Sözlərini daha da sərtləşdirdi: “Dayanacağam – nə vaxt ki, özüm qərar verəcəyəm, siz yox. Həmişə eyni sualı verirsiniz. Bu, mənim son Dünya çempionatım olacaq, amma ümid edirəm sabah son oyunum olmayacaq.”
Son pərdə yaxınlaşır
42 yaşına yeddi ay qalıb. 2016-cı ilin Avropa çempionu, illərlə bu komandanın kapitanı, lideri, siması olan Ronaldo üçün səhnə yavaş-yavaş qapanır. Beşqat Çempionlar Liqası qalibi həmişə deyib ki, Dünya çempionatına son dəfə çıxır. Hətta ötən həftə Torontoda Xorvatiyaya qarşı 1/16 finaldan əvvəl bacısı bu turniri onun “son rəqsi” adlandırmışdı.
Ivan Perisic 53-cü dəqiqədə Xorvatiyanı önə keçirdikdə, Ronaldo üçün bu rəqsin bitdiyi an kimi görünürdü. 232-ci oyun, bəlkə də, milli formanı geyindiyi son matç ola bilərdi. Təzyiq artdı, saat işləyirdi.
Amma o, yenə səhnəyə çıxdı. Penalti nöqtəsinə gəldi və Dünya çempionatlarının pley-off mərhələsində ilk qolunu vurdu. Qol sevincini yaşamağa macal tapmamış, Roberto Martinez qərar verdi: milli ikon meydanı tərk edir. Ronaldo kənara gələrkən üzündən narazılıq oxunurdu, lakin bu dəyişiklik oyunun axarını dəyişdi. Onun təbii varisi kimi görülən Goncalo Ramos ehtiyatdan daxil olub Portuqaliyanı dəlisov sonluqla növbəti mərhələyə daşıdı.
İndi isə Texasda başqa bir sual havada asılıb: Ronaldo İspaniyaya qarşı start heyətində olmalıdırmı?
Mətbuat zalından alqışlarla yola salınan Ronaldo bir cümlə ilə öz statusunu xatırlatdı: “Dünya çempionatını qazansam da, Cristiano Ronaldo daha çox və ya daha az olmayacağam.” Sonra 40 yaşdan sonra artan hücumlara təşəkkür etdi: “Tənqid hesabına böyüyürsən, buna görə sizə təşəkkür edirəm.”
Rekordların adamı, mübahisələrin mərkəzi
146 qolla milli komandalar tarixinin bombardiri. Ronaldo təkcə rəqəmləri deyil, Portuqaliyanın futbol düşüncəsini də dəyişdi. Bu komandanın özünə inamını, iddiasını, dünyaya baxışını başqa səviyyəyə qaldırdı.
Əvvəlki beş Dünya çempionatında o, toxunulmaz fiqur kimi gəlirdi. Bu dəfə ssenari fərqlidir. Səhnə hələ onun, amma rolu dəyişir. Daha çox adam düşünür ki, Ronaldo meydanda bir az geri çəkilməli, daha az mərkəzi fiqur olmalıdır.
1966-cı ildə dünya üçüncülüyü qazanan Portuqaliya millisinin üzvü Antonio Simoes bunu sərt şəkildə ifadə etdi: “O, qalib gəlmək üçün oynamır, əsas fiqur olmaq üçün oynayır. Bunun Eusebio-nun tam əksi olduğunu anlayırsınız?” – deyə o bildirib. “Heç nəyə qarşı deyiləm. Hələ də görürəm, eşidirəm, düşünürəm. Amma faktların reallığından qaça bilmərəm.”
Ronaldo isə faktlarla cavab verməyi sevir. ABŞ və Kanadadakı bu turnirdə də üç dəfə fərqlənərək oynadığı altı Dünya çempionatının hamısında qol vurmağı bacarıb.
Onun mundial salnaməsi uzundur: 2006-da İrana penalti, dörd il sonra Cənubi Afrikada Şimali Koreyaya qol, 2014-də Braziliyada Qananı məyus edən yeganə zərbə. 2018-də Soçidə İspaniyaya qarşı möhtəşəm het-trik, beş gün sonra Moskvada Mərakeşə qarşı qələbə qolu. 2022-də Qətərdə yenə Qanaya penalti. Bu yay isə Xorvatiyaya qədər, 23 iyunda Houstonda Özbəkistana qarşı 5:0 hesablı qələbədə iki qol.
Roberto Martinez üçün hələ də meydanda onun üçün yer var: “Onun liderliyi və son üçdə bir zonadakı işi hələ də dünyanın ən yaxşılarındandır,” – deyə o, niyə Ronaldoya start heyətində güvəndiyini izah edib.
2023-cü ildə Belçika millisindən ayrılıb Portuqaliyanın “sükanına” keçəndən bəri Martinez-in idarəsində komanda 44 oyun keçirib. Ronaldo onların 36-da oynayıb, əsasən zədə və ya cəzaya görə kənarda qalıb. Diqqətçəkən məqam: bu dövrdə Portuqaliyanın ən ağır qələbəsi – 2023-cü ilin sentyabrında Faroda Lüksemburqa 9:0 hesablı darmadağın – Ronaldosuz gəlib. Növbəti ən böyük hesab, ötən noyabrda Portoda Ermənistan üzərində 9:1, yenə onsuz.
Bu nəticələrdən sonra müzakirə alovlanır: Portuqaliya Ronaldosuz daha yaxşı oynayır? Statistika sual doğurur, tribuna isə hələ də “bizə xəyal qurmağı öyrədən” adamı ucaldır.
Rəqəmlər nə deyir?
Bu turnirdə Ronaldo həm bombardir, həm də tənqid hədəfidir. Üç qolu var, amma oyunun dərinliyində izləri seyrəlir. 15 zərbə endirib – bu, komanda yoldaşlarının hər hansı birindən təxminən iki dəfə çoxdur. Amma hələ də heç bir qol şansı yaratmayıb. Bu Dünya çempionatında qol şansı yaratmadan ən çox zərbə vuran futbolçu da odur.
Portuqaliyanın dörd oyunundan üçünündə – onlardan biri ehtiyatdan daxil olduğu matçdır – 25-dən az toxunuş edib. Dünya çempionatları karyerasında bu, ən aşağı rəqəmdir. Ümumi toxunuş ortalaması da indiyə qədər iştirak etdiyi mundialların hamısından aşağıdır.
Xorvatiyaya qarşı dramatik qələbədə rəqib cərimə meydançasında yalnız bir toxunuşu var idi. O da penalti idi. Qaçış göstəriciləri də əvvəlki illərlə müqayisədə kəskin düşüb: müdafiə arxasına orta hesabla cəmi 4,4 qaçış. Son iki Dünya çempionatında eyni mərkəz hücumçusu rolunda bu rəqəm xeyli yüksək idi.
Yenə də çoxlu azarkeş hesab edir ki, bu qədər sevinc bəxş etmiş bir futbolçu əsas heyətdə qalma haqqını qazanıb. Xorvatiya matçından əvvəl azarkeş Angelo bunu belə ifadə edib: “Məncə, meydanda qalmaq-qalmamaq qərarını özü verməlidir. Portuqaliya üçün etdiklərinə görə, bu hüququ tam qazanıb.”
İndi Martinez-in qarşısında sərt seçim dayanır. İspaniyaya qarşı – bəlkə də Dünya çempionatında son dəfə – Ronaldoya start heyətində güvənəcək? Yoxsa Xorvatiyaya qarşı həlledici qolu vuran Ramos-u mükafatlandırıb onu irəli çəkəcək?
Ronaldo-maniya hələ də yaşayır
Bir həqiqət var: Ronaldo haraya getsə, izdiham da ora axır. Dünya futbolunun qlobal siması, ölkəsinin milli sərvəti. 23 il əvvəl Portuqaliya millisində debüt edən uşaq indi də milyonları arxasınca sürükləyir. Bu Dünya çempionatı göstərdi ki, Ronaldo-maniya hələ sönməyib.
Torontoda Portuqaliya formasını onun adı olmadan görmək, demək olar, mümkünsüz idi. Xorvatiya ilə oyundan əvvəl şəhərin əsas magistrallarından biri azarkeşlərin bir anlıq onu görmək üçün dayandırdığı maşınlarla doldu. Tıxacın səbəbi sadə idi: Ronaldo şəhərdə idi.
Hətta futbolla maraqlanmayanlar belə onun gəlişindən xəbər tutmuşdu. Hava limanından hoteldə gedən taksi sürücüsü etiraf edirdi ki, oyunu izləməyəcək, amma bir neçə gündür yerli televiziya və radio yalnız ondan danışır. “Xüsusi biri olmalıdır,” – deyirdi.
Bir azarkeş, sadəcə onu canlı görmək üçün, dünya ulduzunu stadionda izləmək üçün aylıq maaşının hamısını biletə xərclədiyini deyirdi. O, Ronaldo-nu “dünyanın ən böyüklərindən birini öz gözləri ilə görmək şansı” kimi təsvir edirdi.
Portuqaliya azarkeşləri ilə söhbətlərdə bir cümlə tez-tez təkrarlanırdı: “O, Portuqaliyanı xəritəyə saldı.” Joao belə deyirdi: “Eusebio-dan sonra dünya səhnəsində, əslində, heç kimimiz yox idi. Ronaldo gəldi və bizə xəyal qurmağı öyrətdi.”
Lucilia isə başqa cür vurğulayırdı: “İnsanlar Portuqaliya haqqında onun sayəsində danışır. Haradan gəldiyini unutmur, insanları xatırlayır. Onu sevirəm. Ronaldo Portuqaliya üçün hər hansı bir siyasətçidən daha çox şey ifadə edir.”
Diana isə özünü artıq o günə hazırlayır – Ronaldo millidən ayrılacağını açıqlayanda. “Əlbəttə, kədərlənəcəyəm. Bütün dünya kədərlənəcək. Çünki kimin azarkeşi olmağından asılı olmayaraq, Ronaldo möhtəşəm karyera qurdu və nümunəvi futbolçu oldu. Ona deyərdim: ‘Aferin, Cristiano. İstirahətindən zövq al. Dünyanı əyləndirdikdən sonra bunu sonuna qədər haqq etmisən.’”
İndi isə Texasda işıqlar yenə onun üzərinə düşür. Son dəfəmi? Yoxsa Ronaldo bu səhnədə bir dəfə də olsun hamını təəccübləndirəcək? Bunu yalnız növbəti 90 dəqiqə göstərəcək.




