Caspian Sport

Cristiano Ronaldonun oğlu Al-Nassr debütünə yaxınlaşır

Cristiano Ronaldo illərdir bir arzudan danışırdı: peşəkar səviyyədə oğluyla eyni meydanı bölüşmək. İndi bu xəyal ilk dəfə bu qədər real görünür.

Al-Nassr-da ailə planı

Səudiyyə Ərəbistanı klubu Al-Nassr gələn mövsümdən etibarən Cristiano Ronaldonun oğlunu – 15 yaşlı Cristiano Jr-i – əsas komandaya çəkməyi ciddi şəkildə müzakirə edir. Bu, yalnız romantik hekayə deyil, klub daxilində real bir idman layihəsi kimi dəyərləndirilir.

Cristiano Jr artıq Al-Nassr akademiyasının futbolçusudur və açıq şəkildə atasının yolunu davam etdirmək istəyir. Hücumçu bir müddət Real Madrid akademiyasında da məşq etmiş, hətta İspaniya nəhənginin onu rəsmən heyətə qatmaq istədiyi barədə xəbərlər yayılmışdı. Portuqaliyanın aşağı yaş yığmalarında isə artıq sabit fiqurdur və 2025-ci ildə U-17 Dünya Çempionatının qazanılmasında pay sahibi olub.

İndi isə ərəb nəşri Al Wiam yazır ki, Al-Nassr rəhbərliyi gələn mövsüm gənc forvardı birbaşa əsas komandaya inteqrasiya etməyi düşünür. ABŞ-da doğulan Cristiano Jr iyunda 16 yaşını qeyd edəcək. Bu rəqəm Səudiyyə Pro Liqası üçün kritik həddir.

Liqa qaydalarına görə, 16 yaşdan etibarən futbolçu əsas komandada oynaya bilər. Deməli, hüquqi və idman baxımından ata ilə oğulun eyni heyətdə meydana çıxmasına heç bir maneə qalmır. Ronaldo fevralda 41 yaşını qeyd edib və Al-Nassr-la müqaviləsi gələn mövsümün sonuna qədərdir. Zamanlama, demək olar ki, ideal alınır.

Uzun illərin açıq sirri

Futbol dünyasında çoxdan danışılan bir mövzu var: beşqat Ballon d'Or laureatı karyerasını yalnız bir oyuna görə – oğluyla yan-yana oynaya bilmək üçün – uzadır. Ronaldo özü də bu ehtimalı gizlətmir.

O, ötən il verdiyi açıqlamada bu arzusunu belə ifadə etmişdi: “İstərdim, bəli, istərdim. Bu, gecələr məni yatmağa qoymayan bir şey deyil, amma istərdim. Görəcəyik. Bu, mənim yox, daha çox onun əlindədir. İllər keçir və təbii ki, Cris də bir gün futboldan gedəcək, çünki mən illəri uzatdıqca elə bir məqam gələcək ki, artıq mümkün olmayacaq. Təkcə fiziki yox, psixoloji baxımdan da.”

Sonra isə sanki bu xəyalın ağırlığını özü yüngülləşdirirmiş kimi davam etmişdi: “Amma buna obses­siya kimi də baxmıram. O, öz yolunu, öz trayektoriyasını gedəcək. Mən qürurlu ata olacağam, o nə edirsə-etsin, qürur duyacağam. Oynasa – ‘top’. Oynamasa, cəhd etdik. Heç olmasa atası çox çalışdı. Amma bu da problem olmayacaq, məncə.”

Sözlərindəki rahatlıq, qərarın oğluna aid olduğunu vurğulasa da, indi hadisələrin gedişi Ronaldonun xəyalına meydanda real cavab verməyə doğru gedir.

Riyadda vaxtla yarış

Hazırda gündəlik reallıq tamam başqadır. Ronaldo bütün diqqətini Al-Nassr ilə mövsümün sonuna yönəldib. Səudiyyə Ərəbistanına 2022-ci ilin sonlarında gəldiyindən bəri liqa tituluna hələ ki, çata bilməyib. Bu, onun kimi qələbəyə öyrəşmiş futbolçu üçün açıq-aşkar narahatlıq mənbəyidir.

Jorge Jesus-un çalışdırdığı Al-Nassr hazırda çempionatda liderdir, beş tur qalmış ən yaxın izləyicisi Al-Hilal-ı səkkiz xal qabaqlayır. Amma tablo göründüyü qədər rahat deyil. Al-Hilal-ın bir oyunu ehtiyatda qalır və may ayında iki komanda bir-biri ilə qarşılaşacaq. Həmin oyun titulu faktiki olaraq müəyyən edə bilər.

Ronaldo üçün bu, təkcə şəxsi ambisiyanın deyil, həm də mirasın savaşıdır. Səudiyyə macərasını çempionluqla taclandırmaq, ardınca isə bəlkə də karyerasının son Dünya Çempionatına yollanmaq. Və paralel xəttdə – Riyadın isti axşamlarında, məşq meydançasının kənarında böyüyən bir başqa hekayə: 16 yaşına qədəm qoyan oğul, atasının yanında debüt fürsətinə doğru addımlayır.

İndi sual təkdir: Ronaldo vaxtı bir mövsüm də qabaqlaya biləcək, yoxsa zaman bu dəfə dünyanın ən böyük qolçularından birinə qalib gələcək?