Dani Carvajal erası: Bernabeu-nun sağ cinahında 23 il
Santiago Bernabeu bu mövsümün sonunda yalnız daha bir titulsuz ili deyil, bütöv bir nəsli yola salacaq. 23 illik hekayənin, sağ cinah boyunca irəli-geri qaçan, hər dəfə də eyni inadla geri qayıdan bir uşağın – Dani Carvajal-ın hekayəsinin pərdəsi enir.
34 yaşlı kapitan mövsümün sonunda Real Madrid-dən ayrılır. Müqaviləsi iyunun sonunda başa çatır, yeni anlaşma yoxdur. 450 oyun, 14 qol, 27 kubok. Rəqəmlər quru görünə bilər, amma bu rəqəmlərin arxasında klubun müasir tarixini formalaşdıran bir karyera dayanır.
Akademiyadan zirvəyə uzanan yol
Madridli uşaq 2002-ci ildə klubun akademiyasına qədəm qoydu. O vaxt Bernabeu tribunalarında onu tanıyan yox idi. İllər keçdi, bir mövsümlük Bayer Leverkusen macərası gəldi, Real Madrid isə səhvini anında düzəltdi – geri alma bəndi işə salındı və 2013-cü ildə Carvajal birinci komandaya qayıtdı.
O gündən sonra sağ cinah onun adına yazıldı. Tədricən gənc akademiya məzunu statusundan çıxdı, paltardəyişmə otağında səs sahibi oldu, meydanda isə liderə çevrildi. Ulduz hücumçular işıqları öz üzərinə çəkərkən, o, kənarda, səssiz-səmirsiz, amma hər dəfə eyni səviyyədə çıxış etməklə komandanın onurğa sütununa çevrildi.
Şampiyonlar Liqasında iz buraxan sağ cinah
Carvajal-ın ən böyük səhnəsi Şampiyonlar Liqası idi. Altı dəfə kuboku qaldırıb. Bu, futbol tarixində yalnız beş oyunçunun bacardığı bir işdir. Daha təsirli fakt isə başqadır: qazandığı bütün altı finalda start heyətində meydana çıxan yeganə futbolçudur.
2024-cü ildə Borussia Dortmund-a qarşı final – onun karyerasının zirvələrindən biri. Açılış qolunu vurdu, görüşün ən yaxşı futbolçusu seçildi və Real Madrid-in daha bir Avropa gecəsinə möhürünü vurdu. Yüksək təzyiq, böyük səhnə, bir səhvin hər şeyi dəyişə biləcəyi anlar – Carvajal bu anlarda heç vaxt gizlənmədi.
Dəmir kimi mentalitet, görünməyən liderlik
İllər keçdikcə Bernabeu-nun simaları dəyişdi. Sergio Ramos getdi, Karim Benzema ayrıldı, Toni Kroos və Luka Modrić səhnədən çəkilməyə başladı. Paltardəyişmə otağında yeni səsə ehtiyac vardı. O səs tədricən Carvajal oldu.
O, emosional liderlərdən idi. Çətin dövrlərdə, xüsusən də son iki mövsümdə – nə böyük kubok, nə də sabitlik olan illərdə – onun mentaliteti komandanı ayaqda saxlayan sütunlardan biri kimi dəyərləndirilirdi. Meydanda olmadığı hər dəfə Real Madrid-in sağ cinahında yaranan boşluq bunu açıq şəkildə göstərirdi: onu əvəzləmək asan deyildi.
Tam sağ cinah müdafiəçisi obrazı
Karyerasının zirvə illərində Carvajal dünyanın ən komplekt sağ cinah müdafiəçilərindən biri hesab olunurdu. Aqressiv müdafiə, ağıllı hücum qoşulmaları, vaxtında verilən qərarlar. Carlo Ancelotti və Zinedine Zidane kimi məşqçilərin əlində o, sadəcə müdafiəçi deyildi – komandanın taktiki balansının əsas fiqurlarından birinə çevrilmişdi.
Meydana genişlik verirdi, mərkəzdəki quruculuğa dəstək olurdu, müdafiə ilə hücum arasında keçidi hamarlaşdırırdı. Bir cinahdan bu qədər çox iş tələb olunanda çoxları sıradan çıxır. O isə illərlə bu yükü daşıdı.
Millidə davam edən nüfuz
İspaniya millisində də o, uzun illərdir dəyişməz fiqurlardan biridir. 2014-cü ildən bəri 51 oyun, Nations League 2023 və Avro-2024-ün qazanılmasında rolu. Beynəlxalq səviyyədə də qazandıqları onun klub karyerasına güzgü tutur: səssiz, amma həlledici.
2024-cü ildə FIFPro World XI siyahısına düşməsi, The Best Fifa Men's World XI mükafatını alması, Dortmund-a qarşı finalda ən yaxşı oyunçu seçilməsi – bunlar artıq karyerasının sonuna yaxın gələn təsdiqlər idi. Sağ cinahda gördüyü iş nə qədər yüksək qiymətləndirilsə də, azdır.
Bədənin “yox” dediyi an
Son illər isə bədən eyni ritmdə davam etməyə icazə vermədi. Zədələr onu yavaş-yavaş oyundan qoparmağa başladı. 2024-cü ilin oktyabrında çarpaz bağların qopması, bir il sonra yeni ağır diz zədəsi. Hər dönüşündə yenidən mübarizə aparmalı oldu, amma artıq əvvəlki kimi fasiləsiz oynaya bilmirdi.
Bu mövsüm La Liga-da cəmi 892 dəqiqə meydanda olması təsadüf deyil. Zədələr və klubun gələcək üçün planları onu kənara çəkdi.
Yeni dövrün siqnalı: Trent Alexander-Arnold
Keçən yay Liverpool-dan Trent Alexander-Arnold-un gəlişi hər şeyi açıq göstərdi. Real Madrid sağ cinahda növbəti onilliyi planlaşdırırdı. Alvaro Arbeloa-nın rəhbərliyi altında ingilis müdafiəçi yavaş-yavaş əsas seçimə çevrildi, Carvajal isə daha çox təcrübəli bələdçi rolunu aldı.
Bu, sadəcə mövqedə dəyişiklik deyildi. Bir eranın bitdiyinin, yeni bir komandanın qurulduğunun işarəsi idi.
Perez-in sözləri və Bernabeu-nun vidası
Klub prezidenti Florentino Perez onu bir cümlə ilə xülasə etdi: “Dani Carvajal Real Madrid-in və onun akademiyasının əfsanəsidir. Bu, onun evidir və həmişə də belə qalacaq”. Bu sözlər sadəcə rəsmi kompliment deyil, klubun içində ona olan real münasibətin aynasıdır.
Real Madrid ikinci mövsüldür ki, böyük kuboksuz qalır. Amma şənbə günü, 23 mayda, Santiago Bernabeu-da Athletic Club-a qarşı La Liga-nın son turu yalnız titulsuz mövsümün finalı olmayacaq. Tribunalar 23 ilin, altı Şampiyonlar Liqası kubokunun, saysız-sovrulsuz sprintlərin, müdafiə bloklarının və sakit, amma sərt liderliyin sahibinə əl sallayacaq.
Hər dəfə meydana çıxdıqda aldığı alqışlar, bu mövsüm az oynasa da dəyişməyən hörmət – azarkeşlərin yaddaşında onun yerini çoxdan möhürləyib. O, artıq klub tarixinin ən böyük sağ cinah müdafiəçilərindən biri kimi qəbul olunur.
Sual indi budur: sağ cinah boyunca 23 il nəfəs alan bu klub, Carvajal-sız yeni dövrə necə uyğunlaşacaq? Bernabeu cavabı tezliklə verəcək.




