Caspian Sport

Dean Huijsen: Yeni Mövsüm və 4 Nömrənin Məsuliyyəti

Dean Huijsen “Real Madrid”də ikinci mövsümünə başlayır və bu dəfə şərt çox sadədir: ya əsas mərkəz müdafiəçilərdən birinə çevriləcək, ya da sadəcə vəd verən gənc kimi qalacaq.

21 yaşlı müdafiəçi bu axşam “Teresa Herrera” turnirində “Deportivo La Coruna”ya qarşı oyuna start heyətində çıxmağa hazırlaşır. Avstriyaya səfəri qaçırmasına səbəb olan yüngül zədəsini arxada qoyub və yenidən ritm tutmağa başlayıb.

Keçən mövsüm onun üçün həm parlaq anlar, həm də ağır dövrlər gətirdi. “AS”ın məlumatına görə, indi qarşısında bir mövsümlük çox aydın hədəf var: növbəti pilləyə qalxmaq, artıq “potensial” yox, “dayaq” kimi görünmək.

Klub Dünya Kubokundan eniş-yoxuşlu ilk mövsümə

Huijsen-in “Real Madrid” hekayəsi cəmi bir il əvvəl, 2025-ci ilin iyununda Klub Dünya Kubokunda başladı. Turniri qazana bilməsələr də, o, Xabi Alonso-nun komandasında ən pozitiv fiqurlardan biri kimi önə çıxdı.

Formasını La Liga-nın ilk həftələrinə də daşıdı. Müdaxilələrdə cəsarətli, topla çıxışlarda sakit, hava mübarizələrində üstün idi. Lakin “Real Madrid” nəticə böhranına girən kimi, gənc müdafiəçinin oyunu da dalğalanmağa başladı.

Bəzi epizodlarda özünə inam artıq risk həddinə keçdi. Konsentrasiya itkiləri, vaxtında reaksiya verə bilmədiyi epizodlar artdı. Nəticə? Avtomatik əsas heyət statusunu itirdi.

Mövsümün sonuna doğru isə tamam başqa Huijsen göründü. Daha ölçülü, daha diqqətli, səhvlərdən dərs çıxarmış bir versiya. İndi o, həmin dönüşü yeni mövsümün start nöqtəsinə çevirmək istəyir.

“4 nömrə”, Mourinho faktoru və böyüyən iddia

Huijsen yaxşı bilir ki, klub onu böyük investisiya kimi görür. Özünü gələcəyin müdafiə liderlərindən biri kimi təsdiqləmək niyyətindədir. Bu yolda onun ən böyük üstünlüklərindən biri kənar xəttdəki adamdır.

Jose Mourinho onu çoxdan tanıyır. Portuqaliyalı hələ “AS Roma”nı çalışdırarkən, Huijsen-i icarəyə götürmək üçün şəxsən israr etmişdi. Romadakı o mərhələ, daha sonra Premyer Liqaya sıçrayışından əvvəl, inkişafını xeyli sürətləndirdi.

İndi isə Mourinho artıq “Real Madrid”dədir və Huijsen hazırlıq dövrünə güclü giriş edib. Valdebebasda keçirilən iki təlim-məşq oyununda start heyətində meydana çıxdı. Sonra yüngül fiziki problem səbəbindən “Fiorentina” ilə Avstriyadakı ilk rəsmi yoxlama matçını qaçırdı.

Daha sonra “Ferencvaros”a qarşı görüşdə ikinci hissədə oyuna daxil oldu, fiziki durumunu və oyun ritmini yavaş-yavaş yuxarı çəkdi.

Klubun ona verdiyi “4 nömrə” isə mesajı aydındır: səndən sadəcə iştirak yox, məsuliyyət gözlənilir.

Konate gəldi, rəqabət kəskinləşdi

Bu mövsüm müdafiə xəttində ən böyük dəyişiklik rəqabətin səviyyəsidir. David Alaba ilə yollar ayrıldıqdan sonra Bernabeu-ya Ibrahima Konate gəldi. Bu transfer təkcə boşluğu doldurmaq üçün deyil, həm də Huijsen və digər mərkəz müdafiəçilərə açıq çağırışdır: yerini qorumaq istəyirsənsə, hər həftə sübut etməlisən.

Huijsen üçün qarşıdakı aylar həlledici ola bilər. Mourinho ondan nə istədiyini artıq dəqiq ifadə edib. Klubun inamı, istedadı, forma nömrəsi var. İndi isə ən çətin mərhələ başlayır: potensialı sabitliyə çevirmək, səhvsiz seriyalar qurmaq və “Real Madrid” müdafiəsinin mərkəzində daimi fiqura çevrilmək.

Bu mövsüm onun üçün sadəcə ikinci il deyil. Bu, “orada olmağa layiqəmmi?” sualına verəcəyi cavab mövsümüdür.

Camavinga və Tchouameni: Mançesterin gözlədiyi fürsət

Mərkəzdəki vəziyyət yalnız müdafiə ilə məhdudlaşmır. Yay boyunca “Real Madrid”in yarımmüdafiə xətti ətrafında davamlı müzakirələr getdi. Klub bir tərəfdən öz mövcud seçimlərinin gələcəyini dəyərləndirirdi, digər tərəfdən isə Bernardo Silva kimi adlarla anılırdı və nəhayət onu heyətinə qatdı.

Bu fonunda Aurelien Tchouameni və Eduardo Camavinga müxtəlif məqamlarda potensial ayrılıq namizədləri kimi gündəmə gəldi. Tchouameni-nin guya yeni müqavilə razılığına baxmayaraq.

ESPN jurnalisti Rob Dawson “The United Stand”də bildirib ki, “Manchester United” hər iki fransız yarımmüdafiəçini bazar fürsəti kimi izləyir.

Camavinga pəncərədən əvvəl təklif olunub

Dawson-un dediyinə görə, transfer pəncərəsi açılmamışdan öncə vasitəçilər Eduardo Camavinga ilə bağlı Premyer Liqa klublarının nəbzini yoxlayıb.

Onun sözlərinə görə, “United”ə yaydan əvvəl bildirilib ki, “Real Madrid” bir neçə oyunçunu qapıdan çıxarmağa çalışacaq. Camavinga-nın adı da vasitəçilər vasitəsilə Premyer Liqa klublarına marağı ölçmək üçün təklif olunanlar sırasında olub.

Bu, fransız yarımmüdafiəçinin rolu ətrafındakı qeyri-müəyyənliklə üst-üstə düşür. Camavinga Madrid klubunda qalmaq istəyir, amma Jose Mourinho-nun əlində hələ də mütləq əsas oyunçu statusunu qazana bilməyib.

Onun hazırlıq dönəmi də mövqeyini möhkəmləndirmədi. 23 yaşlı futbolçuya verilən şanslara baxmayaraq, meydanda dominant fiqura çevrilə bilmədi.

Tchouameni: kağız üzərində uzunmüddətli, praktikada suallar

Dawson Tchouameni ilə bağlı mənzərənin bir qədər fərqli olduğunu vurğulayır. Fransanın millisinə çağırılan yarımmüdafiəçinin “Real Madrid”lə uzunmüddətli yeni müqavilə barədə razılığa gəldiyi bildirilir. Amma klubdan hələ rəsmi açıqlama gəlməyib. Bu susqunluq onun gələcəyi ətrafında kiçik də olsa sual işarəsi yaradır.

“Manchester United” bu iki oyunçunun heç biri üçün hazırda aqressiv şəkildə hücuma keçmir. Amma vəziyyət dəyişərsə, hərəkətə keçməyə hazırdır.

Dawson-un ifadəsi ilə desək, onlar bu iki fransızı “bazar fürsəti” kimi görür. Lakin hər hansı razılaşma üçün bir neçə şərt eyni anda yerinə yetməlidir: oyunçuların həqiqətən “Manchester United”də oynamaq istəyi, “Real Madrid”dən getmək qərarını özlərinin verməsi, maaş strukturuna uyğunluq və s.

Rodri alınmadı, fransızlara qapı açıq qaldı

Əgər “Real Madrid” yayda Rodri-ni heyətinə qata bilsəydi, demək olar ki, bir fransız yarımmüdafiəçinin bu yay klubdan ayrılması qaçılmaz görünəcəkdi. O transfer baş tutmadı və indi həm Tchouameni, həm də Camavinga üçün Mourinho-nu inandırmaq imkanı açıq qalıb.

İndi hər şey yay transfer pəncərəsinin sonuna qədər “Real Madrid”in atacağı addımlardan asılıdır. Klub dayaq yarımmüdafiə mövqeyinə yeni oyunçu gətirməyi seçsə, “Manchester United” üçün gözlədiyi “bazar fürsəti” yaranacaq.

Tchouameni və ya Camavinga üçün qərar anı yaxınlaşır. Madrid-də özlərini sübut etməyə davam edəcəklər, yoxsa yeni meydan oxumaq üçün başqa klubun formasını geyinəcəklər? Seçim bu dəfə yalnız kağız üzərindəki müqavilələrdə deyil, meydandakı cavablarda gizlənəcək.