Dünya Çempionatında 4 İyul: Kanada və Mərakeş, Fransa və Paraqvay
250 illik yubileyini qeyd edən ev sahibi ölkədə 1/8 final başlayır. Bayram ab-havası, stadionlarda isə gərginlik. Gün Houston-da açılır, Philadelphia-da bağlanır. Kağız üzərində favoritlər bəllidir. Meydanda isə heç nə zəmanətli deyil.
Kanada – Mərakeş: Houston-da cəsarət sınağı
Saat 13:00-da Houston Stadium-da pərdə qalxır. Qarşılaşma artıq bir dəfə yaşanmış hekayənin yeni fəslinə bənzəyir: 2022-ci ildə Qətərdəki qrup oyununda Mərakeş Kanada üzərində 2:1 hesablı qələbə qazanmışdı. İndi isə söhbət 1/8 finaldan gedir, səhv üçün yer yoxdur.
Kanada bu turnirə tamam fərqli yaddaşla gəlib. Dünya çempionatlarında ilk altı oyun – hamısı məğlubiyyət. Amma son illər Jesse Marsch-ın rəhbərliyi altında komanda addım-addım başqa səviyyəyə qalxıb. 2024 Copa América-da yarımfinal, indi isə tarixində ilk dəfə mundialın pley-off mərhələsində qələbə və 1/8 final bileti.
Bu yol hamar olmayıb. Bosniya və Herseqovinaya qarşı boz, dişsiz heç-heçə. Ardınca Qətərə qarşı 6:0-lıq qəzəb boşalması və vaxtından əvvəl pley-offa çıxış. Qrupun son oyununda İsveçrəyə məğlubiyyət – və yenidən təzyiq, yenidən divara söykənmiş halda. Cənubi Afrika ilə görüşdə isə gec gələn, amma qızıl dəyərində qol: Stephen Eustáquio-nun vurduğu top Kanada tarixində yeni səhifə açdı.
Hücum xətti kağız üzərində parlaqdır: Jonathan David, Cyle Larin, Tajon Buchanan. Adlar güclüdür, amma bu turnirdə hamısı dalğavari çıxış edir. Mərakeş kimi sıx, aqressiv və özünəinamlı komandaya qarşı Marsch onların hər birindən maksimum səviyyəni görməlidir. Yoxsa bu səviyyədə yarımçıq performans bağışlanmır.
Ən böyük sual işarəsi isə bir ada yığılır: Alphonso Davies. Bayern Munich müdafiəçisi Cənubi Afrikaya qarşı 75-ci dəqiqədə meydana daxil olmaqla turnirdə ilk dəqiqələrini aldı, amma hələ də arxa bud əzələsindəki zədənin tam sağalıb-sağalmadığı bəlli deyil. Başlama heyətində yer alacaqmı? Yoxsa yenə ehtiyatdan oyuna təsir etməyə çalışacaq? Kanadanın sürət və tranzisiya üstünlüyü birbaşa ondan asılı ola bilər.
Rəqib isə favorit statusunu həm oyun, həm nəticə ilə təsdiqləyən Mərakeşdir. Braziliya ilə 1:1 hesablı heç-heçə – özü də oyunun uzun müddətində daha üstün tərəf kimi. Ardınca Şotlandiyaya qarşı 1:0, Haiti üzərində 4:2. Amma bu komandanın əsl imzası Niderlandla 1/32 finalda atılıb.
Orada Mərakeş oyuna diktə edən tərəf idi, hesabı isə Niderland gözlənilmədən açdı. Vaxt axıb gedirdi, ümidlər tükənirdi ki, əlavə vaxtın son saniyələrində səhnəyə mərkəz müdafiəçisi Issa Diop çıxdı. Hələ bu mundial ərəfəsində Fransa yığmasından Mərakeşə keçid edən Diop hesabı bərabərləşdirdi, komandasını penaltilərə daşıdı. Oyunun çox hissəsinə nəzarət edən Mərakeş sonda penaltilərdə də əsəblərinə hakim kələrək adını 1/8 finala yazdırdı.
Bu komanda artıq 2022-ci ildə Qətərdəki yarımfinal yürüşündən sonra daha da güclənib. Hücumçu Ismael Saibari qrup mərhələsində üç qol vurdu, üstəlik bu həftə PSV-dən Bayern Munich-ə transferini rəsmiləşdirdi. Sağ cinahda Paris Saint-Germain ulduzu Achraf Hakimi – dünyanın ən yaxşı sağ cinah müdafiəçilərindən biri. Sol cinahda Real Madrid oyunçusu Brahim Díaz, mərkəzdə isə yeniyetmə, amma soyuqqanlı Ayyoub Bouaddi – turnirin ən parlaq gənclərindən biri.
Mərakeş bu oyuna açıq-aşkar favorit kimi çıxır. Kanada qrup liderliyini əldən verərək ev meydanı üstünlüyünü itirib, amma Texasdakı tribunaların xeyli hissəsini yenə qırmızı-ağ rənglər bəzəyəcək. Sual başqa yerdədir: bu dəstək Mərakeş kimi yetkin komandaya qarşı tarixi sensasiya üçün kifayət edəcəkmi?
Oyunun açarı: sağ cinahdan gələn fırtına
Bu duelin mərkəzində bir ad dayanır – Achraf Hakimi. Paris Saint-Germain müdafiəçisi dörd oyunun hər dəqiqəsində meydanda olub və hər dəfə eyni ritmlə irəli çıxıb, hücuma qatılıb, rəqib cinahını yorub. Əgər Davies tam hazır olmazsa və ya ümumiyyətlə meydana çıxmasa, Mərakeşin sağ cinahında Hakimi üçün geniş zonalar açılacaq. Kanada bu kanalı bağlamasa, oyunun taleyi çox tez həll oluna bilər.
Fransa – Paraqvay: Philadelphia-da divara qarşı hücum
Günün ikinci aktyoru saat 17:00-da Philadelphia Stadium-a çıxır. Hava isti, meydan qaynayır, tribunalar dolu. Bir tərəfdə turnirin əsas favoritlərindən biri, hər mövqedə ulduzlarla dolu Fransa. Digər tərəfdə isə inad, intizam və möcüzə axtarışı ilə buraya qədər gələn Paraqvay.
Paraqvayın yolu kağız üzərində məntiqli görünmür. Amma meydanda onlar iki dəfə Avropanın nəhənglərini büdrədiblər. Qrup mərhələsində Türkiyəyə qarşı 1:0 hesablı qələbə – özü də ikinci hissəni tam heyətdən bir nəfər az oynayaraq. Oyun planı sadə idi: dərin müdafiə, sıx xəttlər, hər qarış uğrunda mübarizə.
Ən böyük partlayış isə 1/32 finalda baş verdi. Almaniya ilə 120 dəqiqəlik mübarizə, 1:1 hesabı və penaltilərdə turnirin indiyə qədərki ən böyük sensasiyası. Gustavo Alfaro-nun komandası açılışda ABŞ-dan aldığı 1:4-lük ağır zərbəni tez unudub, öz oyun identikliyini tapdı: intizamlı müdafiə, ağıllı pressinq və fürsəti dəyərləndirən hücum.
Almaniyaya qarşı Paraqvay topa çox az sahib oldu, amma rəqibi real təhlükəli vəziyyətlərdən demək olar ki, məhrum etdi. Bu komandanın onurğa sütunu arxa xətt və mərkəzdir. Matias Galarza turnirin ən parlaq fiqurlarından birinə çevrilib. Onun Atlanta United-dəki icarəsi mundialdan öncə başa çatmışdı, amma burada özünü daha böyük səhnəyə təqdim edir: Almaniyaya qarşı Julio Enciso-nun qoluna ötürmə verib, penaltilərdə zərbəsini dəqiq yerinə yetirib, Türkiyəyə qarşı isə qələbə qolunun müəllifi olub.
Arxa xətt isə bütöv bir blok kimi işləyir: José Canale, Gustavo Gómez, Juan Cáceres, Júnior Alonso və qapıçı Orlando Gil. Onların hər biri bu turnirdə ən azı bir oyunda komandanı xilas edən müdaxiləyə imza atıb. İndi isə qarşılarında tam başqa ölçüdə bir hücum maşını var.
Fransa bu mundialda güc nümayiş etdirir. Hər mövqedə dünya səviyyəli oyunçu, hər hücumda təhlükə. Kylian Mbappé artıq altı qolla irəliləyir – hər üç oyunda dubl. Norveçə qarşı qol vurmadı, amma bu dəfə də iki məhsuldar ötürmə ilə səhnədə idi. O, Lionel Messi-nin dünya çempionatlarındakı qol rekorduna doğru irəlilədikcə, hər oyunu ayrıca hadisəyə çevrilir.
Amma bu komandanı həqiqətən dayandırılmaz edən yalnız Mbappé deyil. Ousmane Dembélé bu turnirədək dünya çempionatlarında qol hesabını aça bilməmişdi. İraqla ikinci qrup oyununda bu tabu sındı: qol və ötürmə. Norveçə qarşı isə hətta het-trik. 1/32 finalda İsveçə qarşı 3:0-lıq qələbədə də ötürmə ilə yadda qaldı. Dembélé ritm tutanda, Fransa hücumu ikiqat sürət qazanır.
Mərkəzdə Michael Olise turnirin ən yaradıcı beyinlərindən birinə çevrilib. Onun beş məhsuldar ötürməsi Mbappé və Dembélé-nin parıltısını daha da artırıb. Cinahda Bradley Barcola isə rəqib müdafiəni açan driblinqləri, sürətli qərarları ilə oyunun strukturunu dəyişir. Fransa meydanın hər hissəsində fərqi hiss etdirir.
Paraqvay üçün bəlkə də bu turnirin ən çətin 90 dəqiqəsi (və ya daha artığı) gəlir. Onlar Almaniyaya qarşı göstərdikləri müdafiə səviyyəsini belə aşmalıdırlar. Hər zonada yardımlaşma, hər kəsiynin arxasını sığortalamaq, hər hava topunda maksimum konsentrasiya. Üstəlik, Şərq sahilini bürüyən istilik dalğası da əlavə faktor kimi ortaya çıxır: belə şəraitdə kim fiziki və psixoloji baxımdan daha dözümlü olacaq?
Oyunun açarı: dəmir divara qarşı zərgər dəqiqliyi
Paraqvay dərin və sıx blokda oturacaqsa, bu divarı yarmaq üçün xüsusi oyun ağlı tələb olunur. Michael Olise məhz bu rolda parlayır. Onun beş ötürməsi yalnız statistika deyil, Fransanın hücum mexanizminin ürəyidir. Bayern Munich yarımmüdafiəçisi bu gün də ipi əlində saxlayıb Mbappé və Dembélé üçün boşluqlar tapmalı, ən kiçik çatları belə fürsətə çevirməlidir.
Houston və Philadelphia bu gün yalnız iki oyuna yox, iki fərqli hekayəyə şahidlik edəcək: biri yüksəlişə can atan, tarix yazmaq istəyənlər, digəri isə artıq yazdıqlarına yeni səhifə əlavə etmək niyyətində olanlar. Sonda sual sadədir: bu 4 iyulda səhnəni favoritlər tutacaq, yoxsa Amerika bayramında daha bir sensasiya salutu partlayacaq?




