Caspian Sport

Dünya çempionatında ABŞ futbolçularının hekayələri

Dairənin içində 26 nəfər vardı. Qatarın səhrasında, Uelslə açılış oyunundan bir gecə əvvəl Gregg Berhalter sözə yox, rəqəmə üstünlük verdi.

Hər kəsə bir nömrə.

Walker Zimmerman o anı indi də dəqiq xatırlayır: “Dedi ki, hər birinizə xüsusi nömrə verilib. Bu, Dünya çempionatında ABŞ-ı təmsil edən neçənci oyunçu olduğunuzu göstərir. Məndə 152 idi. Üç nömrəli formanı geyinənə qədər bu səviyyəyə 149 nəfər çatmışdı, mən 152-ci idim”.

O, otağa qayıdanda forması artıq asılmışdı. Üzərindəki nömrə, içindəki yük. “Düşünürsən ki, 152 – vəssalam? Tarix boyu bu qədər adam? Sonra mövqelərə bölürsən: mərkəz müdafiəçiləri nə qədərdir, neçə nəfər start heyətdə oynayıb? Birdən anlayırsan ki, nə qədər dar, nə qədər elit bir qrupun içindəsən. Mənim üçün çox xüsusi idi”.

Bu komanda üçün həmin dairə yalnız statistika deyildi. Xüsusilə də birgə böyüyənlər üçün. Tyler Adams, Christian Pulisic, Weston McKennie – gənclərdən yığmaya, 2018-in dağıntılarından ölkəni yenidən ayağa qaldırmaq missiyasına. Tim Weah, Josh Sargent, Sergiño Dest – öz gənclik xatirələri ilə. Qətərə çatanda artıq sadəcə komanda yoldaşı deyildilər. Eyni hekayənin qəhrəmanları idilər.

Adams bunu uşaq illərinə bağlayır: “Ən dəyərli xatirələr odur. Futbola başlamanın səbəbi peşəkar olmaq idi. İndi peşəkar kimi möhtəşəm anlar yaşayıram, amma Weston-la uşaqlıq xatirələrim hər zaman daha dəyərli qalacaq. O səhnəyə çıxma yolumuz, indiki vəziyyətdən daha qiymətlidir”.

Səkkiz gün, üç oyun, bir “yuxu”

Turnir başlayanda isə hər şey sürətləndi. Nə hazırlıq oyunu vardı, nə də mərhələli adaptasiya. Klubdan gələn futbolçular birbaşa karyeralarının ən gərgin mühitinə atıldılar.

“Çox sürətli idi,” – deyə Tim Ream danışır. “Adi Dünya çempionatından da sıxılmış format. Tam bir balonun içindəsən. Oyunlar gecə 22:00-da, bədən saatın alt-üst olur. Səhərə qədər oyaq qalırıq. Hətta oynamadığımız günlərdə belə bizdən xahiş edirdilər ki, gecə 2-yə qədər yatmayaq. Səhər yeməyi 12-də, nahar 4-də, sonra məşq”.

Bəziləri bu axını yavaşlatmağa çalışırdı. Josh Sargent mental məşqçisi ilə plan qurmuşdu: “Bilirdim ki, stressli olacaq, əsəblər gərgin olacaq. Amma məqsədim o idi ki, orada olduğum hər saniyəni hiss edim, nəfəs alım, minnətdar olum”.

Buna baxmayaraq, hər şey əlcək kimi əldən sürüşüb gedirdi. Səkkiz günə üç oyun: Uels, İngiltərə, İran. Məşqlər, gecə saatları, bərpa günləri, qapalı balon həyatı. Haji Wright bunu bir cümlə ilə möhürləyir: “Dünya çempionatı sanki qızdırma yuxusu idi. O qədər tez keçdi ki”.

Bəziləri üçünsə Qatar kənardan izlənən səhnə idi. Joe Scally meydanda bir dəqiqə də oynamadı, amma tribunadan da Dünya çempionatının çəkisi dəyişmirdi. “Dünya çempionatı – Dünya çempionatıdır,” – deyir. “İdmanda bundan yaxşısı yoxdur. Mənim üçün bir az fərqli idi, amma gənc oyunçu kimi bu təcrübəni yaşamalı idim. Həm də içimdə od yandırdı. Himn, dolu stadion, bütün dünyanın baxdığı anlar… O səhnənin içində olmaq istəyirsən. Mən oradaydım, amma meydanda deyildim”.

Üç qol, üç ayrı hekayə

Qətərə gələnə qədər cəmi 22 amerikalı kişi Dünya çempionatında qol vurmuşdu. 2022-də bu siyahıya daha üç ad yazıldı. Hərəsinin də həmin anla bağlı hissləri, xatirəsi tamam başqadır.

İlk səhnə Tim Weah-a məxsusdur. Uelsə qarşı açılış oyununda Christian Pulisic onu araya çıxardı, Weah isə sakit vuruşla topu tora göndərdi. ABŞ-ın Dünya səhnəsinə qayıdışını elan edən zərbə idi. Weah üçün bu, illərlə beynində canlandırdığı yuxunun gerçəyə çevrilməsi idi.

“Dünya çempionatına aparan illər boyu qol vurduğumu xəyal edirdim,” – deyir. “Hər dəfə o anı düşünürdüm: necə hiss edəcəyəm, necə sevinəcəyəm. Və birdən reallığa çevrildi. Möhtəşəm idi. Dünya çempionatında oynamaq özü bir yuxu idi, qol vurmaq isə… inanılmaz hiss”.

Sonra növbə Pulisic-ə çatdı. İngiltərə ilə qolsuz heç-heçədən sonra İranla üçüncü oyun artıq final idi: qalib gəlməlisən, yoxsa evə qayıdırsan. Gərginlik meydandan çox kənarda idi, amma oyunu həll edən epizod sadə oldu – cərimə meydançasına gecikməyən qaçış, zərbə və qapıçı Alireza Beiranvand-la ağır toqquşma.

Top xətti keçdi, Pulisic isə qapının içində qaldı. Çanaq nahiyəsindən aldığı zədə onu həm oyundan, həm də həmin anın sevincindən məhrum etdi. Xəstəxana, ağrı, soyunma otağına FaceTime – Dünya çempionatında qol vurmaq üçün xatırlanmalı olan gecə belə yadda qaldı.

“Bu, nəhəng bir an idi və elə də qaldı,” – deyə Pulisic 2024-də danışır. “Normalda kim bilir necə sevinərdim, komanda ilə necə qeyd edərdim. Uşaqların hamısı üstümə qaçmaq istəyirdi, amma mənim gücüm yox idi. Yerdə, qapının içində uzanmış halda sevindim. Yenə də heç nəyi dəyişmək istəmirəm. Mənim üçün əsas olan turniri qazanmaqdır. İnsanlar sonunda onu xatırlayacaq”.

Haji Wright isə qol vurub sevindiyi oyunda turnirlə vidalaşdı. Niderlandla 1/8 finalda onun toxunuşu təsadüfi də olsa, topu qapıya yönəltdi, ABŞ-a ümid verdi. O ümid davam gətirmədi, hesab 3:1 bitdi, ABŞ çıxdığı yerdəcə dayandı.

Wright hələ də həmin anı tam çərçivəyə sala bilmir: “Top qapıya girəndə içimdən keçdi ki, axın dəyişə bilər, bəlkə daha bir şansımız olar. Oyunun içində özümü belə hiss edirdim. Oyundan sonra isə yalnız emosiyalar qaldı. Ömür boyu arzuladığın şeyə çatmısan, amma eyni oyunda yığma turnirdən çıxır. Qol vurduğumu belə çox düşünməmişəm. Dünya çempionatında qolçu olmaq əladır, amma elə həmin oyunda mübarizədən kənar qalmaq… Mən daha çox ondan sonrakı hissləri xatırlayıram”.

İllər keçdikcə bu üçlünün baxışı dəyişib. Sosial şəbəkələr hər şeyi təzə saxlayır, amma həmin anlarda heç biri qolun nə demək olduğunu tam anlamamışdı. Çünki hər qolun ardınca yeni tələb gəlirdi: daha bir oyun, daha bir sınaq.

Weah indi monitor arxasında reaksiyalara baxıb gülümsəyir: “Təbii ki, Twitter-də axtarırdıq. Azarkeşlərin evdə necə sevindiyini görmək… Mənim qolum, Christian-ın qolu – ölkəyə necə təsir etdiyini, nəyi təmsil etdiyimizi görmək inanılmaz idi”.

Səhnədən uzaqda, yaddaşın içində

Qollar tarix kitablarına düşür. Amma həmin komanda üçün ən dəyərli anlar stadiondan kənarda yazıldı.

DeAndre Yedlin bunu iki Dünya çempionatı arasında öyrəndi. 2014-də gənc, 2022-də isə yığmanın yeganə “köhnə” siması idi. Hər oyundan sonra o, bir qrup komanda yoldaşını yenidən meydançaya aparırdı. Boş tribunalar, sakit işıqlar, tükənmiş səslər. Orada hər kəs tək-tək, amma birlikdə bu səhnəni içində həzm etməyə çalışırdı.

“Çətinliklər sanki on qat artır, çünki hər an üzərində kamera, hər addımın altında şüşə,” – deyə Yedlin 2024-də deyir. “Bu işin mahiyyəti budur: biz insanları əyləndiririk. Bu ümid də verə bilər, ilham da. Amma günün sonunda perspektivi itirməmək vacibdir. Böyük mənzərədə çox kiçik fiqurlarıq, amma eyni zamanda böyük rol oynayırıq. İnsanın həm bu qədər kiçik, həm də bu qədər təsirli ola bilməsini başa düşməsi çətindir”.

Komanda yoldaşları üçün də bu sakit anlar önəmli idi. Oraya gəlmək illər aparmışdı, amma orada qalmaq üçün cəmi bir neçə həftə vardı. Bəziləri telefonlardan uzaq durdu, bəziləri hər xırda detalı yadda saxlamağa çalışdı, bəziləri isə yalnız parça-parça kadrlar xatırlayır.

Josh Sargent: “Telefonu mümkün qədər kənara qoymağa çalışdım. Uşaqlarla bir yerdə olub hər şeyi tam yaşamaq istədim. Elə bilirəm, hər detalı xatırlayıram”.

Tim Ream: “Məndə daha çox fraqmentlər qalıb. O qədər fokuslanmışdım ki, sanki tunel görmə idi. Çox şeyi unudursan”.

Qatar isə unutmağa imkan vermirdi. Doha başqa ritmlə nəfəs alırdı. Ezan səsi şəhərin üzərindən keçirdi, köhnə bazarlar yeni tikilmiş stadionların yanında dayanmışdı, hər küçə, hər restoran, hər söhbət oyuna bağlanırdı.

Qapıçı Matt Turner üçün bu, futboldan kənar bir dərs idi: “Heç vaxt yaşamadığım bir mədəniyyətin içində olmaq möhtəşəm idi. Ezan oxunanda mənə çox sakit, düşüncəli gəlirdi. Hamı öz inancı ilə baş-başa idi. Biz isə yad bir ölkədə, amma öz balonumuzun içindəydik. Seçmə mərhələlərdə paylaşdığımız bütün təcrübələr, o balonu daha da bərkidirdi”.

Sergiño Dest isə tez-tez otelin damına çıxırdı. Aşağıda bayraqlar, qışqırıqlar, musiqi, oyun izləyən azarkeşlər. “Sadəcə oturub su içirdim və həyatı dinləyirdim,” – deyir. “Bayraqlar, sevinən insanlar, aşağıdan gələn səs. ‘Budur’ deyirdim öz-özümə. Böyük balkonlu otağım vardı, pəncərəni açanda həyatın səsi içəri dolurdu. Ən çox onu darıxıram”.

“The Pearl”: evə çevrilən otel

USMNT Qətərdə “The Pearl” adlanan süni adada, Marsa Malaz Kempinski-də qaldı. Turnir boyu şəhər dəyişmədikləri üçün otel yavaş-yavaş evə çevrildi. Elə Yunus Musah üçün o qədər güclü hiss idi ki, bir il sonra təkcə o qoxunu yenidən duymaq üçün geri döndü.

“Hamısı bir ‘flashback’ idi,” – deyə 2025-də danışır. “Qoxu eyni idi. Otaq, mənzərə. Sadəcə gəzirdim və elə bil Dünya çempionatındakı hər anı yenidən yaşayırdım. Mənim üçün Dünya çempionatı həyatımın ən yaxşı təcrübəsi idi”.

Otelin ürəyi isə bir otaqda döyünürdü: Players’ Lounge. Televizorda oyunlar, divarlarda qışqırıq səsləri, stolüstü oyunlar, PlayStation, film gecələri, sonsuz zarafatlar. Otaq, bu komandanın Dünya çempionatı xatirələrinin mərkəzinə çevrildi.

Tyler Adams belə xatırlayır: “Gecə məşq, səhər gecikmiş səhər yeməyi, oyun saatına uyğunlaşmaq cəhdləri. Boş vaxtımızın hamısını bir-birimizlə keçirirdik. Players’ Lounge sanki bizim məbədimiz idi – Dünya çempionatını izləyirik, amma səs-küydən uzaq, yalnız öz aramızda. Gregg komanda ruhunu, birlikdə keçirdiyimiz vaxtı qorunan dəyər kimi qoymuşdu. Elə bilirdim ki, Weston, Brenden Aaronson, Christian haqqında hər şeyi bilirəm, amma orada bir az da yaxınlaşdıq. Başqa məşğuliyyət yox idi, yalnız bir-birimiz”.

Rəqabət isə yalnız meydanda deyildi. Ping-ponq, bilyard, videooyunlar – hər şeydə kiminsə kimisə məğlub etməsi lazım idi. Walker Zimmerman gülə-gülə danışır: “Sean Johnson və DeAndre Yedlin-in oynadığı bilyard üslubu dəli idi. Demək olar ki, topa güc vurmurdular, sadəcə səni səhvə məcbur edirdilər. Belə xırda şeyləri xatırlayırsan. Meydandan çox, uşaqlarla keçirdiyin vaxtı”.

Cristian Roldan isə otağından qaçırdı: “Mümkün qədər Players’ Lounge-da qalmağa çalışırdım. Otaqda tək qalmaq istəmirdim. Hər anı dəyərləndirmək istəyirdim – istər məşq, istər lounge, istərsə də ailəmin tribunadakı sevincini izləmək”.

Ailələr: 26 oyunçu, onlarla həyat hekayəsi

Dünya çempionatı futbolçunun təkbaşına yaşadığı təcrübə deyil. Hər oyunçunun arxasında bir kənd dayanır. Zimmerman bunu Uelsə qarşı ilk oyunda dərk etdi. Himn səslənəndə o, baxışlarını bir nöqtəyə kilidlədi – ABŞ ailə sektoruna.

Orada analar, atalar, bacılar, qardaşlar, həyat yoldaşları, uşaqlar, dostlar oturmuşdu. Hər birinin bu 26 nəfərin həyatında payı vardı. “Hər kəsin hekayəsi oradakı insanların fədakarlığı ilə bağlıdır,” – deyir. “Onların illərlə etdiyi qurbanlar səni bu məqama gətirir. Mənim üçün ən emosional an o idi: ailə sektoruna baxıb ‘bura məni daşıyan insanlar’ demək”.

Tim Ream üçün ən dərin kadrlar, oyunlar yox, ailə ilə keçən o bir neçə saat idi: “Məşqlər, oyunlar arasında o kiçik pəncərələr vardı ki, ailələr otelə gələ bilirdi. Yalnız o zaman nəfəs ala bilirdin. Düşünürdün: ‘Burada, bu yerdə, həyat yoldaşım, uşaqlarım yanımdadır’. Onu beyninə həkk edirsən”.

Bu yaxınlıq təkcə oyunçularla ailələri arasında yox, ailələrin bir-biri ilə münasibətində də yeni bağlar yaratdı. İllərlə birlikdə oynayan futbolçular ilk dəfə ailələrinin də bir-biri ilə necə tanış olduğunu gördülər. Tim Weah bunu belə ifadə edir: “Onsuz da yaxın idik, amma ailələrimizin tanış olması, həyatlarımızı bölüşməyimiz, sevgini paylaşmağımız – onu heç vaxt unutmayacağam. Elə xatirədir ki, saçlara dən düşəndə də yadında qalacaq”.

Bəzilərinin həyatı o vaxtdan dəyişib. Bəziləri ata olub, bəzilərinin övladları böyüyüb, bəziləri ailə qurub. Motivasiya isə eyni qalıb, bəzən daha da güclənib. Cristian Roldan üçün bu, demək olar hər şeydir: “Qızım indi iki yaşına yaxındır. Onunla birlikdə Dünya çempionatı yaşamaq fikri məni irəli aparır. O, mənim necə oynadığımı vecinə almır, sadəcə ‘ata’ görmək istəyir. Karyeramı uzatmağımın, yüksək səviyyədə qalmaq istəməyimin böyük hissəsi budur: istəyirəm məni meydanda görsün, yalnız ehtiyat skamyasında yox”.

Sebastian Berhalter isə Qətarı başqa cür yaşadı – o, sadəcə atasını izləyən oğul idi. MLS-də öz yolunu axtarırdı, amma həmin qışda Dünya çempionatı onun üçün bir az da başqa idi: “Həqiqi ‘ultra’ kimi hiss etdiyim yeganə vaxt idi,” – deyir. “Atanın dünyanın ən yaxşı komandalarına qarşı məşqçi kimi çıxdığını görmək… heç vaxt unutmayacağım”.

Gio Reyna: yuxudan çox, dərs

2022-nin bütün hekayələri nostalji ilə örtülməyib. Gio Reyna üçün Qatar, uşaq vaxtından xəyal etdiyi Dünya çempionatından çox, böyümə dərsi oldu.

Turnirə zədə fonunda gəldi, rolu gözlədiyindən kiçik oldu, emosiyalar daşdı. Ardınca məşqdə davranışı ilə bağlı suallar, sonra isə turnirdən sonra ailəsinin U.S. Soccer-ə Gregg Berhalter-in illər əvvəlki məişət zorakılığı hadisəsini çatdırması ilə başlayan, futboldan kənara çıxan sarsıntı. İllərlə danışılacaq, çətin, çirkin bir bölüm.

Sonradan hamı irəli baxmağa çalışdı. Berhalter 2023-də komandaya qayıtdı, sonra Copa America-dan sonra vəzifəsini Pochettino-ya təhvil verdi. Reyna isə yığmanın bir hissəsi olaraq qaldı. İndi, Dünya çempionatı evə qayıdarkən, o, 2022-ni dərs kimi görür: “Fərdi və kollektiv olaraq çox gənc, bir az da təcrübəsiz idik,” – deyir. “Niderland daha təcrübəli, daha ağıllı idi və bu, bizim üçün çox ağır oldu. Bu Dünya çempionatından çox şey öyrəndim. İndi bilirəm ki, əsas olan özünü yox, komandanı düşünməkdir. Bu dəfə turnir öz ölkəmizdə olacaq. Orada olmaq – yuxudur. Amma bu, yalnız mənim haqda deyil, bütün ölkə haqda olacaq”.

Reyna Qətəri çətin yadda saxlayır, amma tək deyil. Bəziləri üçün Dünya çempionatı orada bitmədi, oradan başlandı. Bəziləri üçünsə hələ heç açılmadı.

Qatarı qaçıranlar: itirilən Dünya, tapılan aclıq

Miles Robinson demək olar ki, qatar biletini cibinə qoymuşdu. Seçmə mərhələnin sütunlarından biri idi, Dünya çempionatı start heyəti real idi. Sonra o məşhur xəbər: Axill. May 2022, Dünya çempionatı planı bir anın içində dağılır.

O, iki yolun qarşısında qaldı: turnirdən üz döndərmək, ya da özünə başqa Dünya çempionatı atmosferi tapmaq. O, ikincini seçdi. “Kənarda o ‘şey’i izləyirdim,” – deyə gülümsəyir. “Dostlarla çöldə idik, çığırırdıq, uşaqları dəstəkləyirdik. Mən real enerjini hiss etmək istəyirdim, çünki xarakterim belədir”.

Chris Richards üçünsə zədə daha qəfil gəldi. Crystal Palace ilə oyun zamanı hamstring, Dünya çempionatı heyəti elanına cəmi bir neçə həftə qalmış. Hər şey “bəlkə çatdıraram” üzərində qurulmuşdu, amma çatmadı. O, Londonda reabilitasiya otağında qaldı, həm klub, həm də yığma yoldaşları isə Qətərdə oynayırdı.

“Londonun ortasında uşaqların Dünya çempionatında necə oynadığını izləyirdim,” – deyir. “Onlar üçün çox sevinirdim, amma özüm üçün… tək idim. Elə budur: tək. Futbolla bağlı heç nə görmək istəmirdim. Çünki ömürlük arzum bir anda əlimdən alınmış kimi idi”.

Mark McKenzie-nin Dünya çempionatını qaçırması zədə yox, seçim idi. Bu, daha ağır zərbədir. Fiziki olaraq hazır olduğunu bilirsən, ilk 10 oyunda özünü sübut etmisən, amma telefon zəng edir və orada adın yoxdur.

“2022 Dünya çempionatını qaçırmaq məni parçaladı, qardaş,” – deyir. “Mədəyə yumruq kimi idi. Bəlkə də hər şeyi Dünya çempionatına bağlamışdım, özümü itirmişdim. Amma bu hiss vacibdir, çünki həyatı yenidən ölçməyə vadar edir. Hansı sahələrdə inkişaf etməli olduğunu görürsən”.

İndi isə qərar verən başqa adamdır. Berhalter dövrü Copa America 2024-dən sonra bağlandı, indi sükan arxasında Mauricio Pochettino var. Qarşıda isə ABŞ üçün tarixi yay.

2026: artıq qonaq yox, ev sahibi

Tyler Adams üçün Qətərin ölçüsü yalnız orada deyil, evə qayıdanda da böyüdü. Nyu-York küçələrində sakit gəzinti birdən başqa cür oldu: “Birdən tanınmağa başladım. Heç vaxt ağlıma gəlməzdi ki, Nyu-Yorkda məni tanıyacaqlar. Üstəlik ilk övladım dünyaya gəlməyə hazırlaşırdı. Şəxsi həyatla peşəkar həyatı balanslaşdırmağı öyrənməli idim”.

İndi isə bu balansı bütün komanda tapmalıdır. 2022 bir giriş idi. 2026 – əsas səhnə. Bu dəfə onlar qonaq deyil, ev sahibidir. Və bu, futbolu hələ tam böyüməmiş ölkədə tamam başqa məsuliyyət deməkdir.

Weston McKennie bunu belə izah edir: “Bu, inanılmaz hissdir, amma eyni zamanda məsuliyyətdir. Biz böyüyəndə sosial şəbəkə bu qədər böyük deyildi, idolları yalnız televizorda, jurnalda, bəzən canlı görə bilirdin. İndi hər yerdəyik. İnsanlara yol göstərə bilmək, ‘bax, bu cığır var’ deyə bilmək istəyirik. Yollar fərqli ola bilər, amma əsas olan özünə inanmaqdır”.

Bir neçə həftə ərzində daha 26 oyunçu həmin cığırdan keçəcək. Bəziləri Qətərin təcrübəsini çiynində daşıyacaq, bəziləri ilk dəfə Dünya çempionatı havasını udacaq. Kimisi əsas rol alacaq, kimisi bir dəqiqə də oynamayacaq. Amma hamısı bir nömrə alacaq. Hamısı bir dairənin içində dayanacaq. Və hamısı ömürlük bir hekayənin parçasına çevriləcək.

Qətərdəki qış onları artıq birləşdirib. Kim 2026 heyətinə düşəcək, kim kənarda qalacaq – fərqi yoxdur. Hər biri üçün həmin balon, həmin gecələr, həmin səslər təkrarlanmayan bir şey idi.

Haji Wright bunu belə yekunlaşdırır: “Turnirdən sonra elə hiss edirsən ki, futbol səni dəyişib. O hissi yenidən axtarmağa başlayırsan. Dünya çempionatının xaricində onu tapmaq çox çətindir. Elə bil dünən idi. İndi isə növbəti artıq qapıdadır”.

Matt Turner isə bir cümlə ilə gələcək hədəfini qoyur: “Orada inanılmaz şeylər yaşadım. Ona görə mütləq yenidən qayıtmalıyam. O hissi yenidən yaşamaq istəyirəm”.