Caspian Sport

Dünya Kubokuna Gələn İran Komandasının Gərginliyi

Dünya Kubokuna bu qədər siyasi yüklə gələn komanda çox az olub. İran bu dəfə təkcə meydanda deyil, hər addımında gərginliyin içindədir.

Turnirin ev sahibi ABŞ hələ bu həftəyə qədər İranla faktiki müharibə vəziyyətində idi. Bazar günü Hörmüz boğazında gərginliyi azaltmaq, atəşi dayandırmaq barədə razılıq açıqlandı, amma havadakı təzyiq azalmayıb. Sadəcə alov bir az söndü, köz qaldı.

Komanda viza problemləri ilə üzləşib. Baza düşərgəsini dəyişməyə məcbur olub. İndi isə bazar ertəsi Los Ancelesdə – çərşənbə axşamına keçən gecə Bakı vaxtı ilə 02:00-da – meydana çıxanda tribunalar dünyanın ən böyük iranlı diasporlarından biri ilə dolu olacaq.

Meydan qazonu, tribunalar isə siyasi səhnədir.

“Gərginlik buraya gəlməzdən əvvəl başladı”

Hücumçu Mehdi Taremi hisslərini gizlətmir: bu Dünya Kuboku onun üçün sadəcə turnir deyil.

“Bu cür gərginlik Dünya Kubokunun sevincini zədələyir,” – deyə o bildirir. – “Los Ancelesə ayaq basdığımız ilk andan bu gərginliyi hiss etdim. Hətta bura gəlməzdən əvvəl başlamışdı.”

Aylarla davam edən qeyri-müəyyənlikdən sonra İran yığması baza düşərgəsini Tucson, Arizona ştatından Meksika sərhədindəki Tijuana şəhərinə köçürməli oldu. Səbəb açıqdır: viza təhlükəsi, təhlükəsizlik narahatlıqları, komandanın iştirakını müşayiət edən siyasi atmosferin getdikcə ağırlaşması.

Baş məşqçi Amir Qalenoei “BBC”yə danışarkən hazırlıq prosesinin zədələndiyini gizlətmir.

“Şübhəsiz ki, bu cür davranış futbolun ruhuna təsir edib,” – o deyir. – “Futbol xalqları, mədəniyyətləri birləşdirməlidir. Futbol sevinc üçündür. Bu şərait diqqətimizi dağıdır, amma çalışıram ki, oyunçular yalnız strategiya və çıxışa köklənsinlər.”

Komanda turnirə gec gəlib, uyğunlaşmağa vaxt az olub. Amma Qalenoei bir cümlə ilə komandasının iç dünyasını açır: bu futbolçuların öhdəlik hissinə inanır.

“Tehrangeles”də ilk sınaq

Los Ancelesin qeyri-rəsmi ləqəbi çox şeyi deyir: “Tehrangeles”. Bu söz mətbuat konfransında səslənəndə həm baş məşqçi, həm də futbolçuların üzündə təbəssüm yarandı. Çünki burada təkcə stadion dolmur, yaddaşlar da dolur.

Bazar ertəsi SoFi Stadium arenaya axışan minlərlə iranlı-amerikalı olacaq. İran Dünya Kubokundakı ilk oyununda Yeni Zelandiya ilə qarşılaşacaq. Amma tribunadakı hər kəs qələbə üçün qışqırmayacaq.

Bir çoxları ora etiraz üçün gəlir.

FIFA inqilabdan əvvəlki Şir və Günəş təsvirli bayrağı qadağan edib. Diaspor üçün bu bayraq sadəcə parça deyil, xatirə, etiraz, kimlik rəmzidir. Qərar çoxlarını hiddətləndirib.

“Los Ancelesə gəlib bizə deyə bilməzsiniz ki, Şir və Günəş bayrağını qaldıra bilmərik,” – etiraz aksiyalarını təşkil edən fəal Arezo Raşidian bildirir. – “Bu, İran xaricindəki ən böyük iranlı icmasıdır. Çoxumuz inqilabdan sonra bura gəlmişik. Biz FIFA-nın qadağasına qarşı çıxırıq və İran xalqı ilə həmrəy dayanırıq.”

Diasporun böyük hissəsi İrandakı rejimə qarşıdır və yığmanı da bir növ İslam Respublikasının uzantısı kimi görənlər az deyil.

“Rejim idmançıları tribun kimi istifadə edəndə bu çox üzücüdür,” – Raşidian deyir. – “Biz istəyirik ki, idmançı idmançı olaraq qalsın.”

Yenə də o və onun kimilərin çoxu stadiona gedəcək. Səbəb sadədir: onlar bu futbolçuların üzərinə düşən təzyiqi anlayır.

“Onların hansı təzyiq altında olduğunu başa düşürük. Öz rənglərimizi daşıyacağıq. İran üçün – İslam Respublikası tərəfindən girov saxlanılan ölkə üçün – alqışlayacağıq,” – deyə o vurğulayır.

Stadiona qədər siyasət, meydanda yalnız top?

Stadionun bayırında şüarlar, bayraqlar, etirazlar. İçəridə isə İran yığmasının iddiasına görə yalnız futbol.

“Milli komandanın oyunçuları kimi biz hər bir iranlı üçün oynayırıq – istər diasporada, istər İranda,” – Mehdi Taremi deyir. – “Hər ölkədə insanlar müxtəlif fikirlərə malikdir. Biz bura insanları birləşdirməyə, sevinc gətirməyə gəlmişik. Hər kəsin öz fikrinə haqqı var. Biz siyasətə qarışmırıq.”

Bu, ideal tablodur. Kağız üzərində gözəl görünür. Amma bu komanda üçün stadionun qapısından siyasəti kənarda qoymaq, demək olar ki, mümkünsüz missiyaya çevrilib.

Araşdırmaçı futbol jurnalisti Samindra Kunti vəziyyəti qısa və sərt şəkildə təsvir edir: “İran yığması üçün burada qazanmaq yoxdur.”

Onun arqumenti sadədir: mövcud şərait, siyasi təzyiq, oyunların keçirildiyi məkan, Los Ancelesdəki diaspora – bütün bunlar komandanın çiyinlərinə ağır yük qoyur.

“Burada siyasətdən qaçmaq mümkünsüzdür. Hər şey onların durumunu xatırladır,” – Kunti deyir.

Top hələ oyuna daxil olmayıb, təzyiq isə zirvədədir

Bu futbolçular eyni anda üç cəbhədən sıxılır: vətəndən gələn gözləntilər, ev sahibi ölkənin siyasi fonu və səsini eşitdirməkdə israrlı diaspora.

Hələ top mərkəzdən oyuna daxil olmayıb. Qapılara ilk zərbə vurulmayıb. Amma İran yığması artıq Dünya Kubokunun ən ağır oyunlarından birini yaşayır.

İndi sual budur: SoFi Stadium qazonunda səs-küy, şüarlar, bayraqlar arasında bu komanda sükutu, sadəcə futbolun səsini tapa biləcəkmi?