Eduardo Camavinga: Real Madrid'de qalmaq istəyir, Manchester United gözləyir
“Real Madrid”də yay pəncərəsi sakit keçməyəcək. Klub maliyyə balansını düzəltmək üçün ən azı bir böyük satış axtarır və rəhbərlik bu siyahının başına gözlənilməz bir adı yazıb: Eduardo Camavinga.
Fransalı yarımmüdafiəçi “Santiago Bernabéu”da əsas heyətdəki yerini itirdikdən sonra rəhbərliyin gözündə satıla bilən, amma komandanın onurğa sütununa çevrilməmiş ideal aktivə çevrilib. Klub hesab edir ki, yüksək bazar dəyəri olan, lakin hələ ulduz statusunu tam möhkəmləndirməmiş oyunçudan yaxşı gəlir əldə etmək mümkündür.
Camavinga isə tamam başqa ssenari yazır.
Klub satmaq istəyir, oyunçu qalmaq
Madrid rəhbərliyi yay transfer planlarını genişləndirmək üçün məhz bu satışa bel bağlayır. Yeni imzalar üçün maaş büdcəsində və transfer xərclərində yer açılmalıdır və Camavinga bu strategiyanın mərkəzinə qoyulub.
Amma 21 yaşlı futbolçu üçün bu, sadəcə rəqəmlərdən ibarət məsələ deyil. O, açıq şəkildə mövqeyini göstərib: getmək niyyətində deyil. Hər nə bahasına olursa-olsun, “Real Madrid”də qalmaq və əsas heyətdəki yerini geri almaq istəyir. Gözünü də bir adama dikib – Jose Mourinho.
Portuqaliyalı mütəxəssis üçün qarşıdakı hazırlıq dönəmi həlledici olacaq. Camavinga məhz bu toplanışda onu inandırmaq, yenidən mərkəz xəttinin aparıcı fiqurlarından birinə çevrilmək niyyətindədir. Klub satmaq üçün təzyiq edir, futbolçu isə meydanda cavab vermək istəyir. Ziddiyyət də elə buradan başlayır.
“Manchester United” fürsəti qoxulayan qandaldı
Bu gərgin fon Premyer Liqa klublarını hərəkətə gətirib. Son günlərdə bir neçə İngiltərə təmsilçisinin Camavinga ilə maraqlandığı bildirilirdi, amma ən ciddi siqnal “Old Trafford”dan gəlib.
Məlumata görə, “Manchester United” daxilində fransalı yarımmüdafiəçi yeni mövsüm üçün real transfer variantı kimi müzakirə olunub. Fabrizio Romano da klubun Camavinga ilə bağlı həqiqi marağını təsdiqləyib: “United” mərkəz xəttini gücləndirmək üçün onu konkret hədəf kimi görür və təklif hazırlamağa hazırdır.
Lakin burada bir maneə var və o, nə “Real Madrid”, nə də “Manchester United” adlanır. Bu transfer yalnız bir şərtlə baş tuta bilər: Camavinga özü Madridə əlvida deməyə razı olmalıdır. Hazırkı mənzərə isə tam əksini göstərir. Fransalı oyunçu ayrılıq variantını hətta masaya qoymaq istəmir, “gedə bilərəmmi?” sualını belə özünə vermir.
İngiltərə nəhəngi gözləyir, Madrid rəhbərliyi hesablayır, amma top hələ ki, futbolçunun ayağındadır.
Dünya Çempionatı yox, erkən dönüş və ağır iş
Camavinga üçün son aylar həm də fərqli ritmdə keçib. O, Fransa millisinin FIFA Dünya Çempionatı üçün heyətinə çağırılmadı və bir çox komanda yoldaşından fərqli olaraq, uzun turnir marafonuna qoşulmadı. Kağız üzərində bu, ideal istirahət şansı idi.
O isə başqa yol seçdi.
Fransalı yarımmüdafiəçi istirahətini tamamilə buraxmasa da, böyük hissəsini fərdi hazırlığa həsr edib. Klub bazasına planlaşdırılandan daha tez qayıdıb, fiziki durumunu və oyun ritmini bərpa etmək üçün əlavə məşqlərə başlayıb. Məqsəd aydındır: yeni mövsümə elə formada girmək ki, Jose Mourinho üçün sual qalmasın.
Bu, sadəcə “özünü göstərmək” cəhdi deyil, karyerasının Madrid mərhələsi uğrunda açıq mübarizədir. Klub onu maliyyə aləti kimi görməyə başlayıbsa, Camavinga özünü meydanda zəruri fiqura çevirməyə çalışır.
Qarşıda nə dayanır?
İndi əsas sual budur: tərəflərdən birinin mövqeyi dəyişəcəkmi?
“Real Madrid” Camavinga ilə yolları yalnız bir halda ayırmağa hazırdır – əgər bu satış yayda yeni mərkəz xətti transferinə qapı açsa. Yəni fransalının taleyi birbaşa klubun transfer planlarından asılıdır. Madrid rəhbərliyi yeni yarımmüdafiəçi üçün ciddi addım atmasa, gənc oyunçunu itirməyə tələsməyə bilər.
Camavinga isə meydanda cavab vermək, öz adını bu planların kənarında deyil, mərkəzində yazdırmaq niyyətindədir. “Manchester United” kimi nəhəng klub qapını döyür, bazar şərtləri satış üçün ideal görünür, amma bəzən bir futbolçunun inadkarlığı bütün transfer strategiyasını dəyişə bilir.
Bu yayda üstün gələn nə olacaq: klubun hesab kitabı, yoxsa gənc yarımmüdafiəçinin “Bernabéu”da özünü sübut etmək israrı?




