Ekvadorun 19 Oyunlu Məğlubiyyətsiz Seriyası Singonun Qolu ilə Qırıldı
Ekvadorun seriyası Singonun reydi ilə qırıldı
Moises Caicedo mərkəzdə oyuna ağırlığını qoymuşdu, Ekvador isə meydana uzun aylardır daşıdığı qürurla çıxmışdı. Sentyabr 2024-dən bəri məğlub olmayan komanda, bu dəfə də öz ritmini tapmış görünürdü. Topa daha çox sahib olan, daha iti hücumlar quran tərəf onlardı.
Birinci hissə boyu təhlükə qoxusu əsasən Afrika qapısından gəlirdi. John Yeboah ilk xəbərdarlığı verdi – cərimə meydançasının kənarından vurduğu zərbə dirəyə dəyib geri qayıtdı. Az sonra səhnəyə Alan Minda çıxdı. Epizodun başlanğıcında Caicedonun özünəməxsus, sərt, amma təmiz müdaxiləsi topu yüksəkdə qopardı, hücum dalğası başladı. Minda qol vəziyyətinə qədər getdi, qapıçı ilə üz-üzə epizodda yenə qapı çərçivəsini silkələdi. İki dəfə dirək, iki dəfə qaçan fürsət. Ekvador meydanda üstün, tablodasa yox idi.
Fil Dişi Sahili isə sadəcə müdafiə olunmurdu. Onlar da arada zərbəni yoxlayır, Ekvadorun arxaya atdığı addımı cəzalandırmağa çalışırdı. Sürətli keçidlər, cinahlardan qaçışlar, hər an oyunun istiqamətini dəyişə biləcək hücumçular. İlk hissə qolsuz bitsə də, ritm yüksəlmişdi, növbəti səhvin baha başa gələcəyi hiss olunurdu.
Fasilədən sonra ssenari dəyişmədi, amma tarazlıq bir anın içində alt-üst ola bilərdi. Elye Wahi bunu az qala reallaşdırırdı. Cərimə meydançasında aldığı ötürməni dərhal qapıya yönəltdi, top yenə qapı tirinə dəyib qayıtdı. Bu dəfə bəxt Ekvadorun tərəfində idi. Oyunun hər iki komandaya “dirək zərbəsi” vurduğu bir axşam idi.
Dəqiqələr keçdikcə, sanki heç kim riskə son həddi qədər getmək istəmirdi. Yorğunluq artdı, boşluqlar açıldı, amma son toxunuşlar çatmırdı. Qolsuz heç-heçə, 19 oyunluq seriyanı belə “yarı-qələbə” kimi qoruyub saxlamaq ehtimalı güclənirdi.
Sonra isə sağ cinahda bir anlıq boşluq hər şeyi dəyişdi.
Wilfried Singo sağdan güclü reydə başladı. Addımlarını xırdalatmadı, müdafiəçiləri arxasında qoydu, cərimə meydançasına daxil olub başını qaldırdı. Qərar ani idi, amma dəqiq: topu geri, sərt şəkildə Amad Dialloya ötürdü. Diallo isə düşünməyə belə ehtiyac duymadı. Bir toxunuş. Aşağı, küncə, qapıçı üçün əlçatmaz nöqtəyə.
90-cı dəqiqə. Bir zərbə – və Ekvadorun 19 oyunluq məğlubiyyətsiz yürüşü oradaca dayandı.
Ekvador üçün bu, təkcə nəticə deyildi, ritmin qırılması idi. Oyunun böyük hissəsində daha təhlükəli görünən komanda, son saniyələrdə cəzalandı. Futbolun köhnə qanunu yenə işə düşdü: vurmasan, vuracaqlar.
İndi növbəti həftə Curacao ilə qarşılaşma gəlir. Həmin Curacao ki, eyni gün Almaniyaya 1:7 hesabı ilə uduzdu. Kağız üzərində rəqib əlçatan görünə bilər. Amma 19 oyundan sonra gələn bu zərbədən sonra əsas sual başqadır: Ekvador bu məğlubiyyəti silkələnmək üçün siqnal kimi qəbul edəcək, yoxsa seriyanın sonu daha böyük enişin başlanğıcına çevriləcək?




